...Onların əsrarəngiz ifasını dinləyərkən özümü bir anlıq gözəllik və qüdsiyyət içində hiss etdim. Qəribə müqayisə hafizəmdə canlandı. Eşitdiyim bu sədaları, pislik, paxıllıq və yalan ilə "müşayiət" olunmayan insan ömrünə bənzətdim. Lakin, arxaya dönüb tamaşaçı zalına göz gəzdirdikdə, bu mücərrəd halımdan dərhal ayrıldım. Anladım ki, yaşadığımız həyat yalnız düşündüyüm dəyərlərdən ibarət olsaydı, yəgin ki, C.Cahangirovun, V.Adıgözəlovun və E.Dadaşovanın əsərlərinin səsləndiyi konsertdə dinləyicilərin sayı daha çox olardı. Təəssüf...
Məlum olduğu kimi, incəsənətin vəzifəsi insanlara estetik tərbiyəni, yüksək zövqü, zəngin mənəviyyatı tərənnüm edərək, onların intellektual inkişafına, mənfiliklərdən uzaqlaşıb, kamil insan kimi formalaşmasına kömək etməkdədir. Bəs, belə bir incəsənətə sahib olduğumuz halda, axı niyə biz insan zövqünü korlayan, mənəvi dəyərlərinin itkisinə xidmət edən "sənət nümunələrinin" sayca çox olan tamaşaçı auditoriyasının üstünlük təşkil etməsinin şahidi oluruq?
Bütün bu müqayisə və hisslərə qapılmağıma səbəb, bu ilin aprelində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının zalında Azərbaycan Dövlət Xor Kapellasının ifasında keçirilən konsert proqramı oldu.
Konsertə Azərbaycan bəstəkarlarının orta nəslinin görkəmli nümayəndələrindən biri, Elnarə xanım Dadaşova tərəfindən dəvət olunmuşdum. İki hissəli konsert proqramının ikinci hissəsi məhz E.Dadaşovanın əsərlərindən ibarət idi.
Gecənin yüksək səviyyədə keçməsində şübhəsiz ki, kollektivin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının xalq artisti Gülbacı İmanovanın böyük rolu olub. Həmin axşam isə konsertin idarə olunması kapellanın xormeysteri Yulizana Kuxmazovaya həvalə olunmuşdu. O da, bu işin öhdəsindən məharətlə gəlmişdi.
Konsert proqramının ümumi mövzusunu "milliliyin və müasirliyin vəhdəti" adlandırmaq olardı. Sözügedən gecədə əsasən xalq sözlərinə yazılmış əsərlər səsləndi. İstər qadın, istərsə də qarışıq xor üçün nəzərdə tutulmuş əsərlər arasında daha çox diqqəti çəkən, məhz milliliyi və müasirliyi özündə ehtiva edən, Azərbaycan ladları üzərində bəstələnmiş fuqalar kapella tərəfindən vokaliz şəklində ifa olundu. Eləcə də "Diptix"- Avropasayağı prelüd və fuqa ikiliyi: yeni bir məzmunda, xalq sözlərinə "Yel əsir"(prelüd) və "Əsmə səba yelləri" (fuqa) təqdim olundu. Elnarə Dadaşovanın bu konsertdə səslənən əsərlərinin demək olar ki, hamısı müşayiətsiz, yəni a kapella oxunurdu. Konsertdə bəstəkarın "Xoral"ı da səsləndi. Məlumdur ki, "Xoral" əslən Avropa janrıdır. Elnarə Dadaşovanın bizim musiqilə çox gözəl səsləşən- müşayiətsiz qarışıq xor üçün bəstələdiyi vokaliz, "Xoral" öz növbəsində təbii bir sintez üzərində qurulmuşdu və ifa olunarkən gözəl təəssürat yaratmışdı. Sonda isə "Alqış qeyrətinizə" qarışıq xor üçün bəstələnmiş miniatür ifa olundu. Bu müşayiətlə səslənən yeganə əsər idi. Öncə milli musiqi alətimiz olan sazda 4 xanə "Misri" havası çalındı. Daha sonra isə işğal altında qalan torpaqlarımızın azad edilməsinə, namus, qeyrət intiqamına qaldıran "çağırış" səsləndi. Bu əsər tamaşaçı-dinləyicilər tərəfindən xüsusi coşqunluq və sürəkli alqışlarla qarşılandı. Şübhəsiz ki, "Alqış qeyrətinizə" müəllifin qəlbindəki Vətən sevgisini, torpaq itkisinə qarşı etiraz və üsyanını tərənnüm edən harayı idi.
40 il davam edən yaradıcılıq fəaliyyətində musiqinin bir çox janrlarına müraciət edərək, yazdığı 100-dən artıq əsər (simfoniya, fortepiano və Böyük Simfonik orkestr üçün konsert-simfoniya, iki royal üçün "Konsertino", balet, baletdən simfonik süitalar, xor bəstələri, vokal-instrumental əsərlər, kvartetlər, fortepiano, orqan, xalq çalğı alətləri üçün musiqiləri və s.) müəllifin incəsənətimizə olan töhfəsidir. Elnarə xanımın qələmindən çıxan bəstələr bitməz-tükənməz yaradıcılıq enerjisinin bariz nümunəsidir. Axı bu enerjinin qaynaqlandığı böyük bir təməl var - dahi Qara Qarayev məktəbi. Dünya şöhrətli bəstəkarın fəzilətini sanki öz yaradıcılığında təcəlla etməyə qadir Elnarə xanım, onun ən layiqli yetirmələrindən biridir.
Onun haqqında mətbuat səhifələrində kifayət qədər məlumatlar yerləşdirilsə belə, qısa da olsa bioqrafik bilgilər vermək istərdim. Buna ehtiyac duyulduğuna görə deyil. Sadəcə, E.Dadaşova haqqında yazılanların şişirdilmiş pafosa deyil, zəngin musiqi yaradıcılığından qaynaqlanan təsviri bir daha xatırladıb, təsdiqləmək üçün.
Bu günün tanınmış bəstəkarı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi nəzəriyyəsi" kafedrasının professoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Dadaşova Elnarə Rəhim-Ağa qızı 1952-ci ildə içərişəhərli Dadaşovlar ailəsində anadan olmuşdur.
