Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Nikbin əsərin qəmli notları...
    ...Onların əsrarəngiz ifasını dinləyərkən özümü bir anlıq gözəllik və qüdsiyyət içində hiss etdim.  Qəribə  müqayisə hafizəmdə canlandı. Eşitdiyim bu  sədaları, pislik, paxıllıq və yalan ilə "müşayiət" olunmayan   insan ömrünə bənzətdim.  Lakin, arxaya dönüb tamaşaçı zalına göz gəzdirdikdə, bu mücərrəd halımdan dərhal ayrıldım. Anladım ki, yaşadığımız həyat yalnız düşündüyüm dəyərlərdən ibarət olsaydı, yəgin ki, C.Cahangirovun, V.Adıgözəlovun və E.Dadaşovanın əsərlərinin səsləndiyi konsertdə dinləyicilərin sayı daha çox olardı. Təəssüf... 

    Məlum olduğu kimi,  incəsənətin vəzifəsi insanlara estetik tərbiyəni,  yüksək zövqü, zəngin mənəviyyatı tərənnüm edərək, onların  intellektual  inkişafına, mənfiliklərdən uzaqlaşıb, kamil insan kimi formalaşmasına kömək etməkdədir.  Bəs, belə bir incəsənətə sahib olduğumuz halda, axı niyə  biz insan zövqünü korlayan, mənəvi dəyərlərinin itkisinə xidmət edən "sənət nümunələrinin" sayca çox olan tamaşaçı auditoriyasının üstünlük təşkil  etməsinin   şahidi oluruq?
      
