Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Parlamentdə ölkədə yaranan enerji böhranı müzakirə olundu
12.02.10 21:48

Bu gün Milli Məclisin növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasın cari məsələlər müzakirə olunan hissəsində çıxış edən millət vəkilləri Bakıda qarlı hava şəraiti ilə əlaqədar yaranan enerji böhranını müzakirə ediblər. Deputat İqbal Ağazadə Bakıda hava şəraiti ilə bağlı yaranan problemlərin ciddi qüsur yaratdığını bildirdi. O, müvafiq qurumların səlahiyyət bölgüsünü apara bilməməsindən sadə vətəndaşların əziyyət çəkdiklərini söylədi. Millət vəkili təklif etdi ki, Bakı şəhərinin kommunal təchizatı ilə bağlı məsələ bələdiyyələrin sərəncamına verilməlidir və Bakı şəhər bələdiyyəsi yaradılmalıdır. Millət vəkili Musa Quliyev isə cinsi yolla yoluxan xəstəliklərin qarşısının alınmasının tənzimlənməli olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, bu kimi xəstəliklərin qarşısının alınması üçün Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməlidir. Millət vəkili Tahir Rzayev isə bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinin problemlər yaradacağını vurğuladı. Onun sözlərinə görə, bələdiyyələr hələlik bu kimi problemin həllini tənzimləyə bilməzlər. Millət vəkili Qüdrət Həsənquliyev isə Bakıya qar yağmasının şəhər təsərrüfatının idarə edilməsini bütün çılpaqlığı ilə üzə çıxardığını bildirdi. “Yol Polisi, FHN-in fəaliyyətini təqdir edirəm. Lakin Bakının enerji təchizatının saatlarla dayanması ciddi problemdir. Zibillər küçədə qalıb. Bu problemlərin çoxu islahatların aparılmaması ilə bağlıdır. Bu sahəyə aid qurumlar özəlləşməlidir. Qüsurlara yol verən şəxslər isə cəzalandırılmalıdır”,-deyə Q.Həsənquliyev vurğuladı. Deputat Fəzail Ağamalı enerji böhranının araşdırılmalı və bundan ölçü götürülməli olduğunu bildirdi. Onun sözlərinə görə, bu problem müvafiq qurumların səhvi ucbatından yaranıb. Spiker Oqtay Əsədov məsələyə münasibət bildirərək qeyd edib ki, pis hava şəraitində FHN və Yol Polisi gözəl işləyib. Onun sözlərinə görə, enerji problemi Amerikada qar yağanda da yaranır. “Hazırda ABŞ-ın bir sıra dövlət əhəmiyyətli obyektləri bu kimi problemlər ucbatından fəaliyyət göstərə bilmirlər”,-deyə O.Əsədov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-766.html