Atası Rəhim-Ağa Dadaşov inşaat mühəndisi olmağına baxmayaraq musiqini çox sevmiş, xalq mahnılarını, muğamları böyük həvəslə dinləyərdi. Elnarə xanım valideynləri ilə bağlı xatirələrindən danışarkən, qayğısız uşaqlıq və yeniyetməlik illərini belə xatırlayır: "Atam çox dəqiq eşitmə qabiliyyətinə və yaxşı musiqi yaddaşına malik idi. O, gənc yaşlarında musiqini eşidib, notsuz tam dəqiqliklə truba alətində ifa edə bilirdi. Güclü musiqi yaddaşı və absolyut eşitmə qabiliyyəti mənə məhz atamdan keçib. Eyni zamanda onun qrafik üsul ilə rəsm çəkmək bacarığı da var idi. Vaxtilə atam 19-20 yaşlarında olan anamın portretini məhz bu üsulla çəkmişdir. Bugünədək həmin rəsm əsəri evimizdə saxlanılır. Atam anamı sevir və onun tibb elmində qazandığı uğurlarına çox sevinir, onu məişət işlərindən bacardığı qədər ayırıb, köməyini əsirgəmirdi. Mən ailənin ortancıl övladıyam. İlkimiz, böyük bacım Minarə, sonbeşiyimiz isə Gülnarədir. Hazırda Minarə ADPÓ-nin musiqi alətləri fənlərinin tədrisi metodikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, "Tərəqqi" medalı ilə təltif olunmuş xanımdır. Bacım Gülnarə isə Mərkəzi Dənizçilər xəstəxanasında həkim-terapevt, Azərbaycan Dövlət Tibb Óniversitetinin daxili xəstəliklər kafedrasında əcnəbi tələbələrə daxili xəstəliklər fənnini ingilis dilində tədris edir.
Anam Sayalı xanım Tağıyeva Azərbaycanın gözəl guşələrindən biri Şuşada doğulmuş, altıncı sinifdə oxuyarkən ailəsilə birgə Bakıya köçmüşdür. O, Azərbaycanın "Şöhrət" ordenli əməkdar həkimi, uzun müddət Azərbaycan Tibb Óniversitetinin pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının professoru, ÛÛ Hospital terapiya kafedrasının müdiri olmuşdur. Eyni zamanda, Sayalı xanımın ədəbiyyata da xüsusi vurğunluğu var idi".
Dərin elmi bilgilərə və gözəl poetik dilə sahib olan bu xanım, qızının sənət yolunda ona böyük dəstək olmuşdur. Elnarə xanımın bəstələdiyi ilk romansının sözləri məhz anasına aiddir. Özünün təbirincə desək: "Anam yazdığı misraları öz anası Rəxşəndə xanıma, mən isə bəstələdiyim musiqini ona həsr etdim." (Bir az qabağa qaçıb qeyd etmək istərdim ki, Elnarə Dadaşovanın "Ana" romansını müasir gənc ifaçılarla yanaşı, vaxtilə Respublikanın xalq artisti Şövkət xanım Ələkbərova da ifa etmişdi.)
Sayalı xanım haqqında söhbət edərkən, çox maraqlı bir fakt diqqətimdən yayınmadı. Belə ki, Elnarə xanım deyir:
- Anam incə qəlbli bir insan idi. Bu incəlik onun şeirlərində də öz təcəssümünü tapa bilirdi. Yaxşı yadımdadır, anam söyləyirdi ki, dahi H.Cavidin oğlu, Ərtoğrul Cavidlə eyni məktəbdə oxumuşlar və dram dərnəyinin fəal üzvləri idilər. Ədəbi dərnəkdə iştirak edən anam, öz şeirlərini o zamanlardan yazır. Anamın da, Ərtoğrulun da qələmindən çıxanlar dram dərnəyinin üzvlərinə xoş təsir bağışlayardı. Beləliklə, çox illər sonra bizim də ədəbi-musiqili bir mühitdə daima maariflənmək, öyrənib-öyrətmək həvəsi, tükənməz yaradıcılıq eşqilə coşub-qaynayan həyatımız var idi. Mən belə bir ailədə tərbiyə almışam. Əsl Azərbaycan ailəsinin nümunəsi hafizəmdə məhz bu cür canlanır: övladlarının sağlamlığını, gözəl əxlaqını və yüksək intellektual səviyyəsini təmin edən və keşiyində duran Böyüklərlə!
Pianonun ağ-qara dillərindən qopan əsrarəngiz sədaların gözəlliyinə balaca Elnarə uşaqlıqdan vurulmuşdu. Böyük bacısı Minarənin musiqi məktəbində oxuduğu illərdə bu alətdə çaldığı musiqi təranələri onun qəlbinə ilk yaradıcılıq toxumlarını səpirdi.
Nəhayət, 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində olan Bülbül adına musiqi məktəbinə qəbul olunması, milliyyətcə latış olan Qudelis İvetta Adolfovnadan aldığı ilk musiqi təhsili, balaca qızın gözəlliyə vurğun qəlbinin dərinliyindən gələn musiqili səslərin onun ilk əsərinə çevrilməsinə səbəb oldu. Bu, fortepiano üçün sonatina və kiçik variasiyalar idi.
İstedadlı qızın bu qabiliyyəti məktəbin direktoru Nazim Əliverdibəyovun da nəzərini cəlb edir. O, Elnarəyə bəstəkarlıq üzrə uşaq yaradıcılıq sinfində məşğul olmağı məsləhət görür. Bülbül adına orta ixtisas musiqi məktəbinin 9-cu sinfində təhsil alarkən Elnarə Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Ədilə Hüseynzadənin yanına gəlir. Ədilə xanım Elnarəni bir bəstəkar kimi istiqamətləndirir. İl yarım Ədilə Hüseynzadənin sinfində oxuyarkən, o, demək olar ki, hər dəfə dərsə yeni əsərlərlə gəlirdi. Ədilə xanımın uşaq yaradıcılıq sinfində təlim keçməzdən öncə gənc Elnarənin bəstələdiyi əsərlər "Şopensayağı" səslənirdi. Sonralar isə Ədilə xanımın tövsiyəsilə gənc bəstəkar-qız milli ruhda çox sayda əsər yazır: 16 prelüd, 12 variasiya, iki fortepiano üçün pyes, simli alətlər üçün dörd hissəli kvartet, "Bəxtiyar" kapellası, "Ana" romansı, bir neçə uşaq mahnısı və s.
1970-ci il. E.Dadaşova Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indi BMA-nın) bəstəkarlıq fakültəsinə qəbul olunur və dünyaşöhrətli Azərbaycan bəstəkarı, dahi şəxsiyyət, akademik Qara Qarayevlə ilk görüşü baş tutur. O zaman Elnarənin 18 yaşı var idi. Qara müəllim gənc qızın bir il yarım müddətində bəstələdiyi əsərlərin hamısını diqqətlə dinləyir və onun yaradıcılıq fəaliyyətində nəzərə çarpacaq dərəcədə inkişaf prosesinin getdiyini bildirir. Beləliklə də Qara Qarayev elə ilk dərsdə Elnarə Dadaşovanın da nə zamansa böyük bəstəkar ola biləcəyini ona bütün səmimiyyəti ilə söyləyir.