    Bütün bu müqayisə və hisslərə qapılmağıma səbəb, bu ilin aprelində  M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının zalında  Azərbaycan Dövlət Xor  Kapellasının ifasında  keçirilən konsert  proqramı oldu.
    Konsertə  Azərbaycan bəstəkarlarının orta nəslinin görkəmli nümayəndələrindən biri,  Elnarə xanım Dadaşova tərəfindən dəvət olunmuşdum.  İki hissəli konsert proqramının ikinci hissəsi məhz E.Dadaşovanın əsərlərindən  ibarət idi. 
    Gecənin   yüksək səviyyədə keçməsində  şübhəsiz ki, kollektivin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının xalq artisti  Gülbacı İmanovanın böyük rolu olub. Həmin  axşam isə konsertin idarə olunması kapellanın xormeysteri Yulizana Kuxmazovaya həvalə olunmuşdu.  O da, bu işin öhdəsindən   məharətlə gəlmişdi.
    Konsert proqramının ümumi mövzusunu "milliliyin və müasirliyin vəhdəti" adlandırmaq olardı. Sözügedən gecədə əsasən xalq sözlərinə  yazılmış əsərlər səsləndi.  İstər qadın, istərsə də qarışıq xor üçün nəzərdə tutulmuş əsərlər arasında daha çox diqqəti çəkən, məhz milliliyi və müasirliyi özündə ehtiva edən, Azərbaycan  ladları üzərində bəstələnmiş fuqalar  kapella tərəfindən vokaliz şəklində  ifa olundu. Eləcə də "Diptix"- Avropasayağı prelüd və fuqa ikiliyi: yeni bir məzmunda, xalq sözlərinə  "Yel əsir"(prelüd) və "Əsmə səba yelləri" (fuqa) təqdim olundu.  Elnarə Dadaşovanın bu konsertdə səslənən əsərlərinin demək olar ki, hamısı müşayiətsiz, yəni a kapella oxunurdu. Konsertdə bəstəkarın "Xoral"ı da səsləndi. Məlumdur ki, "Xoral" əslən Avropa janrıdır. Elnarə Dadaşovanın bizim musiqilə  çox gözəl səsləşən- müşayiətsiz qarışıq xor üçün bəstələdiyi vokaliz, "Xoral" öz növbəsində  təbii bir  sintez üzərində qurulmuşdu və ifa olunarkən gözəl təəssürat  yaratmışdı. Sonda isə "Alqış qeyrətinizə"  qarışıq xor üçün bəstələnmiş miniatür ifa olundu. Bu müşayiətlə  səslənən yeganə əsər idi.   Öncə milli musiqi alətimiz olan  sazda  4 xanə  "Misri" havası çalındı. Daha  sonra isə  işğal altında  qalan  torpaqlarımızın  azad edilməsinə, namus, qeyrət intiqamına  qaldıran "çağırış" səsləndi. Bu əsər tamaşaçı-dinləyicilər tərəfindən xüsusi coşqunluq və sürəkli alqışlarla  qarşılandı. Şübhəsiz ki, "Alqış qeyrətinizə"  müəllifin qəlbindəki  Vətən  sevgisini,  torpaq itkisinə qarşı etiraz və üsyanını tərənnüm edən  harayı  idi. 
    40 il davam edən  yaradıcılıq fəaliyyətində musiqinin bir çox janrlarına müraciət edərək,  yazdığı 100-dən artıq əsər (simfoniya, fortepiano və Böyük Simfonik orkestr üçün konsert-simfoniya, iki royal üçün "Konsertino",  balet, baletdən simfonik süitalar,  xor  bəstələri, vokal-instrumental əsərlər, kvartetlər, fortepiano, orqan, xalq çalğı alətləri  üçün musiqiləri və s.) müəllifin incəsənətimizə olan töhfəsidir.  Elnarə xanımın qələmindən çıxan bəstələr  bitməz-tükənməz yaradıcılıq enerjisinin bariz nümunəsidir.  Axı  bu enerjinin qaynaqlandığı  böyük bir  təməl var - dahi Qara Qarayev məktəbi. Dünya şöhrətli bəstəkarın fəzilətini sanki öz yaradıcılığında təcəlla etməyə qadir Elnarə xanım, onun ən layiqli yetirmələrindən biridir. 
    Onun  haqqında mətbuat səhifələrində kifayət qədər məlumatlar yerləşdirilsə belə,  qısa da olsa bioqrafik bilgilər vermək istərdim. Buna ehtiyac duyulduğuna görə deyil. Sadəcə, E.Dadaşova haqqında  yazılanların  şişirdilmiş pafosa deyil, zəngin  musiqi yaradıcılığından  qaynaqlanan  təsviri bir daha xatırladıb, təsdiqləmək  üçün. 
    Bu günün tanınmış bəstəkarı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi nəzəriyyəsi" kafedrasının professoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru  Dadaşova  Elnarə Rəhim-Ağa qızı  1952-ci ildə içərişəhərli Dadaşovlar ailəsində anadan olmuşdur.
    Atası Rəhim-Ağa  Dadaşov inşaat mühəndisi olmağına baxmayaraq musiqini çox sevmiş, xalq mahnılarını,  muğamları böyük həvəslə dinləyərdi. Elnarə xanım valideynləri ilə bağlı xatirələrindən danışarkən, qayğısız uşaqlıq və yeniyetməlik illərini belə xatırlayır: "Atam çox dəqiq eşitmə qabiliyyətinə və yaxşı musiqi yaddaşına malik idi. O, gənc yaşlarında musiqini eşidib, notsuz  tam  dəqiqliklə  truba alətində ifa edə bilirdi.  Güclü musiqi yaddaşı və absolyut eşitmə qabiliyyəti mənə məhz atamdan keçib. Eyni zamanda onun qrafik üsul ilə rəsm çəkmək bacarığı da var idi.  Vaxtilə atam 19-20 yaşlarında olan  anamın portretini məhz bu üsulla çəkmişdir.  Bugünədək  həmin rəsm əsəri evimizdə saxlanılır. Atam anamı  sevir və onun  tibb elmində  qazandığı uğurlarına çox sevinir, onu məişət işlərindən bacardığı qədər ayırıb, köməyini əsirgəmirdi. Mən ailənin ortancıl övladıyam. İlkimiz,  böyük  bacım Minarə, sonbeşiyimiz isə Gülnarədir. Hazırda Minarə ADPÓ-nin musiqi alətləri fənlərinin tədrisi metodikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, "Tərəqqi" medalı ilə təltif olunmuş xanımdır. Bacım Gülnarə isə Mərkəzi Dənizçilər xəstəxanasında həkim-terapevt, Azərbaycan Dövlət Tibb Óniversitetinin daxili xəstəliklər kafedrasında əcnəbi tələbələrə daxili xəstəliklər fənnini ingilis dilində tədris edir.
    Anam Sayalı xanım Tağıyeva Azərbaycanın gözəl guşələrindən biri Şuşada doğulmuş, altıncı sinifdə oxuyarkən ailəsilə birgə Bakıya köçmüşdür. O, Azərbaycanın  "Şöhrət"  ordenli  əməkdar həkimi, uzun müddət Azərbaycan Tibb Óniversitetinin pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının professoru, ÛÛ Hospital terapiya kafedrasının müdiri  olmuşdur. Eyni zamanda, Sayalı xanımın ədəbiyyata da xüsusi vurğunluğu var idi".
    Dərin elmi bilgilərə və  gözəl poetik dilə sahib olan bu xanım, qızının sənət yolunda  ona böyük dəstək olmuşdur. Elnarə xanımın  bəstələdiyi ilk romansının sözləri  məhz anasına aiddir. Özünün təbirincə desək: "Anam  yazdığı  misraları  öz anası Rəxşəndə xanıma, mən isə bəstələdiyim  musiqini ona həsr etdim." (Bir az qabağa qaçıb qeyd etmək istərdim ki, Elnarə Dadaşovanın  "Ana" romansını müasir gənc ifaçılarla yanaşı, vaxtilə Respublikanın xalq artisti Şövkət xanım Ələkbərova da ifa etmişdi.)
    Sayalı xanım  haqqında söhbət edərkən, çox maraqlı bir fakt diqqətimdən yayınmadı. Belə ki, Elnarə xanım deyir:
    - Anam incə qəlbli bir insan idi. Bu incəlik onun şeirlərində də öz təcəssümünü tapa bilirdi. Yaxşı yadımdadır, anam söyləyirdi ki, dahi H.Cavidin oğlu, Ərtoğrul Cavidlə  eyni məktəbdə oxumuşlar və dram dərnəyinin fəal üzvləri idilər. Ədəbi dərnəkdə iştirak edən anam, öz şeirlərini  o zamanlardan yazır. Anamın da, Ərtoğrulun da qələmindən çıxanlar dram  dərnəyinin üzvlərinə xoş təsir bağışlayardı. Beləliklə, çox illər sonra bizim də ədəbi-musiqili bir mühitdə daima maariflənmək, öyrənib-öyrətmək həvəsi, tükənməz yaradıcılıq  eşqilə coşub-qaynayan  həyatımız var idi. Mən belə bir ailədə tərbiyə almışam. Əsl Azərbaycan ailəsinin nümunəsi  hafizəmdə məhz bu cür canlanır: övladlarının sağlamlığını,  gözəl əxlaqını  və yüksək intellektual səviyyəsini təmin edən və  keşiyində duran Böyüklərlə! 
    Pianonun ağ-qara dillərindən qopan  əsrarəngiz sədaların gözəlliyinə balaca Elnarə uşaqlıqdan vurulmuşdu. Böyük bacısı Minarənin  musiqi məktəbində oxuduğu illərdə  bu alətdə çaldığı   musiqi təranələri onun qəlbinə ilk yaradıcılıq toxumlarını səpirdi.
    Nəhayət, 1958-ci ildə  Azərbaycan Dövlət Konservatoriyasının nəzdində  olan Bülbül adına musiqi məktəbinə  qəbul olunması,  milliyyətcə latış olan Qudelis İvetta Adolfovnadan aldığı ilk musiqi təhsili, balaca qızın gözəlliyə vurğun qəlbinin dərinliyindən gələn musiqili səslərin onun ilk əsərinə çevrilməsinə səbəb oldu. Bu, fortepiano üçün sonatina və kiçik variasiyalar idi.
    İstedadlı qızın bu qabiliyyəti məktəbin direktoru Nazim Əliverdibəyovun da nəzərini cəlb edir. O, Elnarəyə bəstəkarlıq üzrə  uşaq yaradıcılıq sinfində məşğul olmağı məsləhət görür.   Bülbül adına  orta ixtisas musiqi məktəbinin 9-cu sinfində təhsil alarkən Elnarə Əməkdar incəsənət xadimi,  görkəmli  bəstəkar Ədilə Hüseynzadənin yanına gəlir. Ədilə xanım  Elnarəni bir bəstəkar kimi istiqamətləndirir.  İl yarım Ədilə Hüseynzadənin sinfində oxuyarkən, o, demək olar ki, hər dəfə dərsə yeni əsərlərlə gəlirdi. Ədilə xanımın uşaq yaradıcılıq sinfində təlim keçməzdən öncə gənc Elnarənin bəstələdiyi əsərlər "Şopensayağı" səslənirdi. Sonralar isə Ədilə xanımın tövsiyəsilə gənc bəstəkar-qız  milli ruhda çox sayda əsər yazır: 16 prelüd, 12 variasiya, iki fortepiano üçün pyes, simli alətlər üçün dörd hissəli kvartet, "Bəxtiyar" kapellası, "Ana" romansı, bir neçə uşaq  mahnısı və s.
    1970-ci il. E.Dadaşova Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indi BMA-nın)  bəstəkarlıq fakültəsinə qəbul olunur  və dünyaşöhrətli  Azərbaycan bəstəkarı, dahi şəxsiyyət, akademik  Qara Qarayevlə ilk görüşü baş tutur. O zaman  Elnarənin 18 yaşı var idi.  Qara müəllim  gənc qızın bir il yarım müddətində bəstələdiyi əsərlərin hamısını diqqətlə dinləyir və onun yaradıcılıq fəaliyyətində nəzərə çarpacaq dərəcədə inkişaf prosesinin getdiyini bildirir.  Beləliklə də Qara Qarayev elə ilk dərsdə Elnarə Dadaşovanın da  nə zamansa  böyük  bəstəkar ola biləcəyini ona bütün səmimiyyəti ilə söyləyir. 
    Təbii ki, Qara müəllim kimi fenomenal bir şəxsiyyətdən mütəmadi olaraq yüksək qiymətə və dəyərə layiq görülən gənc Elnarənin sevincinin həddi-hüdudu yox idi. Bu gün də  Qara Qarayevin musiqisi səslənəndə,  adı çəkiləndə, onun  simasını sənədli filmlərdə görəndə, hətta hər hansısa  yazısını  oxuyanda Elnarə xanım etiraf edir ki, "...mən onu düşünəndə belə  sanki yeni,  coşqun yaradıcı enerji ilə yüklənirəm". 
