Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Azərbaycan mərsiyə ədəbiyyatı
02.02.10 15:44

İLAHİYYAT FƏLSƏFƏSİ

Kəlam jurnalı Azərbaycan mərsiyə ədəbiyyatına aid silsilə məqalələr dərc etmişdir. Klassiklərimiz bu barədə qəsidə, dübeyt, mərsiyə, rəcəz və digər janrlarda öz sözlərini demiş, baş vermiş hadisələri ürək yanğısı ilə zaman-zaman yaşatmış və günümüzə qədər gətirib çatdırmışlar. XIX əsrdə yaşamış Qumru Dərbəndi böyük zəhmət bahasına 14 məsumun başına gələn müsibətləri kamil divan şəkilində ərsəyə gətirmişdir. Həmən divan bu gün də bizim əlimizdə ən dəyərli əsər kimi istifadə olunmaqdadır. 
Mərhum Qumru bu əsərin başlanqıc «Saqinamə»sində dövrünün əksər tanınmış şairlərini ad-bəad misralara salmış, onların əsərlərinin adlarını çəkməklə öz ədəbi məclisinə dəvət etmişdir. Qumru sözügedən Saqinamədə elmi bəhs açaraq şairlərin əsərlərini müqayisəli şəkildə qiymətləndirməyə çalışmışdır. «Saqinamə»ni oxuduqca biz bütün bunların açıq-aydın şahidi oluruq:  

SAQİNAMƏ

Saqiya eylə kərəm dur meyi minanı gətir

Qoy gözüm üstə qədəm sağəri - söhbanı gətir

Adətən irfani şerlərdə  saqi, mey, mina ifadələri öz əsl mənasında yox, məcazi mənada işlənmişdir. Saqi hər hansı içməli şeyləri qədəhlərdə məclisdə dolandıran şəxsə deyilir. Mey sözün əsl mənasında şərab olsa da, heç şübhəsiz İslam alimləri, xüsusən  Əhli-beyt şairləri irfan aləmində onu şərbət və digər halal buyurulan, ariflərin məclisində istifadə edilən meyvə şirələri adı ilə nəzmə çəkmişlər. Habelə Əhli-beyt şairləri mey-ifadəsini əbcəd hesabı ilə m-4, y-10 rəqəmlərini toplamaqla 14 məsum mənasına götürmüşlər. Beytin ikinci misrasında «Qoy gözüm üstə qədəm sağəri söhbani gətir» deməklə şair məsumların - günahsız Peyğəmbər (s) Əhli-beytinin əza məclisini zinətləndirməyi incə mətləblərlə oxucunu gözəllik aləminə aparmaq istəyindən irəli gəlməsidir. Onun Əhli-beytə olan hədsiz məhəbbətinin bariz nümunəsi olaraq belə məclisdə saqi qədəmlərini gözləri üstünə qoymasına razılaşan şair böyük canfaşanlıq göstərir.

Laləzar oldu çəmən üz verib əyyami- bahar

Cami- zərrin ələ al badeyi- hümrani gətir

Yuxarıdakı beytdə şair Qumru baharın gəlişi ilə çəmənlərin laləzar – yam-yaşıl olmasını, Saqinin qızıl camı əlində gəzdirməsini al-əlvan çiçəklərin simasında camın içində olan qırmızı şərabı  müqaisə edərək yüksək ədəbi zövqlə misraya gətirmişdi.  

Qıl əta hüsrəmi gülfam fərəh bəxşü zülal,

Ləlgün abu tərəb rahu müsəffanı gətir.

Qədəhi elə ləbaləb, ver içim məstanə,

Badəyi eşg cənabi- Şəhi- Mərdanı gətir.

Qədəhi ağzına qədər doldurmasını Saqidən təmənna edən şair  mərifət şərabı ilə məst olana qədər içmək istəyindədir. Xüsusən də, Şəhi-Mərdan Mövla Əli ibn Əbu Talibi (ə) yada salaraq «Badəyi eşg cənabi- Şəhi- Mərdanı gətir» deməklə o cənabın eşqi ilə İlahi- məstanəliklə ülviyyət  arzusuna düşür.