Təbii ki, Qara müəllim kimi fenomenal bir şəxsiyyətdən mütəmadi olaraq yüksək qiymətə və dəyərə layiq görülən gənc Elnarənin sevincinin həddi-hüdudu yox idi. Bu gün də Qara Qarayevin musiqisi səslənəndə, adı çəkiləndə, onun simasını sənədli filmlərdə görəndə, hətta hər hansısa yazısını oxuyanda Elnarə xanım etiraf edir ki, "...mən onu düşünəndə belə sanki yeni, coşqun yaradıcı enerji ilə yüklənirəm".
Tələbəlik illərindən özünü parlaq istedada malik bəstəkar kimi göstərə bilən Elnarə Dadaşovanın 1972-ci ilin mart ayında "Şüştər" lad-məqamı əsasında variasiyaları televiziya efirində səsləndirilir. Bu, gənc bəstəkar üçün böyük sevinc və uğur idi. Təhsil aldığı illər ərzində o, fortepiano prelüdlərinin, 7 vokal əsərin, 2 saylı kvartetin, iki royal və zərb alətləri üçün "Konsertino"nun, fortepiano və BSO üçün "Konsert-simfoniya"nın, skripka və fortepiano üçün sonatinanın, bir neçə uşaq mahnısının müəllifi olub. O illərdə Alma-Ata şəhərində gənc musiqiçilərin elmi-nəzəri konfransında iştirak edərək, Azərbaycan bəstəkarlarının yaradıcılığında prelüd janrı mövzusunda məruzə oxumuş və Q.Qarayevin, F.Əmirovun, E.Nəzirovanın əsərləri ilə yanaşı öz əsərlərini də ifa etmişdi. 1973-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının ÛV qurultayında onun 4 hissədən ibarət "Simli kvartet"i səslənir. Bu əsər haqqında 1974-cü ildə "Sovetskaya muzıka" jurnalının 5-ci sayında (N5, 26 səh.) L.V.Karaqiçevanın geniş müsbət rəyi dərc olunmuşdur.
Elnarə Dadaşova 1975-ci ildə Qara Qarayev sinfi üzrə konservatoriyanı Fərqlənmə diplomu ilə bitirir. Elnarə xanımın fortepiano və böyük simfonik orkestr üçün bəstələdiyi 3 hissəli "Konsert-simfoniya" onun diplom işi idi. Bu əsər Leninqradlı musiqişünas professor A.N.Dmitriyev tərəfindən yüksək qiymətləndirilmiş və 1975-ci ildə Azərbaycan Respublikası Ali məktəblərinin yaradıcılıq fakültələrini bitirən məzunların diplom işlərinin müsabiqəsində Û dərəcəli diplomla təltif olunmuşdu. Hətta A.N.Dmitriyev Elnarəni Leninqrad konservatoriyasının bəstəkarlıq üzrə aspiranturasında təhsilini davam etdirməyə dəvət edir. Lakin gənc bəstəkar sevimli ustadından ayrılmağı təsəvvürünə belə gətirə bilməzdi. Belə ki, 1975-1977-ci illərdə o, yenə də Qara müəllimin sinfində asistent-stajçı kimi təhsilini davam etdirir. Konservatoriyada və aspiranturada oxuduğu illərdə Elnarə xanım tələbə və gənc alimlərin Elmi Cəmiyyətlərinə rəhbərlik etmiş, mütəmadi olaraq respublika və keçmiş SSRİ-nin konservatoriyalarında keçirilən elmi-metodik konfranslarda çıxışlar etmiş və mükafatlandırılmışdır. Elə həmin dövrdən (1977-ci ildən) SSRİ Bəstəkarlar İttifaqının üzvləri sırasına qəbul olunur.
Elnarə xanım tələbəlik illərində gənclər təşkilatının xətti ilə Polşaya səyahətə gedir. Gəzinti zamanı, turistlər arasında cavan mühəndis ona aşiq olur və bu təsadüfi görüş Elnarə xanımın həyatında daha bir dönüş-ailə qurması ilə nəticələnir. Ailə qurmaq kimi tale yüklü məsələlərdə də ata qəlbli ustadı Qara müəllim Elnarənin yaddaşında dəyərli öyüd-nəsihətləri ilə əbədi həkk olunub. Gərgin və məsuliyyətli yaradıcılıq fəaliyyətində, analıq borcunu gözəl yerinə yetirməsində Elnarə xanımın həyat yoldaşı bu günədək ona dəstək olur. Özünün dediyi kimi: "Günümün əsas hissəsini mən ailəmə və tələbələrimə həsr edirəm. Axşamları isə yaradıcılığım üçün saxlayıram."
Onun çoxşahəli yaradıcılığında fortepiano əsərləri mühüm yerlərdən birini tutur: "24 prelüd" silsiləsi; iki royal üçün "Konsert", "Süita"; iki royal və zərb alətləri üçün "Konsertino", Azərbaycan xalq muğam ladlarında ÛÛ dəftərdən ibarət Fuqa silsiləsi və s. O, digər alət və heyətlər, xor və kamera orkestri üçün pyes və fuqalar da bəstələmişdir. Məsələn: orqan, klavesin, xor, kamera orkestri üçün fuqalar və başqaları. Elnarə xanım xalq çalğı alətlərinə xüsusi maraq göstərərək, bu sahədə də bir çox əsərlər bəstələyib: "Torağayın nəğməsi" adlı pyesi kamança və fortepiano üçün bəstələnmiş və 1985-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının zalında ilk dəfə ifa olunmuşdur; 6 tar üçün "Rəqs", tar və fortepiano üçün "Süita", tenor və xalq çalğı alətləri üçün "Döyüş cəngisi" və s. Respublikanın xalq artisti, sevimli sənətkarımız Elmira Rəhimova, Elnarə xanımın yazdığı "Mənim Tanrım", "Bayatım mənim", "Ürəyinə vuruldum" kimi mahnıların xalq çalğı alətləri ansamblının müşayiətilə mahir ifaçılarından biri olmuşdur.
Vokal musiqisinə məxsusi önəm verən bəstəkar xanım, vokal silsilə də yaradıb. Bu silsiləni o, "Qadın ömrünün səhifələri" adlandırıb. Müəllif N.Gəncəvi, M.Füzuli, H.Cavid, Ə.Cavad, S.Vurğun, B.Vahabzadə kimi dahilərin söz dünyasına müraciət edərək, "Rəngim döndü sənsiz", "İlk bahar", "Vüqarlı dağları sevirəm", "Sana düşüb meylim" və digər romanslar kimi ölməz sənət nümunələri yaratmışdır. Vətənpərvərlik mövzusunda bəstələnən mahnılar ("Biz Vətən əsgərləriyik", "Vətən nəğməsi", "Qalx döyüşə, Azərbaycan", "Vətən keşiyində duran əsgərəm"), bəstəkarın sonsuz Vətən eşqini, torpaq təəssübkeşliyini tərənnüm edir.