    Tələbəlik illərindən özünü parlaq istedada malik bəstəkar kimi göstərə bilən Elnarə Dadaşovanın 1972-ci ilin mart ayında "Şüştər" lad-məqamı əsasında variasiyaları televiziya efirində səsləndirilir. Bu, gənc bəstəkar üçün böyük sevinc və uğur idi. Təhsil aldığı illər ərzində o, fortepiano prelüdlərinin, 7 vokal əsərin, 2 saylı kvartetin,  iki royal və zərb alətləri üçün "Konsertino"nun, fortepiano və BSO üçün "Konsert-simfoniya"nın,  skripka və fortepiano üçün sonatinanın, bir neçə uşaq  mahnısının müəllifi olub. O illərdə Alma-Ata şəhərində gənc musiqiçilərin elmi-nəzəri konfransında iştirak edərək, Azərbaycan bəstəkarlarının yaradıcılığında prelüd janrı mövzusunda məruzə oxumuş və Q.Qarayevin, F.Əmirovun, E.Nəzirovanın əsərləri ilə yanaşı öz əsərlərini də ifa etmişdi. 1973-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının ÛV qurultayında onun  4 hissədən ibarət "Simli kvartet"i səslənir. Bu əsər haqqında 1974-cü ildə "Sovetskaya muzıka" jurnalının 5-ci sayında (N5, 26 səh.) L.V.Karaqiçevanın geniş müsbət rəyi dərc olunmuşdur.  
    Elnarə Dadaşova  1975-ci ildə Qara Qarayev sinfi üzrə konservatoriyanı Fərqlənmə diplomu ilə bitirir. Elnarə xanımın fortepiano və böyük simfonik orkestr üçün  bəstələdiyi 3 hissəli "Konsert-simfoniya" onun diplom işi idi. Bu əsər Leninqradlı musiqişünas professor A.N.Dmitriyev tərəfindən yüksək qiymətləndirilmiş və 1975-ci ildə Azərbaycan Respublikası Ali məktəblərinin yaradıcılıq fakültələrini bitirən məzunların diplom işlərinin müsabiqəsində Û dərəcəli diplomla təltif olunmuşdu. Hətta A.N.Dmitriyev Elnarəni Leninqrad konservatoriyasının bəstəkarlıq üzrə aspiranturasında təhsilini davam etdirməyə dəvət edir. Lakin gənc bəstəkar sevimli ustadından ayrılmağı  təsəvvürünə belə gətirə bilməzdi. Belə ki,   1975-1977-ci illərdə o, yenə də Qara müəllimin sinfində asistent-stajçı kimi təhsilini davam etdirir. Konservatoriyada və aspiranturada oxuduğu illərdə Elnarə xanım tələbə və gənc alimlərin Elmi Cəmiyyətlərinə rəhbərlik etmiş, mütəmadi olaraq  respublika və keçmiş SSRİ-nin konservatoriyalarında keçirilən elmi-metodik konfranslarda çıxışlar etmiş və mükafatlandırılmışdır. Elə həmin dövrdən (1977-ci  ildən) SSRİ Bəstəkarlar İttifaqının üzvləri sırasına qəbul olunur. 
    Elnarə xanım tələbəlik illərində gənclər təşkilatının xətti ilə Polşaya   səyahətə gedir.  Gəzinti zamanı, turistlər arasında cavan  mühəndis ona aşiq olur və bu  təsadüfi görüş Elnarə xanımın həyatında daha bir dönüş-ailə qurması ilə nəticələnir. Ailə qurmaq kimi tale yüklü məsələlərdə də ata qəlbli ustadı Qara müəllim  Elnarənin yaddaşında dəyərli öyüd-nəsihətləri ilə əbədi həkk olunub. Gərgin və məsuliyyətli yaradıcılıq fəaliyyətində, analıq borcunu gözəl yerinə yetirməsində Elnarə xanımın həyat   yoldaşı  bu günədək ona dəstək olur. Özünün  dediyi kimi: "Günümün əsas hissəsini mən  ailəmə və tələbələrimə həsr edirəm. Axşamları isə yaradıcılığım üçün saxlayıram."    
    Onun çoxşahəli yaradıcılığında  fortepiano əsərləri mühüm yerlərdən birini tutur: "24 prelüd" silsiləsi;  iki royal üçün  "Konsert", "Süita"; iki royal və zərb alətləri üçün "Konsertino", Azərbaycan xalq muğam ladlarında ÛÛ dəftərdən ibarət Fuqa silsiləsi və s. O, digər alət və heyətlər, xor və kamera orkestri üçün pyes və fuqalar da bəstələmişdir. Məsələn: orqan, klavesin, xor, kamera orkestri üçün fuqalar və başqaları. Elnarə xanım  xalq çalğı alətlərinə xüsusi maraq göstərərək, bu sahədə də bir çox əsərlər bəstələyib:  "Torağayın  nəğməsi" adlı pyesi kamança və fortepiano üçün bəstələnmiş və 1985-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının zalında ilk dəfə ifa olunmuşdur;  6 tar üçün "Rəqs", tar və fortepiano üçün "Süita", tenor və xalq çalğı alətləri üçün "Döyüş cəngisi" və s. Respublikanın xalq artisti, sevimli sənətkarımız Elmira Rəhimova, Elnarə xanımın yazdığı "Mənim Tanrım", "Bayatım mənim", "Ürəyinə vuruldum"  kimi mahnıların xalq çalğı alətləri ansamblının müşayiətilə mahir ifaçılarından biri olmuşdur.
    Vokal musiqisinə məxsusi önəm  verən bəstəkar  xanım, vokal silsilə də yaradıb. Bu silsiləni o, "Qadın ömrünün səhifələri" adlandırıb. Müəllif  N.Gəncəvi, M.Füzuli, H.Cavid, Ə.Cavad, S.Vurğun, B.Vahabzadə kimi dahilərin  söz dünyasına müraciət edərək, "Rəngim döndü sənsiz", "İlk bahar", "Vüqarlı dağları sevirəm", "Sana düşüb meylim"  və digər romanslar kimi ölməz sənət nümunələri  yaratmışdır. Vətənpərvərlik mövzusunda  bəstələnən mahnılar ("Biz Vətən əsgərləriyik", "Vətən nəğməsi", "Qalx  döyüşə, Azərbaycan", "Vətən keşiyində duran əsgərəm"), bəstəkarın sonsuz Vətən eşqini, torpaq təəssübkeşliyini tərənnüm edir. 
    Əsərlərin siyahısı ilə tanış olduqdan sonra insanda bu musiqiləri dinləmək həvəsi və zəruriyyəti  yaranır. Və nəhayət, onları dinlədikdən sonra alınan təəssüratın  və keçirilən hisslərin məhdudiyyətsizliyi  isə yazılan bir məqalənin əhatə çərçivəsinə sığmır.   Elnarə xanımın  milli ruha- muğam və aşıq  musiqisinə söykənən böyük  sənətinin  bəzi üslub xüsusiyyətlərini  hörmətli musiqişünaslarımızın onun haqqında yazdıqları tədqiqatlara müraciət edərək, təqdim etmək qərarına gəldim. Belə ki,  Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə "Elnarə Dadaşovanın nurlu səslər aləmi" sərlövhəli məqaləsində ("Musiqi dünyası" ¹1,2012) yazır: "Bəstəkarın  üslubunu səciyyələndirən ən maraqlı əsərlərdən biri iki fortepiano və zərb alətləri üçün "Konsertino"dur. Burada Elnarə Azərbaycan xalq çalğı ifaçılığı- sazəndə dəstəsinə xas üsul və fəndləri quraşdırdığı ansambla proyeksiya  edir, konsert  janrının tələblərinə uyğun olaraq yarış elementini qabardır, bütün musiqi toxumasını isə neoklassisizm üslubundan irəli gələn vasitələrlə uzlaşdıraraq əsərə əlavə bir təravət bəxş edir. Nəticədə biz məxsusi oyun atmosferinə qatılır və üç bərabərhüquqlu alətin ixtiraçılığı ilə seçilən virtuoz söhbət-yarışmasını maraq və heyranlıqla izləyirik."
    "...İllər ötür, amma Elnarə musiqisinə xas ümdə cəhətlər-pozitiv energetika, melodik obrazın görümlülüyü, intonasiyanın səmimiliyi, tembrlərə həssas münasibət, musiqi alətlərinin söhbətini ustalıqla təşkil etmək bacarığı hər zaman özünü büruzə verir."
    Elnarə xanım üslub əlvanlığı ilə seçilən zəngin yaradıcılıq fəaliyyətini gözəl müəllimlik işi ilə də uzlaşdıra bilir. O, Ü.Hacıbəyli adına BMA-nın "Musiqi nəzəriyyəsi" kafedrasının ən təcrübəli və qabaqcıl müəllimlərindən biridir. Yetişdirdiyi bütün  tələbələrinə  xüsusi diqqət və qayğı ilə yanaşır. Hətta 1982 ildə bəstəkarlıq ixtisası üzrə onun sinfini iki gözündən əlil olan İlqar Əhmədov adlı bir gənc bitirmişdir. Bu, bəşər musiqi tarixində  məlum olan ikinci hadisədir (birincisi- Bolqarıstanda baş tutub). Bəstəkarlıq kafedrasında çalışarkən ixtisas fənni üzrə onun sinfində bir çox xarici tələbələr də oxuyub. Onlardan Kövkəb Xəmzə, Əli Qəfri və digərlərinin adlarını çəkə bilərik. Elnarə xanım bəstəkarlıq kafedrasında dosent vəzifəsinə müsabiqə yolu ilə seçilib.  Xanım bəstəkarın nəzəriyyəçi tələbələri də onun rəhbərliyi altında yalnız işlənməmiş, tədqiq olunmamış mövzular üzərində çalışır və yüksək peşəkarlıqla buraxılış işlərini müdafiə edirlər. Vaxtilə Ü.Hacıbəyov adına konservatoriyanın nəzdində xalq konservatoriyası fəaliyyət göstərib. Elnarə Dadaşova bu konservatoriyanın bəstəkarlıq kafedrasına rəhbərlik edib. 2009-cu ildən E.Dadaşova müsabiqə yolu ilə "Musiqi nəzəriyyəsi" kafedrasının professoru vəzifəsinə təyin olunub. O, bəstəkarlıq, musiqişünaslıq, etnomusiqişünaslıq, fortepiano və xor dirijorluğu fakültələrində "İxtisas", "Solfecio", "Harmoniya", "Polifoniya", "Musiqi metodoloqiyası", "Partitura qiraəti" fənlərini tədris edir.
    Eyni zamanda, Elnarə Dadaşova həm də layiqli metodistdir.  Ciddi elmi-tədqiqatla məşğul olaraq o, 30-dan artıq elmi-metodik iş yazmışdır. Onların arasında 5 dərs vəsaiti, 5 fənn proqramı, bir sıra metodik tövsiyələr və elmi məqalələr vardır. 2008-ci ildə E.Dadaşova "Azərbaycan xalq rəqs melodiyalarında yönəlmə və modulyasiyalar" mövzusunda dissertasiyasını müdafiə etmiş, sənətşünaslıq üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. Onun rəqs musiqisinin tədqiqi sahəsində yazdığı elmi işi incəsənətimizə böyük töhfədir.  Dissertasiya haqqında Zümrüd xanım Dadaşzadə öz məqaləsində yazır: "Bu tədqiqatla E. Dadaşova inandırıcı surətdə isbat etdi ki, melodik rəsmin gözəlliyi, qeyri-adi plastikası, təbiiliyi ilə seçilən Azərbaycan rəqslərinin melodik quruluşunu ciddi məntiq "idarə edir". Özü də laddaxili və ya Û,ÛÛ dərəcəli qohumluq münasibətləri əsasında baş verən modulyasiyaları üzə çıxararaq, E.Dadaşova  təkcə onların təzahür hallarının müxtəlifliyinin sadalanması ilə  kifayətlənmir, mühüm ümumləşdirmələr edir. Məsələn, oyun havalarının forma, quruluş xüsusiyyətlərinin həmin havaların lad əsası, yönəlmə və modulyasiyalarla əlaqələndirməsinə dair E.Dadaşovanın qənaətləri məmnunluq hissi doğurmaya bilməz. "
    Óşaqları hədsiz sevən Elnarə xanım mütəmadi olaraq onlar üçün müxtəlif əsərlər bəstələyir. Balaca ifaçı və dinləyicilər də onun musiqisini sevə-sevə dinləyir, həvəslə ifa edirlər. Bəstəkar uzun illərdir Azərbaycan Bəstəkarlar ittifaqının uşaq musiqisi və estetik tərbiyəsi bölməsinə rəhbərlik edir.  Vaxtilə  musiqi məktəblərinin tədris  repertuarında  olan  çatışmamazlıqları nəzərə alaraq, o, bu sahəyə də üz tutmuş və bir sıra pedaqoji təcrübə kursu üzrə dərs vəsaitlərinin, uşaq mahnılarının, pyeslərin, xor, duet, ansambl və s.  müəllifi olmuşdur. Hətta lap kiçik balaların belə solo, yaxud müşayiətli ifası  üçün A.Şaiqin sözlərinə çox sayda  mahnı-pyeslər  bəstələmişdir. 
    1990-cı ildə E.Dadaşovanın uşaqlar üçün  bəstələdiyi əsərləri  SSRİ Bəstəkarlar İttifaqının repertuar komissiyası  yüksək dəyərləndirərək, SSRİ Mədəniyyət və Təhsil Nazirliklərinin repertuar  komissiyalarının təşkilati dəstəyilə MDB-nin təhsil ocaqlarının tədris proqramlarına daxil etdirmişdir. 
    SSRİ Bəstəkarlar İttifaqının Ókraynadakı  Vorzel Yaradıcılıq evində  keçirilən  repertuar əsərlərinə aid  baxışı  Elnarə xanım belə xatırlayır: 

