Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Rövşən Ağayev: Müəllimlərə dövlət qulluqçusu statusu islahatlar aparıldıqdan sonra verilməlidir
23.04.11 15:43

“Müəllimlərin və həkimlərin dövlət qulluqçusu statusu alması ilə bağlı təkliflər xeyli müddət idi ki, vətəndaş cəmiyyəti institutları tərəfindən səsləndirilirdi”. Bunu “KƏLAMİNFO”ya son günlər müzakirə olunan müəllim və həkimlərin dövlət qulluqçusu hesab edilməsi məsələsini şərh edərkən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyib. Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 20-də sərəncam imzalayaraq dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanmasını tapşırıb. R.Ağayevin sözlərinə görə, dünyanın bir çox ölkəsində xüsusilə müəllimlərin dövlət qulluqçusu statusu var: “Bu statusun çoxsaylı təminatı var. Maddi təminatlar öz yerində, amma dövlət qulluqçusu statusunun həm də bir psixoloji tərəfi var. Bütün dünyada dövlət qulluqçuları cəmiyyəti idarə edən, cəmiyyətə yön verən intellektual bir kəsimdir. Bu gün Azərbaycanda dövlət qulluqçularının həm əməkhaqqı, həm pensiya, həm də digər maddi təminatları kifayət qədər yüksəkdir. Təbii ki, müəllimlər, həkimlər bu statusu qazandıqdan sonra o maddi təminatlar həm də onlara aid olacaq. Amma bu o demək deyil ki, müəllim və həkimlər status alandan sonra dərhal digər dövlət qulluqçuları kimi çox yüksək əməkhaqqı ilə təmin olunacaq. Bu, çətin olar. Ona görə də bəzi ölkələrdə nisbətlər müəyyənləşdirilir. Yəni tutaq ki, təhsil, səhiyyə işçilərinin əməkhaqqı ali ranqlı məmurların əməkhaqqısının, məsələn, 70-75 faizi civarında tarifikasiya olunur. O baxımdan burda əsas məsələ statusun verilməsidir. Bu isə xüsusilə Azərbaycan reallığında asan məsələ deyil”. R.Ağayevin fikrincə, ilk növbədə müəllim peşəsinin nüfuzunu artırmaq lazımdır: “Məsələn, bu gün 200-250 balla ali məktəbə qəbul olunan müəllim peşələri var. Müəllimliyə qəbul məsələsinə ciddi standartlar müəyyənləşdirmək lazımdır. Hüquq, tibb fakültələrinə çox yüksək ballar tələb olunur, amma 250 balla müəllim peşəsinə sahib olmaq mümkündür. Mən düşünürəm ki, həm həkim, həm də müəllim peşəsinə qeyri-ənənəvi yanaşma tətbiq etmək olar. Həmin peşələrə minimum keçid balı qoyula bilər. Digər bir məsələ ondan ibarətdir ki, bizdə xüsusən orta məktəblərdə müəllimlərin sayı normadan təxminən 40 faiz çoxdur. Bir müəllimə düşən şagird hesabına görə Azərbaycan orta Avropa göstəricisini təxminən 40-45 faiz üstələyir. Müəllimlərin sayının çox olması da son 10-15 ildə baş verib. Həm də müəllim əməyi xüsusən xanımlar üçün rahat iş yeri olduğuna görə valideynlər övladlarını o istiqamətə yönəltməyə üstünlük veriblər. Hökumət isə əslində, tələbatla ixtisas sayı üzrə müəllim yerini düzgün hesablaya bilməyib. Bu məsələ də mütləq öz həllini tapmalıdır. Təsəvvür edin, təkcə orta məktəblərdə 170 min nəfərdən artıq müəllim çalışır. Heç bir attestasiya sistemi olmadan, o müəllimlərin hamısının bu adı daşımağa layiq olduğunu öyrənmədən indiki kontingentə dövlət qulluqçusu statusunun verilməsinin tərəfdarı deyiləm. Müstəqil attestasiya sistemi qurulmalıdır, qeyd edilən islahatlar getməlidir. O halda bu statusu verməklə cəmiyyətdə müəllimin nüfuzunu artırmaq olar”. Dövlət qulluqçuları pensiyaya çıxdıqda da əlavə təminatları olur. R.Ağayevin sözlərinə görə, bu statusun daşıyıcıları pensiyaya çıxarkən təmsil olunduqları vəzifədə verilən əməkhaqqının 80 faizi məbləğində pensiya alır: “Onların pensiyası həmişə indeksasiya olunur. Yəni şəxs işdən çıxdıqdan sonra da tutduğu vəzifədə əməkhaqqı artdıqca onun pensiyası avtomatik olaraq indeksasiya edilir. Bu baxımdan dövlət qulluqçularının pensiya təminatı yaxşıdır”.
URL / WWW
http://kelam.az/news/a-3287.html