Əsərlərin siyahısı ilə tanış olduqdan sonra insanda bu musiqiləri dinləmək həvəsi və zəruriyyəti yaranır. Və nəhayət, onları dinlədikdən sonra alınan təəssüratın və keçirilən hisslərin məhdudiyyətsizliyi isə yazılan bir məqalənin əhatə çərçivəsinə sığmır. Elnarə xanımın milli ruha- muğam və aşıq musiqisinə söykənən böyük sənətinin bəzi üslub xüsusiyyətlərini hörmətli musiqişünaslarımızın onun haqqında yazdıqları tədqiqatlara müraciət edərək, təqdim etmək qərarına gəldim. Belə ki, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə "Elnarə Dadaşovanın nurlu səslər aləmi" sərlövhəli məqaləsində ("Musiqi dünyası" ¹1,2012) yazır: "Bəstəkarın üslubunu səciyyələndirən ən maraqlı əsərlərdən biri iki fortepiano və zərb alətləri üçün "Konsertino"dur. Burada Elnarə Azərbaycan xalq çalğı ifaçılığı- sazəndə dəstəsinə xas üsul və fəndləri quraşdırdığı ansambla proyeksiya edir, konsert janrının tələblərinə uyğun olaraq yarış elementini qabardır, bütün musiqi toxumasını isə neoklassisizm üslubundan irəli gələn vasitələrlə uzlaşdıraraq əsərə əlavə bir təravət bəxş edir. Nəticədə biz məxsusi oyun atmosferinə qatılır və üç bərabərhüquqlu alətin ixtiraçılığı ilə seçilən virtuoz söhbət-yarışmasını maraq və heyranlıqla izləyirik."
"...İllər ötür, amma Elnarə musiqisinə xas ümdə cəhətlər-pozitiv energetika, melodik obrazın görümlülüyü, intonasiyanın səmimiliyi, tembrlərə həssas münasibət, musiqi alətlərinin söhbətini ustalıqla təşkil etmək bacarığı hər zaman özünü büruzə verir."
Elnarə xanım üslub əlvanlığı ilə seçilən zəngin yaradıcılıq fəaliyyətini gözəl müəllimlik işi ilə də uzlaşdıra bilir. O, Ü.Hacıbəyli adına BMA-nın "Musiqi nəzəriyyəsi" kafedrasının ən təcrübəli və qabaqcıl müəllimlərindən biridir. Yetişdirdiyi bütün tələbələrinə xüsusi diqqət və qayğı ilə yanaşır. Hətta 1982 ildə bəstəkarlıq ixtisası üzrə onun sinfini iki gözündən əlil olan İlqar Əhmədov adlı bir gənc bitirmişdir. Bu, bəşər musiqi tarixində məlum olan ikinci hadisədir (birincisi- Bolqarıstanda baş tutub). Bəstəkarlıq kafedrasında çalışarkən ixtisas fənni üzrə onun sinfində bir çox xarici tələbələr də oxuyub. Onlardan Kövkəb Xəmzə, Əli Qəfri və digərlərinin adlarını çəkə bilərik. Elnarə xanım bəstəkarlıq kafedrasında dosent vəzifəsinə müsabiqə yolu ilə seçilib. Xanım bəstəkarın nəzəriyyəçi tələbələri də onun rəhbərliyi altında yalnız işlənməmiş, tədqiq olunmamış mövzular üzərində çalışır və yüksək peşəkarlıqla buraxılış işlərini müdafiə edirlər. Vaxtilə Ü.Hacıbəyov adına konservatoriyanın nəzdində xalq konservatoriyası fəaliyyət göstərib. Elnarə Dadaşova bu konservatoriyanın bəstəkarlıq kafedrasına rəhbərlik edib. 2009-cu ildən E.Dadaşova müsabiqə yolu ilə "Musiqi nəzəriyyəsi" kafedrasının professoru vəzifəsinə təyin olunub. O, bəstəkarlıq, musiqişünaslıq, etnomusiqişünaslıq, fortepiano və xor dirijorluğu fakültələrində "İxtisas", "Solfecio", "Harmoniya", "Polifoniya", "Musiqi metodoloqiyası", "Partitura qiraəti" fənlərini tədris edir.
Eyni zamanda, Elnarə Dadaşova həm də layiqli metodistdir. Ciddi elmi-tədqiqatla məşğul olaraq o, 30-dan artıq elmi-metodik iş yazmışdır. Onların arasında 5 dərs vəsaiti, 5 fənn proqramı, bir sıra metodik tövsiyələr və elmi məqalələr vardır. 2008-ci ildə E.Dadaşova "Azərbaycan xalq rəqs melodiyalarında yönəlmə və modulyasiyalar" mövzusunda dissertasiyasını müdafiə etmiş, sənətşünaslıq üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. Onun rəqs musiqisinin tədqiqi sahəsində yazdığı elmi işi incəsənətimizə böyük töhfədir. Dissertasiya haqqında Zümrüd xanım Dadaşzadə öz məqaləsində yazır: "Bu tədqiqatla E. Dadaşova inandırıcı surətdə isbat etdi ki, melodik rəsmin gözəlliyi, qeyri-adi plastikası, təbiiliyi ilə seçilən Azərbaycan rəqslərinin melodik quruluşunu ciddi məntiq "idarə edir". Özü də laddaxili və ya Û,ÛÛ dərəcəli qohumluq münasibətləri əsasında baş verən modulyasiyaları üzə çıxararaq, E.Dadaşova təkcə onların təzahür hallarının müxtəlifliyinin sadalanması ilə kifayətlənmir, mühüm ümumləşdirmələr edir. Məsələn, oyun havalarının forma, quruluş xüsusiyyətlərinin həmin havaların lad əsası, yönəlmə və modulyasiyalarla əlaqələndirməsinə dair E.Dadaşovanın qənaətləri məmnunluq hissi doğurmaya bilməz. "
Óşaqları hədsiz sevən Elnarə xanım mütəmadi olaraq onlar üçün müxtəlif əsərlər bəstələyir. Balaca ifaçı və dinləyicilər də onun musiqisini sevə-sevə dinləyir, həvəslə ifa edirlər. Bəstəkar uzun illərdir Azərbaycan Bəstəkarlar ittifaqının uşaq musiqisi və estetik tərbiyəsi bölməsinə rəhbərlik edir. Vaxtilə musiqi məktəblərinin tədris repertuarında olan çatışmamazlıqları nəzərə alaraq, o, bu sahəyə də üz tutmuş və bir sıra pedaqoji təcrübə kursu üzrə dərs vəsaitlərinin, uşaq mahnılarının, pyeslərin, xor, duet, ansambl və s. müəllifi olmuşdur. Hətta lap kiçik balaların belə solo, yaxud müşayiətli ifası üçün A.Şaiqin sözlərinə çox sayda mahnı-pyeslər bəstələmişdir.