    - Mən Kiyev şəhərinə  notlarla dolu iki böyük çanta ilə getmişdim. Öz əsərlərimlə birgə həmkarlarımın da bəstələrini aparmışdım.  Hamısını da ifa etdim. Üç gün Vorzeldə Azərbaycan musiqisi səsləndi. Bu, 1990-cı ilin aprel ayında keçirilən baxış idi. Bir az sonra Bakıya gələn Aleksandr ×aykovski Bəstəkarlar ittifaqının o zamanki sədri, görkəmli bəstəkarımız, rəhmətlik Vasif müəllim Adıgözəlova Vorzeldə keçirilmiş repertuar komissiyasının üzvləri adından və şəxsən öz adından mənim bir az öncə Ókraynada Azərbaycan bəstəkarlarının repertuar əsərlərinin təqdimatından razılığını bəyan etmişdi. V. Adıgözəlov bunu mənə çatdırdı və bildirdi ki, komissiyanın üzvləri əsərlərimi çox bəyənmiş, həmkarlarıma qarşı olan diqqət və münasibətimə isə xüsusilə heyran olmuşlar. Yəni bir bəstəkarın digər bəstəkarları  təbliğ etməsi onları sözün yaxşı mənasında təəccübləndirmişdi.  Mənim üçün isə  qeyri-adi heç nə yox idi, çünki zəngin tarixi köklərə malik Azərbaycan musiqisinin əzəmətini göstərməyi həm peşə, həmçinin də  vətəndaşlıq borcu hesab edirəm.   
    Elnarə xanım böyük ustadı  Qara Qarayevdən  təkcə bəstəkarlıq sənətinin sirlərindən deyil,  eləcə də onun qeyri-adi təfəkküründən  məharətlə bəhrələnərək,  yanaşdığı hər bir işdə yüksək nəticələrə müvəffəq olmuşdur.  Bu gün  o,  musiqi sahəsində  yorulmadan çalışaraq fəal mövqe tutur, elmi konfranslarda, televiziya və radio verilişlərində çıxışlar edir.  Azərbaycan musiqi həyatında mövcud problemlər haqqında, onların həlli ilə bağlı tövsiyələrini və dəyərli fikirlərini çəkinmədən bəyan edir. Elnarə xanımla bugünkü söhbətimizi də məhz bu səmtə istiqamətləndirdik.   