1990-cı ildə E.Dadaşovanın uşaqlar üçün bəstələdiyi əsərləri SSRİ Bəstəkarlar İttifaqının repertuar komissiyası yüksək dəyərləndirərək, SSRİ Mədəniyyət və Təhsil Nazirliklərinin repertuar komissiyalarının təşkilati dəstəyilə MDB-nin təhsil ocaqlarının tədris proqramlarına daxil etdirmişdir.
SSRİ Bəstəkarlar İttifaqının Ókraynadakı Vorzel Yaradıcılıq evində keçirilən repertuar əsərlərinə aid baxışı Elnarə xanım belə xatırlayır:
- Mən Kiyev şəhərinə notlarla dolu iki böyük çanta ilə getmişdim. Öz əsərlərimlə birgə həmkarlarımın da bəstələrini aparmışdım. Hamısını da ifa etdim. Üç gün Vorzeldə Azərbaycan musiqisi səsləndi. Bu, 1990-cı ilin aprel ayında keçirilən baxış idi. Bir az sonra Bakıya gələn Aleksandr ×aykovski Bəstəkarlar ittifaqının o zamanki sədri, görkəmli bəstəkarımız, rəhmətlik Vasif müəllim Adıgözəlova Vorzeldə keçirilmiş repertuar komissiyasının üzvləri adından və şəxsən öz adından mənim bir az öncə Ókraynada Azərbaycan bəstəkarlarının repertuar əsərlərinin təqdimatından razılığını bəyan etmişdi. V. Adıgözəlov bunu mənə çatdırdı və bildirdi ki, komissiyanın üzvləri əsərlərimi çox bəyənmiş, həmkarlarıma qarşı olan diqqət və münasibətimə isə xüsusilə heyran olmuşlar. Yəni bir bəstəkarın digər bəstəkarları təbliğ etməsi onları sözün yaxşı mənasında təəccübləndirmişdi. Mənim üçün isə qeyri-adi heç nə yox idi, çünki zəngin tarixi köklərə malik Azərbaycan musiqisinin əzəmətini göstərməyi həm peşə, həmçinin də vətəndaşlıq borcu hesab edirəm.
Elnarə xanım böyük ustadı Qara Qarayevdən təkcə bəstəkarlıq sənətinin sirlərindən deyil, eləcə də onun qeyri-adi təfəkküründən məharətlə bəhrələnərək, yanaşdığı hər bir işdə yüksək nəticələrə müvəffəq olmuşdur. Bu gün o, musiqi sahəsində yorulmadan çalışaraq fəal mövqe tutur, elmi konfranslarda, televiziya və radio verilişlərində çıxışlar edir. Azərbaycan musiqi həyatında mövcud problemlər haqqında, onların həlli ilə bağlı tövsiyələrini və dəyərli fikirlərini çəkinmədən bəyan edir. Elnarə xanımla bugünkü söhbətimizi də məhz bu səmtə istiqamətləndirdik.
- Elnarə xanım, Azərbaycan musiqişünasları tərəfindən musiqi tədqiqatı və musiqi tənqidi istiqamətində aparılan işlər bizə nələri vəd edə bilər? Heç kəsdən gizli deyil ki, bu gün musiqi tənqidinə daha çox ehtiyac duyulur. Bəzən elə zəif əsərlər səslənir ki, Sizcə onların daha açıq və kəsgin tənqidi zəruri yanaşma tələb edən məsələ deyilmi? Bu sahədə hansı konkret addımlar atmağı tövsiyə edərdiniz?
- Tənqidə çox böyük ehtiyac var. Lakin gəlin görək, onu "sağlam" qəbul edən musiqişünas, bəstəkar və ya ifaçı varmı? Axı hamıya məlumdur ki, tənqid heç də birmənalı qarşılanmır. Xüsusilə tənqid olunan tərəfindən tənqid edənə hətta düşmənçilik münasibəti belə bəslənilir. Lakin, tənqid olunan tərəf anlamalıdır ki, bu hədəfə tutulmuş konkret bir şəxsə qarşı yönələn qərəz deyil, ümumilikdə Azərbaycan musiqi mədəniyyətimizin parlaq dünənini qoruyub saxlayaraq, layiqli sabahını təmin etmək üçün atılan addımdır. Unutmayaq, axı bizim musiqi "şəcərəmiz" var!
Məsələn, deyilir ki, özəl televiziya kanallarının işinə müdaxilə edə bilmərik. Onlar müstəqil şirkətlərdir. Nə olsun ki, özəldir, fərdidir və s. Məgər onların rəhbərləri bu ölkənin vətəndaşları deyilmi? Təsəvvür edək ki, hər hansısa bir dövlətə müharibə elan olunub, o ölkənin əsl vətəndaşı "bu müharibə mənə aid deyil", deyə bilərmi? Axı hal-hazırda musiqi mədəniyyətimizdə baş verənlər biabırçı məğlubiyyət və böyük itkilərlə nəticələnə biləcək müharibəni xatırladır. Bu "müharibəni" uduzmamaq üçün isə bütün peşəkar musiqiçilər, mədəniyyət xadimləri səfərbər olub, səylə çalışmalıdırlar! Özəl kanalların efirlərində də heç olmasa həftədə bir, iki dəfə insanların mənəviyyatına müsbət təsir göstərən saf, yüksək enerji ilə yüklənmiş klassik musiqi təbliğ edilməlidir.
- Necə düşünürsünüz, bu gün Azərbaycan bəstəkarlarının geniş şöhrət qazanmış xeyli əsərləri (Sizin əsərləriniz daxil olmaqla) musiqişünaslarımızın işlərində lazımı ifadələrini tapa bilirlərmi?