    - Elnarə xanım, Azərbaycan musiqişünasları tərəfindən musiqi tədqiqatı və musiqi tənqidi istiqamətində aparılan işlər  bizə nələri vəd edə bilər? Heç kəsdən gizli deyil ki,  bu gün musiqi tənqidinə daha çox ehtiyac duyulur. Bəzən elə zəif  əsərlər səslənir ki, Sizcə onların daha açıq və kəsgin tənqidi zəruri yanaşma tələb edən məsələ deyilmi? Bu sahədə hansı konkret addımlar atmağı tövsiyə edərdiniz? 

    - Tənqidə çox böyük ehtiyac var. Lakin gəlin görək, onu "sağlam" qəbul edən musiqişünas, bəstəkar və ya ifaçı varmı?  Axı hamıya məlumdur ki, tənqid heç də birmənalı qarşılanmır. Xüsusilə tənqid olunan tərəfindən tənqid edənə  hətta  düşmənçilik münasibəti belə bəslənilir. Lakin, tənqid olunan tərəf  anlamalıdır ki, bu hədəfə tutulmuş konkret bir şəxsə qarşı yönələn qərəz deyil, ümumilikdə Azərbaycan  musiqi mədəniyyətimizin parlaq dünənini qoruyub saxlayaraq, layiqli sabahını təmin etmək üçün atılan addımdır. Unutmayaq, axı bizim musiqi "şəcərəmiz" var!
    Məsələn, deyilir ki, özəl televiziya kanallarının işinə müdaxilə edə bilmərik. Onlar  müstəqil şirkətlərdir.  Nə olsun ki, özəldir, fərdidir və s. Məgər onların rəhbərləri bu ölkənin vətəndaşları deyilmi? Təsəvvür edək ki,  hər hansısa bir dövlətə müharibə elan olunub, o ölkənin əsl vətəndaşı "bu müharibə mənə aid deyil", deyə bilərmi? Axı hal-hazırda musiqi mədəniyyətimizdə baş verənlər  biabırçı  məğlubiyyət və böyük itkilərlə  nəticələnə  biləcək müharibəni xatırladır. Bu "müharibəni" uduzmamaq üçün isə bütün peşəkar  musiqiçilər, mədəniyyət xadimləri səfərbər olub,  səylə çalışmalıdırlar! Özəl kanalların efirlərində də heç olmasa həftədə bir, iki dəfə insanların  mənəviyyatına müsbət təsir göstərən saf, yüksək enerji ilə yüklənmiş klassik musiqi təbliğ edilməlidir.
     
    - Necə düşünürsünüz,  bu gün Azərbaycan bəstəkarlarının geniş şöhrət qazanmış xeyli əsərləri (Sizin əsərləriniz daxil olmaqla) musiqişünaslarımızın işlərində lazımı ifadələrini tapa bilirlərmi?