- Söyləyəcəyim fikirlərə görə içində yaradıcılıq qığılcımı olmayan musiqişünaslarımız məndən inciməsinlər. Musiqi tarixində hər hansısa peşəkar musiqi tədqiqilə tanış olarkən özünüz də görəcəksiniz ki, bu təhlili edən əsasən bəstəkar və ya yaradıcı musiqişünasdır. ×ünki, zənnimcə, yalnız yaratmaq qabiliyyəti və potensialına malik olan şəxs, musiqini içindən tam duyub, ona düzgün və dolğun qiymət verə bilər. Bəşər musiqi tarixində nəzəri baxımdan dəyərli tədqiqat işləri yazan alimlər əsasən bəstəkarlardır. Bilərəkdən sadalamadığım adlar içində bu işin öhdəsindən ləyaqətlə gələn görkəmli bəstəkarları şübhəsiz ki, hamı yaxşı tanıyır. Óğurlu musiqişünaslıq təhlilini layiqincə yerinə yetirən musiqişünasların əksəriyyəti də vaxtilə az da olsa bəstəkarlıq ilə məşğul olmuş, yaxud da, daxilən yaradıcı olan və yüksək təxəyyülə malik olanlardır. Məhz onlar bu gün Azərbaycan musiqişünaslığı sahəsində çox yüksək səviyyədə duran tədqiqatçılardır.
Lakin əfsuslar olsun ki, bəzən heç bir məntiqə, elmi fikrə belə söykənməyən, çox bəsit ifadələrlə dolu yazılara rast gəlinir. Hesab edirəm ki, gələcəkdə professional bəstəkarlarımızın, musiqişünaslarımızın, ümumiyyətlə yüksək səviyyəli ziyalılarımızın olmasını istəyiriksə, bütövlükdə tədrisin, maariflənmənin, mütaliənin səviyyəsini də qaldırmalıyıq. Bir sözlə, mən çox arzulayardım ki, biz özümüzə, layiq olduğumuza qayıdaq...
- Elnarə xanım, yaradıcılığınızda uşaq və yeniyetmələrə yönəlmiş musiqiyə böyük önəm verən bir bəstəkar kimi, uşaqlarda professional sənət nümunələrinə qarşı həvəs və zövqü formalaşdırmaq üçün Sizcə nə etmək lazımdır? Necə edək ki, hər bir Azərbaycanlı şagirdinin diqqətini bütün dünyanı bürüyən bayağılığa deyil, teatrlarımızın, konsert salonlarının səhnələrində qoyulan tamaşa və konsertlərə cəlb edə bilək?
- Bilirsiniz, hesab edirəm ki, bu cür problemlərin həlli elə bizim özümüzdən asılıdır. Hər birimiz, işindən, peşəsindən asılı olmayaraq uşaqlarımızın gələcəyini düşünməliyik. İlk öncə hər şey ailədən başlanmalıdır. Gənc valideynlərimizə tövsiyə edirəm ki, övladlarını özbaşına buraxmasınlar, onlara əxlaqi dəyərləri, ədəb-ərkanı, maariflənmə həvəsini zamanında aşılaya bilsinlər. Bu gün orta məktəblərin tədris proqramına musiqi tarixi və ədəbiyyatı haqqında mövzular salınıb. Amma uşaqlar professional musiqi əsərlərini demək olar ki, çox az, yaxud da heç eşitmirlər. Sadəcə, əsl incilər olan musiqi nümunələrinin səslənməsini balalarımız "əldə edə bilmirlər". Demək, bu dərslərin tədrisində ciddi problemlər var. Valideyn də, müəllim də, şagird də bu tədrisdə düzgün istiqamətdə iştirak və inkişaf etsəydi o zaman müsbət nəticə də əldə oluna bilərdi.
Bu gün sosial şəbəkələrdən geniş istifadə olunur. Təbii ki, uşaqlarımız bu vasitə ilə də xeyli maariflənə bilər. Məsələn, Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "meneviservetimiz.az" adlı bir portal yaradılıb. Burada Azərbaycan və dünya tarixi, ədəbiyyatı, musiqisi, təsviri sənəti və s. mövzular haqqında geniş məlumatlar yerləşdirilib. Eyni zamanda, bu portalda musiqini dinləmək də mümkündür. Odur ki, bu cür müsbət yeniliklərdən xəbərdar olmaq, dəyər verərək istifadə edib, bəhrələnmək artıq özümüzdən asılıdır.
- Bir çox müsahibələrinizdə qeyd edirsiniz ki, zamanında böyük ustadınız Qara müəllim bəstəkarlığın çox çətin və məsuliyyətli bir iş olması haqqında Sizi xəbərdar edərək söyləmişdi: "...bəstələdiyin əsərlərin ifasını (xüsusilə də səhnə və iri həcmli əsərlərin) heç də istədiyin zaman təşkil edə bilməyəcəksən. Qarşıda səni gözləyən bu cür çətinliklərə hazır ol."
Bu gün isə etiraf edirsiniz ki, nə yaxşı ki, zamanında müəlliminiz Sizi bütün bunlara hazırlamışdı. "Doğrudan da, bəstəkarlıq sənətinin səması bəzən açıq, bəzən isə qara buludlarla dolu, boranlı, küləkli olur", deyə, söyləmişdiniz. Qarşılaşdığınız çətinliklər, yaradıcılıq həvəsinizə mənfi təsir göstərə bilibmi?
- Doğrudur, bu böyük çətinlikləri artıq tam təfərrüatı ilə öz taleyimdə yaşamışam. Ancaq, yazıb-yaratmaq mənim həyat tərzimdir. Az və ya çox olan yaradıcılıq bacarığını, istedadını mənə Óca Tanrı bəxş edib. Lakin yalnız özüm üçün yox. Əgər dünyaya gəlmişəmsə və özümdən sonra nəyisə qoyub getmək qabiliyyətinə malikəmsə, bunu etməsəm günah iş tutmuş olaram. Mənə nəsib olan bu istedaddan " sədəqə " verməliyəm. Sabahımızın təminatçıları olan balalarımızın yolunda yorulmadan, usanmadan çalışmaq və yaratmaq mənim borcumdur. Həyatımın çox hissəsini yaradıcılığa sərf etmişəm. Təbii ki, bu gün səhhətimdə yaranan problemləri aradan qaldırmaq, maddi qayğılardan müəyyən dərəcədə azad olmaq imkanına da malik olsaydım, yaradıcılığımı daha artıq şövqlə davam edə bilərdim.
- 1996-cı ildə "Məhsəti" operasını yazmağa başlamışsınız. Nəyə görə bu operanı hələ də tamamlamamışsınız?
- Operanın mövzusu çox maraqlıdır. XÛÛ əsrin ən cazibəli söz ustadlarından biri - Məhsəti Gəncəvinin həyatından bəhs edir. Bu operanı yazmağa başlayanda məndə böyük həvəs və inam var idi ki, bir zaman gələcək "Məhsəti" məşhur və sevilən operalardan biri olacaq.
Lakin bu gün artıq inamım yoxdur ki, təmirə ehtiyacı olan Opera və Balet teatrında "Məhsəti" operasını yaxın zamanda səhnəyə gətirə bilərəm. ×ünki sifariş olunmamış tamaşaların səhnəyə gətirilməsi ("Məhsəti"də məhz belələrindəndir) obyektiv səbəblərdən teatrın işinə kobud müdaxilə ola bilər. Vaxtilə dahi Q.Qarayevin xeyir-duası ilə bəstələnən və teatr tərəfindən sifariş olunmayan "Sayalı" baletinin premyerasını 36 il gözlədikdən sonra 60 yaşımda Opera və Balet teatrının səhnəsində görmək, şükürlər olsun ki, mənə nəsib oldu. Teatrın repertuarında nəzərdə tutulmayan "Məhsəti"ni tamamlasam, təbii ki, onun da premyerasını müəyyən bir müddət gözləməli olacağam. Bu gün isə mən əsərlərimin hamısını qulaqlarımla eşidib, gözlərimlə görmək istərdim ki, məndən sonra onlar təhrif olunmasınlar, müəllifin düşündüyü kimi səslənsinlər.
Qeyd edək ki, "Sayalı" bəstəkar Elnarə Dadaşova tərəfindən 1983-cü ildə bəstələnmiş birpərdəli baletdir. Əsər bəstəkarın anası Sayalı Tağıyevanın adını daşıyır, valideynlərinin xatirəsinə, onların böyük, ülvi sevgilərinə bir ithafdır. 2012-ci ilin 15 dekabrında baletin premyerası olub.
- Elnarə xanım, "Sayalı"nın premyerası Sizi qane etdimi?
- Əlbəttə. İlk öncə mən Opera və Balet teatrının rəhbərliyinə, bədii şurasına, tamaşanı hazırlayanlara, ifa edənlərə, iştirakçılara, dirijora və orkestr üzvlərinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Ümumiyyətlə bu baletin tamaşa salonuna gəlməsində əməyi, zəhməti olanların hər birisinə hörmət, sevgi, razılıq və təşəkkürümü bildirirəm.
"Sayalı" baleti əbədi məhəbbət, gənclik və rəqabət mövzusundadır. Rəhim və Kərim adlı iki cavan oğlan Sayalının məhəbbəti uğrunda mübarizə aparırmışlar. Sonucda Rəhim və Sayalının qarşılıqlı məhəbbəti qalib gəlir. Lakin, əfsuslar olsun ki, Sayalı xanıma "Sayalı"nı seyr etmək nəsib olmadı. O, yalnız vəfatından bir ay öncə bildi ki, artıq Opera və Balet teatrı əsəri səhnələşdirmək üçün qəbul edib.
- Bildiyimizə görə, baletin librettosu bir neçə dəfə dəyişilib.
- Bəli, tamamilə doğrudur. Anam dünyasını dəyişməzdən bir az öncə, teatrın bədii şurası baletimi qəbul etdiyi barədə qərarını mənə açıqladı: musiqi qısaldılmalı, libretto dəyişməlidir. Librettonu əməkdar müəllim, xoreoqraf Pulumb Aqiliu yazdı. O, "Sayalı"nın baletmeysteri kimi mənim "Kvartet"imdən lirik 3-cü hissəni -"Adajio"nu baletin musiqisinə əlavə etdi. Vaxtilə anam bu musiqini dinlədikdən sonra, mənə: "Sən düşünmüşsən ki, mən artıq həyatda yoxam və ona görə bu kədərli musiqini yazmısan?" sualını vermişdi. O zaman mən çox pərişan oldum və anamı əmin etməyə çalışdım ki, kvartetin dramaturji xəttinə görə bu hissədə bir az qəmli və lirik musiqi olmalı idi, vəssalam.
Lakin təsəvvür edin ki, doğrudan da baletdəki bu Adajio anam dünyadan köçəndən sonra onun adını daşıyan tamaşada oynanıldı. Deməli, anam mənə ünvanladığı sualın cavabını da sanki elə özü bilirmiş...
- Elnarə xanım, bütün həyatınızı " qələmə " alsaydınız, bəstələdiyiniz musiqi hansı lada əsaslanardı?
- Ancaq major ladında olardı. Mənim bəstəm yalnız nikbinliyi, həyatsevərliyi, nəvazişi, mərdliyi və cəsarəti tərənnüm edə bilər. Lakin, bu yaxınlarda xor əsərlərimdən ibarət keçirilən konsertdə, kapellanın ifasını bir bəstəkar kimi deyil, musiqişünas Elnarə Dadaşova kimi dinləyib, bu musiqilərdə özüm üçün gözlənilməz olan qəmli, nisgilli notları aşkar etdim. Və düşündüm: nədən xor musiqimdə duyula biləcək dərəcədə qəmliyəm? Bəlkə də bu instrumental müşayiəti olmayan, yalnız insan səslərindən ibarət musiqi olduğuna görə belə idi. Özüm-özümə cavab verdim: iç dünyamızın ən dərin qatlarında gizlənən, heç kimsə ilə bölüşə bilmədiyimiz kədəri aydın ifadə etməyə qadir məhz insan səsləridir.
Bu günə qədər Elnarə xanımın yaradıcılığını bir neçə yöndə göstərə bilən əsərləri səslənib. Lakin xanım bəstəkarın öz təbirincə desək: "İfa olunan əsərlər fəaliyyətimin, demək olar ki, kiçik bir hissəsidir. "Hələ ifa olunmasını gözlədiyi çox əsərləri var. Məsələn, 2006-cı ildə orqan üçün bəstələdiyi və Alman musiqiçilərinin təşəbbüsü ilə Almaniyaya göndərilmiş "Segah fantaziyası"nın, 1999-cu ildən yazılan "Xocalı laylası"nın və digər əsərlərinin Vətənimizdə səslənməsini, şübhəsiz ki, Elnarə xanım da, onun dinləyiciləri də səbirsizliklə gözləyirlər.
Ötən ilin iyun ayında sevimli bəstəkarımızın ilk müəllif konsertindən sonra baş tutmuş görüşümüzü xatırladım. O zaman "İllərdir gözlədiyiniz bu konserti necə qarşıladınız?" sualını, Elnarə xanım belə cavablandırmışdı: "Elə bil coşub-çağlayan, yüksək axma sürətinə malik bulaq suyunun uzun müddətdir ki, qarşısını kəsən tıxacdan azad olunduğu kimi..."
Bəstəkarlar İttifaqının zalında onun ilk müəllif konserti keçirildi. Konserti Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz xanım Əlizadə açıq elan etdi. F.Əlizadə təbrik çıxışında Elnarə xanımı Q.Qarayev sinfinin ən istedadlı nümayəndələrindən biri, öz üslubu və fərdi dəsti-xətti ilə seçilən, zahirən də çox cazibədar olan xanım bəstəkar kimi səciyyələndirdi.