    - Söyləyəcəyim  fikirlərə  görə içində yaradıcılıq qığılcımı olmayan musiqişünaslarımız  məndən inciməsinlər.   Musiqi tarixində hər hansısa  peşəkar musiqi  tədqiqilə  tanış olarkən özünüz də görəcəksiniz ki, bu təhlili edən əsasən bəstəkar və ya yaradıcı musiqişünasdır. ×ünki, zənnimcə, yalnız yaratmaq qabiliyyəti və potensialına malik olan şəxs, musiqini içindən tam duyub, ona düzgün və dolğun qiymət verə bilər. Bəşər musiqi tarixində nəzəri baxımdan dəyərli tədqiqat işləri yazan alimlər əsasən bəstəkarlardır. Bilərəkdən sadalamadığım adlar içində bu işin öhdəsindən ləyaqətlə gələn görkəmli bəstəkarları şübhəsiz ki, hamı yaxşı tanıyır. Óğurlu musiqişünaslıq təhlilini layiqincə yerinə yetirən musiqişünasların əksəriyyəti də vaxtilə az da olsa  bəstəkarlıq ilə məşğul olmuş, yaxud da,  daxilən yaradıcı olan və yüksək təxəyyülə malik olanlardır. Məhz onlar bu gün Azərbaycan musiqişünaslığı sahəsində çox yüksək səviyyədə duran tədqiqatçılardır. 
    Lakin əfsuslar olsun ki, bəzən  heç bir məntiqə, elmi fikrə  belə söykənməyən, çox bəsit ifadələrlə dolu  yazılara rast gəlinir. Hesab edirəm ki, gələcəkdə professional bəstəkarlarımızın, musiqişünaslarımızın, ümumiyyətlə  yüksək səviyyəli ziyalılarımızın  olmasını istəyiriksə,  bütövlükdə tədrisin, maariflənmənin, mütaliənin səviyyəsini də qaldırmalıyıq. Bir sözlə, mən çox arzulayardım ki, biz özümüzə, layiq olduğumuza qayıdaq...

    - Elnarə xanım, yaradıcılığınızda uşaq və yeniyetmələrə yönəlmiş musiqiyə böyük önəm verən bir bəstəkar kimi,  uşaqlarda professional sənət nümunələrinə qarşı həvəs və zövqü  formalaşdırmaq üçün Sizcə  nə etmək lazımdır? Necə edək ki, hər bir Azərbaycanlı şagirdinin diqqətini  bütün dünyanı bürüyən bayağılığa deyil, teatrlarımızın, konsert salonlarının səhnələrində qoyulan tamaşa və konsertlərə cəlb edə bilək? 

    - Bilirsiniz,  hesab edirəm ki, bu cür problemlərin həlli  elə  bizim  özümüzdən asılıdır. Hər birimiz, işindən, peşəsindən asılı olmayaraq  uşaqlarımızın gələcəyini düşünməliyik. İlk öncə hər şey ailədən başlanmalıdır. Gənc valideynlərimizə tövsiyə edirəm ki, övladlarını özbaşına buraxmasınlar, onlara əxlaqi dəyərləri, ədəb-ərkanı, maariflənmə həvəsini zamanında aşılaya bilsinlər. Bu gün orta məktəblərin  tədris proqramına musiqi tarixi və ədəbiyyatı haqqında mövzular salınıb. Amma uşaqlar professional musiqi əsərlərini demək olar ki,  çox az, yaxud da heç eşitmirlər. Sadəcə, əsl incilər olan musiqi nümunələrinin səslənməsini balalarımız "əldə edə bilmirlər". Demək, bu dərslərin tədrisində ciddi problemlər var. Valideyn də, müəllim də, şagird də  bu tədrisdə  düzgün istiqamətdə iştirak və  inkişaf etsəydi  o  zaman müsbət nəticə də əldə oluna bilərdi. 
    Bu gün sosial şəbəkələrdən  geniş istifadə olunur. Təbii ki, uşaqlarımız bu vasitə ilə də xeyli maariflənə bilər.  Məsələn, Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "meneviservetimiz.az" adlı bir portal yaradılıb. Burada Azərbaycan və dünya tarixi, ədəbiyyatı, musiqisi, təsviri sənəti və s. mövzular haqqında geniş məlumatlar yerləşdirilib.  Eyni zamanda, bu portalda musiqini dinləmək də mümkündür. Odur ki, bu cür  müsbət yeniliklərdən  xəbərdar olmaq, dəyər verərək istifadə edib, bəhrələnmək artıq özümüzdən asılıdır. 
    - Bir çox müsahibələrinizdə qeyd edirsiniz ki,  zamanında böyük ustadınız Qara müəllim bəstəkarlığın çox çətin və məsuliyyətli bir iş olması  haqqında Sizi xəbərdar edərək söyləmişdi: "...bəstələdiyin əsərlərin  ifasını (xüsusilə də səhnə və  iri həcmli əsərlərin) heç də istədiyin zaman təşkil edə bilməyəcəksən.  Qarşıda səni gözləyən  bu cür  çətinliklərə  hazır ol."

    Bu gün isə etiraf edirsiniz ki, nə yaxşı ki, zamanında müəlliminiz Sizi bütün bunlara hazırlamışdı. "Doğrudan da, bəstəkarlıq sənətinin səması bəzən  açıq, bəzən isə qara buludlarla dolu, boranlı, küləkli olur", deyə, söyləmişdiniz. Qarşılaşdığınız  çətinliklər, yaradıcılıq həvəsinizə mənfi təsir göstərə bilibmi?

    - Doğrudur, bu böyük  çətinlikləri artıq tam təfərrüatı ilə öz taleyimdə yaşamışam. Ancaq,  yazıb-yaratmaq  mənim həyat tərzimdir. Az və  ya çox olan yaradıcılıq bacarığını, istedadını mənə Óca Tanrı bəxş edib. Lakin yalnız özüm üçün yox. Əgər dünyaya gəlmişəmsə və özümdən sonra nəyisə  qoyub getmək qabiliyyətinə malikəmsə, bunu etməsəm günah iş tutmuş olaram. Mənə nəsib olan bu istedaddan " sədəqə " verməliyəm. Sabahımızın təminatçıları olan balalarımızın yolunda  yorulmadan, usanmadan çalışmaq və yaratmaq mənim borcumdur.  Həyatımın çox hissəsini yaradıcılığa sərf etmişəm.  Təbii ki,  bu gün səhhətimdə yaranan problemləri aradan qaldırmaq, maddi qayğılardan müəyyən dərəcədə  azad olmaq imkanına da malik olsaydım, yaradıcılığımı daha artıq şövqlə davam edə bilərdim. 

    - 1996-cı ildə "Məhsəti" operasını yazmağa başlamışsınız. Nəyə görə bu operanı hələ də tamamlamamışsınız?