Konsertdə müəllifin 13 əsəri səsləndi. Onlardan bəstəkarın yaradıcılığında əsas yerlərdən birini tutan romanslar, fortepiano üçün prelüdlər, variasiyalar, fuqalar, sonatina, 2 royal və la-kuti üçün "Aşıqsayağı" və s. Diqqəti çəkən məqamlardan biri də odur ki, əməkdar artistlər, laureatlar və diplomantlarla yanaşı əsərlərin əksəriyyəti gənc musiqiçi-tələbələrin məharətli ifasında səslənmişdi. Elnarə Dadaşovanın iki royal və metso-soprano üçün bəstələnmiş "Ariya"sı dünyasını dəyişmiş insanların- atasının, müəllimlərinin, dostlarının xatirəsinə ithaf olunmuşdu. Konsertə xüsusi həzinlik bəxş etmiş bu əsərdə öncə ümumbəşəri olan latın dilində dualar, ardınca Azərbaycan dilinə tərcümə olunmuş Quran ayələri avazla oxunduqdan sonra səslənən layla dinləyiciləri çox mütəəssir etmişdi. Elə bu zaman gözəl görünüşlü, kübar bir xanım konsert zalına daxil oldu. (Qeyd edim ki, konsert proqramı başlandığı andan, ağzınadək dolu olan tamaşaçı zalının ön sırasında boş qalmış bir oturacaq yeri nəzərimi artıq cəlb etmişdi. Lakin təsəvvür belə edə bilməzdim ki, bu yerin sahibi kim olacaq). Laylanın sədaları altında bu oturacağa doğru həzin-həzin addımlayan Sayalı xanım idi...
Elnarə xanımın ən böyük arzularından biri də 2 saylı simfoniyasının tam şəkildə ifasını eşitməkdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, bu simfoniyanın Û-ÛÛ hissələri 2013-cü il yanvarın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş dirijor, xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Böyük Simfonik Orkestrin ifasında E.Dadaşovanın əsərlərindən ibarət müəllif konsertinin ikinci bölümündə səsləndirilmişdir.
İki saylı simfoniyasından danışarkən, Elnarə xanım sevimli müəllimi Qara Qarayevlə olan xatirələrini bir daha yada saldı: "Qara müəllimlə onun Moskvadakı evində görüşümüz zamanı, iki saylı simfoniyamı royalda çaldım. O, bu əsəri yüksək qiymətləndirərək, "Azərbaycan simfonizmində yeni söz" adlandırdı. Partituranın mürəkkəbliyini və məhz bu səbəbdən onun ifasının çox çətin olacağını da mənə bildirdi. Bu mürəkkəblilik melodik xəttin alətdən alətə ötürülməsilə səciyyələnir. Bu gün düşünürəm ki, simfoniyanın finalını artıq yenidən redaktə edim və melodik xətti növbə ilə müvafiq alətlərə "otuzdurum" ki, nəhayət, iki saylı simfoniyamın tam ifasını eşidim. "
Elnarə xanım çoxcəhətli, ecazkar yaradıcılıq hünərilə, yazdığı hər bir əsərə sanki nəfəs verib, onu canlandırmaq qüdrətinə malik sənətkardır. Onun musiqisi insanın düşüncəsinə cila verir, mənəviyyatını saflaşdırır. ×ünki bəstəkarın müəllifi olduğu musiqilərində gözəlliyə, təbiətin sehrinə vurğunluq, məhəbbət və səadət uğrunda mübarizə, Ana, Vətən sevgisi, uşaq dünyası tərənnüm edilir.
Yaşanan qəmli-kədərli, həyəcanlarla dolu, eləcə də sevincli və məsud anlarını yaratdığı əsərlərdə mücəssəm edən bəstəkar Elnarə Dadaşova, həyatın dəfələrlə yaratdığı və məhv etdiyi "əks-sədanı" bir ahəngdar zərbə (akkord) ilə öz dinləyicisinə çatdıra bilir. Axı onun böyük sənətində M.Müşfiq demişkən: "... yer gücü, göy gücü vardır! "
Ümidvaram ki, bu gün Elnarə xanım Dadaşovanın adı çəkiləndə artıq hər kəs onu yaxşı tanıyacaq. Hər halda, buna inanıram. ×ünki sənətkarı, özü də böyük sənətkar zirvəsinə ucalan həmvətənlərimizi xalqımız yaxşı tanıyır, onlara dərin hörmət və sevgi bəsləməyi də bacarır.
Şübhəsiz, bu cür şəxsiyyətlərin bütün dünyada tanınmasını da səmimi- qəlbdən istəyirik. Sevindirici və qürurvericidir ki, Elnarə Dadaşovanın əsərləri ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya və s. ölkələrin konsert salonlarında səsləndirilib. Bəzi xarici musiqiçi və bəstəkarlar (ABŞ-ın tuba üzrə ifaçısı, professor C.Kenyon, Fransa bəstəkarı Pyer Tilui) onun əsərlərini dinləyib, valeh olmuşlar və onları təbliğ etmək üçün öz ölkələrinə aparmışlar. Elnarə xanımın yaradıcılığına neçə-neçə xarici ölkənin musiqi təşkilatları yüksək qiymət vermişlər. Məsələn, onun əsərlərinin ifasını İtaliyada "Donna İn Muzika" təşkilatının xətti ilə yayımlanmasını təmin etmişlər.
"2000-ci ilin qadın bəstəkarı " adını ABŞ-ın Bioqrafiya İnstitutu məhz Elnarə Dadaşovaya layiq bilmişdir. 2001-ci ildən isə Elnarə xanım ABŞ-ın Bioqrafiya Mərkəzinin rəhbərliyinə fəxri üzv seçilmişdir.
2001-ci ildə Romada məşhur "Doppler" qrupu öz konsert proqramında bəstəkarın 2 fleyta və fortepiano üçün "Səda" adlı pyesini ifa etmişdir. 2004-cü ildən bəstəkarın 2 saylı kvarteti Fransanın tanınmış "Qaudi" simli kvartetinin ifasında səsləndirilmiş və repertuarlarına daxil edilmişdir.
Bu il sevimli bəstəkarımız Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının "Qızıl qələm " mükafatı ilə təltif olunub. Bununla da, qoy hamı hali olsun və şübhə etməsin ki, Üzeyir Hacıbəyli öz dühası ilə Azərbaycana miras qoyduğu parlaq sənət irsi layiqincə davam etdirilir.
Sadəcə bugünün Elnarə Dadaşova kimi görkəmli şəxsiyyətlərini tez-tez yada salıb, onların musiqi mədəniyyətimizə çoxşahəli yaradıcılıqları ilə bəxş etdikləri dəyərli töhfələri haqqında yetərincə məlumatlı olsaq, o zaman mükəmməl özülü qoyulmuş bəstəkarlıq məktəbimizin qüdrətinə inanıb, güvənərik!