    - Operanın  mövzusu  çox maraqlıdır. XÛÛ əsrin ən cazibəli söz ustadlarından biri - Məhsəti Gəncəvinin həyatından bəhs edir. Bu operanı yazmağa başlayanda  məndə böyük  həvəs və inam var idi ki,  bir zaman gələcək "Məhsəti" məşhur və sevilən operalardan biri olacaq.   
    Lakin bu gün artıq inamım yoxdur ki, təmirə ehtiyacı olan Opera və Balet teatrında  "Məhsəti" operasını yaxın zamanda səhnəyə gətirə bilərəm. ×ünki sifariş olunmamış tamaşaların səhnəyə gətirilməsi ("Məhsəti"də məhz belələrindəndir) obyektiv səbəblərdən teatrın işinə kobud müdaxilə ola bilər. Vaxtilə dahi Q.Qarayevin xeyir-duası ilə bəstələnən və teatr tərəfindən sifariş olunmayan  "Sayalı" baletinin premyerasını 36 il gözlədikdən sonra 60 yaşımda  Opera və Balet teatrının səhnəsində görmək, şükürlər olsun ki, mənə nəsib oldu. Teatrın repertuarında nəzərdə tutulmayan "Məhsəti"ni  tamamlasam, təbii ki,  onun da premyerasını müəyyən bir müddət gözləməli olacağam. Bu gün isə mən əsərlərimin hamısını qulaqlarımla eşidib, gözlərimlə görmək istərdim ki, məndən sonra onlar təhrif olunmasınlar, müəllifin düşündüyü kimi səslənsinlər.
    Qeyd edək ki,  "Sayalı"  bəstəkar Elnarə Dadaşova tərəfindən 1983-cü ildə bəstələnmiş birpərdəli baletdir. Əsər bəstəkarın anası Sayalı Tağıyevanın adını daşıyır, valideynlərinin  xatirəsinə, onların  böyük, ülvi  sevgilərinə bir  ithafdır.  2012-ci ilin 15 dekabrında baletin premyerası olub. 

    - Elnarə xanım, "Sayalı"nın premyerası  Sizi qane etdimi?

    - Əlbəttə. İlk öncə mən Opera və Balet teatrının rəhbərliyinə, bədii şurasına, tamaşanı hazırlayanlara, ifa edənlərə, iştirakçılara, dirijora və orkestr üzvlərinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Ümumiyyətlə bu baletin tamaşa salonuna gəlməsində  əməyi, zəhməti  olanların hər birisinə  hörmət, sevgi, razılıq və təşəkkürümü bildirirəm.
    "Sayalı" baleti əbədi məhəbbət, gənclik və rəqabət mövzusundadır. Rəhim və Kərim adlı iki cavan oğlan Sayalının məhəbbəti uğrunda mübarizə aparırmışlar. Sonucda Rəhim və  Sayalının  qarşılıqlı  məhəbbəti qalib gəlir. Lakin, əfsuslar olsun ki, Sayalı xanıma  "Sayalı"nı seyr etmək nəsib olmadı. O,  yalnız  vəfatından bir ay öncə  bildi ki, artıq Opera və Balet teatrı əsəri səhnələşdirmək üçün qəbul edib.       


    -  Bildiyimizə görə, baletin librettosu bir neçə dəfə dəyişilib. 


    - Bəli, tamamilə doğrudur.  Anam dünyasını dəyişməzdən bir az öncə, teatrın bədii şurası baletimi qəbul etdiyi barədə qərarını mənə açıqladı: musiqi qısaldılmalı, libretto dəyişməlidir. Librettonu əməkdar müəllim, xoreoqraf  Pulumb Aqiliu yazdı. O, "Sayalı"nın baletmeysteri  kimi  mənim "Kvartet"imdən  lirik 3-cü hissəni -"Adajio"nu baletin musiqisinə əlavə etdi. Vaxtilə anam bu musiqini dinlədikdən sonra, mənə: "Sən düşünmüşsən ki,  mən artıq həyatda yoxam və ona görə bu  kədərli musiqini yazmısan?"  sualını vermişdi. O zaman mən  çox pərişan oldum və anamı əmin etməyə çalışdım ki, kvartetin dramaturji xəttinə görə bu hissədə bir az qəmli və lirik musiqi olmalı idi, vəssalam.
    Lakin təsəvvür edin ki,  doğrudan da baletdəki bu Adajio anam dünyadan köçəndən  sonra onun adını daşıyan tamaşada oynanıldı. Deməli, anam mənə ünvanladığı  sualın cavabını da sanki elə  özü  bilirmiş...

    - Elnarə xanım, bütün həyatınızı " qələmə " alsaydınız, bəstələdiyiniz  musiqi hansı lada əsaslanardı?

     - Ancaq major ladında olardı. Mənim bəstəm  yalnız nikbinliyi, həyatsevərliyi, nəvazişi, mərdliyi və cəsarəti tərənnüm edə bilər.  Lakin, bu yaxınlarda  xor əsərlərimdən ibarət keçirilən konsertdə,  kapellanın ifasını bir bəstəkar  kimi deyil, musiqişünas Elnarə Dadaşova kimi dinləyib, bu musiqilərdə özüm üçün gözlənilməz olan qəmli, nisgilli notları aşkar etdim. Və düşündüm: nədən  xor musiqimdə  duyula biləcək dərəcədə qəmliyəm? Bəlkə də bu instrumental müşayiəti olmayan, yalnız insan səslərindən  ibarət musiqi olduğuna görə belə  idi. Özüm-özümə cavab verdim: iç dünyamızın ən dərin qatlarında gizlənən, heç kimsə ilə bölüşə bilmədiyimiz kədəri  aydın ifadə etməyə qadir məhz insan səsləridir.
    Bu günə qədər  Elnarə xanımın yaradıcılığını bir neçə yöndə göstərə bilən əsərləri səslənib. Lakin  xanım bəstəkarın öz təbirincə desək: "İfa olunan əsərlər fəaliyyətimin, demək olar ki, kiçik bir hissəsidir. "Hələ  ifa olunmasını gözlədiyi  çox əsərləri var. Məsələn, 2006-cı ildə orqan üçün bəstələdiyi  və Alman musiqiçilərinin təşəbbüsü ilə Almaniyaya göndərilmiş "Segah fantaziyası"nın, 1999-cu ildən  yazılan "Xocalı laylası"nın və digər əsərlərinin Vətənimizdə səslənməsini, şübhəsiz ki, Elnarə xanım da, onun dinləyiciləri də səbirsizliklə gözləyirlər.      
    Ötən ilin iyun ayında sevimli bəstəkarımızın ilk müəllif  konsertindən sonra baş tutmuş görüşümüzü xatırladım.  O zaman "İllərdir gözlədiyiniz bu konserti necə qarşıladınız?" sualını, Elnarə xanım belə cavablandırmışdı: "Elə bil coşub-çağlayan, yüksək  axma sürətinə malik bulaq suyunun  uzun müddətdir ki, qarşısını kəsən  tıxacdan azad  olunduğu kimi..." 
    Bəstəkarlar İttifaqının zalında onun ilk müəllif konserti keçirildi.  Konserti Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz xanım Əlizadə açıq elan etdi. F.Əlizadə təbrik çıxışında Elnarə xanımı Q.Qarayev sinfinin ən istedadlı nümayəndələrindən biri, öz üslubu və fərdi dəsti-xətti ilə seçilən, zahirən də çox cazibədar olan xanım bəstəkar kimi səciyyələndirdi.
    Konsertdə müəllifin  13 əsəri səsləndi. Onlardan bəstəkarın yaradıcılığında əsas yerlərdən birini tutan romanslar, fortepiano üçün prelüdlər, variasiyalar, fuqalar, sonatina, 2 royal və la-kuti üçün "Aşıqsayağı" və s. Diqqəti çəkən məqamlardan biri də odur ki, əməkdar artistlər, laureatlar və diplomantlarla yanaşı əsərlərin əksəriyyəti gənc musiqiçi-tələbələrin məharətli ifasında səslənmişdi. Elnarə Dadaşovanın  iki royal və metso-soprano üçün bəstələnmiş "Ariya"sı dünyasını dəyişmiş insanların- atasının, müəllimlərinin, dostlarının xatirəsinə   ithaf olunmuşdu. Konsertə xüsusi həzinlik bəxş etmiş bu əsərdə öncə ümumbəşəri olan latın dilində dualar, ardınca  Azərbaycan dilinə tərcümə olunmuş Quran ayələri avazla oxunduqdan sonra səslənən  layla dinləyiciləri çox mütəəssir etmişdi. Elə bu zaman  gözəl görünüşlü, kübar bir xanım konsert zalına  daxil oldu.  (Qeyd edim ki, konsert proqramı  başlandığı andan, ağzınadək  dolu olan tamaşaçı zalının  ön sırasında  boş qalmış bir oturacaq yeri nəzərimi artıq cəlb etmişdi. Lakin  təsəvvür belə edə bilməzdim ki, bu yerin sahibi kim olacaq). Laylanın sədaları altında bu oturacağa doğru həzin-həzin addımlayan  Sayalı xanım  idi...          
    Elnarə xanımın ən böyük arzularından biri də 2 saylı simfoniyasının tam  şəkildə ifasını eşitməkdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, bu simfoniyanın Û-ÛÛ  hissələri 2013-cü il yanvarın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət  Filarmoniyasında baş dirijor, xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Böyük Simfonik Orkestrin ifasında  E.Dadaşovanın əsərlərindən ibarət müəllif konsertinin ikinci bölümündə  səsləndirilmişdir.   
    İki saylı simfoniyasından danışarkən, Elnarə xanım sevimli müəllimi Qara Qarayevlə olan xatirələrini  bir daha yada saldı: "Qara müəllimlə onun Moskvadakı evində  görüşümüz zamanı, iki saylı simfoniyamı royalda çaldım. O, bu əsəri yüksək qiymətləndirərək, "Azərbaycan simfonizmində yeni söz" adlandırdı. Partituranın mürəkkəbliyini və məhz bu səbəbdən onun ifasının çox çətin olacağını da mənə bildirdi. Bu mürəkkəblilik melodik xəttin alətdən alətə ötürülməsilə səciyyələnir. Bu gün düşünürəm ki,  simfoniyanın finalını artıq  yenidən redaktə edim və melodik xətti  növbə ilə müvafiq  alətlərə "otuzdurum" ki, nəhayət,  iki saylı simfoniyamın  tam ifasını eşidim. " 
    Elnarə xanım çoxcəhətli, ecazkar yaradıcılıq hünərilə, yazdığı hər bir əsərə sanki  nəfəs verib, onu canlandırmaq qüdrətinə malik  sənətkardır. Onun musiqisi insanın düşüncəsinə cila verir, mənəviyyatını saflaşdırır. ×ünki bəstəkarın müəllifi olduğu musiqilərində gözəlliyə, təbiətin sehrinə vurğunluq, məhəbbət və səadət uğrunda mübarizə, Ana, Vətən sevgisi, uşaq dünyası   tərənnüm edilir.
    Yaşanan   qəmli-kədərli, həyəcanlarla dolu, eləcə də  sevincli və məsud  anlarını  yaratdığı   əsərlərdə mücəssəm edən  bəstəkar Elnarə Dadaşova,   həyatın  dəfələrlə  yaratdığı və məhv etdiyi "əks-sədanı" bir ahəngdar zərbə (akkord) ilə öz dinləyicisinə çatdıra bilir. Axı onun  böyük sənətində  M.Müşfiq demişkən: "... yer gücü, göy gücü vardır! "
    Ümidvaram ki,  bu gün  Elnarə xanım Dadaşovanın  adı çəkiləndə artıq  hər kəs onu yaxşı tanıyacaq.  Hər halda,  buna  inanıram. ×ünki sənətkarı, özü də böyük sənətkar zirvəsinə ucalan həmvətənlərimizi  xalqımız yaxşı tanıyır, onlara dərin hörmət və sevgi bəsləməyi də bacarır. 
    Şübhəsiz, bu cür şəxsiyyətlərin  bütün dünyada tanınmasını  da səmimi- qəlbdən istəyirik. Sevindirici və qürurvericidir  ki,  Elnarə Dadaşovanın əsərləri ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya və s. ölkələrin konsert salonlarında  səsləndirilib. Bəzi xarici musiqiçi və bəstəkarlar (ABŞ-ın tuba üzrə ifaçısı, professor C.Kenyon, Fransa bəstəkarı Pyer Tilui) onun əsərlərini dinləyib, valeh olmuşlar  və onları  təbliğ etmək üçün öz ölkələrinə aparmışlar.  Elnarə xanımın yaradıcılığına neçə-neçə xarici ölkənin musiqi təşkilatları yüksək qiymət vermişlər. Məsələn, onun əsərlərinin ifasını İtaliyada "Donna İn Muzika" təşkilatının xətti ilə yayımlanmasını təmin etmişlər.
    "2000-ci ilin qadın bəstəkarı "  adını  ABŞ-ın Bioqrafiya İnstitutu  məhz Elnarə Dadaşovaya layiq bilmişdir. 2001-ci ildən isə Elnarə xanım ABŞ-ın Bioqrafiya Mərkəzinin rəhbərliyinə fəxri üzv seçilmişdir.
    2001-ci ildə Romada məşhur  "Doppler" qrupu öz konsert proqramında  bəstəkarın 2 fleyta və fortepiano üçün "Səda" adlı pyesini   ifa etmişdir.   2004-cü ildən bəstəkarın 2 saylı kvarteti Fransanın tanınmış "Qaudi" simli kvartetinin  ifasında səsləndirilmiş və repertuarlarına daxil edilmişdir.  
    Bu il sevimli bəstəkarımız Azərbaycan Kütləvi İnformasiya Vasitələri  İşçilərinin  Həmkarlar İttifaqının  "Qızıl qələm " mükafatı ilə təltif olunub. Bununla da,  qoy   hamı hali olsun və şübhə etməsin ki, Üzeyir Hacıbəyli öz dühası ilə Azərbaycana  miras qoyduğu  parlaq sənət irsi layiqincə davam etdirilir.  
    Sadəcə  bugünün Elnarə Dadaşova kimi görkəmli şəxsiyyətlərini tez-tez yada salıb, onların musiqi mədəniyyətimizə çoxşahəli yaradıcılıqları ilə bəxş etdikləri dəyərli töhfələri haqqında yetərincə məlumatlı olsaq, o zaman mükəmməl özülü qoyulmuş bəstəkarlıq məktəbimizin qüdrətinə  inanıb, güvənərik!                       

    Səbinə Sadıxqızı
    "Kaspian İzvestiya" Beynəlxalq İnformasiya Agentliyinin vitse-prezidenti

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1212
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30