Tutiyi nitq göhərbarım açıb durci dəhən,

Bəzm şahanə qurub məclisi- irfanı gətir.

Bu beytdə şair, öz nitqini qiymətli gövhərə bənzətməklə sanki ağzından dürr tökülən bir hikmət aliminin irfani məclisdə-ariflərin hüzurunda şahlara layiq söz xərc  etməklə qiymətli incilər ortaya  qoyur.

Badbanın çəkib ovcu fələkə fülk xəyal,

Ləngər etməyliyə amadədi dəryanı gətir.

Burada isə sanki xəyal gəmisinin yelkənini dartaraq göyün ənginliklərinə qaldırır və özünün dediyi kimi (Ləngər etməyliyə amadədi dəryanı gətir) bir gəmi dolusu ləl-cəvahirat dəyərində söz gəmisini ləngər salmaq üçün dərya arzulayır.
 


Rayət fikrim olub hər tərəfə şuqqə güşa,

Dövrə qılmaqlıq üçün aləmi- balanı gətir.

Bal zərrin götürüb uçmağa şahinü məğal,

Bir dəm ey təb rəvan başıma sövdanı gətir.

Sədəf nəzm təmamən yetirib dürr yetim,

Qiymətin bilməyə Sərrafi- suxəndani gətir.

Fikir və düşüncəsinin hər tərəfə açıldığını söyləyən şair şahin kimi yüksəklik axtarışındadır. Qızıl qanadları ilə səma ənginliklərində süzən şahin kimi şeir aləmində rəvan təblə sevda axtarır.
Şair Qumru əhlibeyt haqqında yazdıqlarını sədəf içərisində durri-yetim (ən qiymətli ləl) adlandırır. Ona görə də onlara qiymət vermək üçün söz sərrafı axtarır.
Şair bu beytdə öz şerlərini sədəf içərisində yetişən dürr-yetimə bənzədərək onun qiymətini təyin etmək üçün söz sərrafının gəlməsini arzulayır. Burada o heç şübhəsiz ki, nəzm və şerləri ilə 19-cu əsrin sonlarında yaşayan, dövrün ən gözəl gözəl şairlərindən olan, söz sərrafı Hacı Rza Sərrafı nəzərdə tutmuşdu.

Bircə bu məclisə ey saqiyi fərxundə camal,

Şüarayi əcəmu turk Buxaranı gətir.

Ola gər eylə güzər məmləkəti- Şirvanə,

Nəzmdə firqeyi şairlərə Xaqanı gətir.

Söylə Xaqaniyə ey çinü suxən Xaqani,

Ərməğan əldə tutub nəzm durəfşanı gətir.

Bu beytlərdə şair Qumru daha qabağa gedərək Əhli-beytə etdiyi yüksək xidməti qiymətləndirmək məqsədi ilə əcəm, türk və Buxara şairlərinə xitab edərək onları şer və sənət nümunələrini nümayişi üçün öz məclisinə  dəvət edir. Həmçinin Xaqaniyə Şirvan vilayətində olan şairlərə xitab edərək «Söylə Xaqaniyə ey çinü suxən Xaqani, Ərməğan əldə tutub nəzm durəfşani gətir»,-deyə onları şeir-sənət meydanına çağırır.  
Şair Qumru zülmət qaranlıqları işıqlandırmaq üçün salamatlıq vadisini, Musa peyğəmbərin Turi-təcəllasını arzulayır.

Unsuri- aləmi- zülmat ənasirdə göz aç,

Vadiyi eymənə gəl, tur təcəllanı gətir.

Qıl xəbərdar Nəvai kimi sahib hünəri,

De tamaşaya tamam əfsəhi- turanı gətir.

Nəvai kimi hünər sahibini, bütün Turan fəsehlərini tamaşaya dəvət edir.

Ənvəri- neyyiri- əəzəm kimi nəzmdə munir,

Dürr nisar eyləməyə əqd surəyyanı gətir.

Cam vəhdətdən içən camu cəmi camə deyin,

Açmaya durc fəsahət duri- mərcanı gətir.

Sədiya ism sənin taleyi məsud mənim,

Bərg bibaridi Bustanu, Gülüstanı gətir.

Daha sonra şair Qumru, hikmət və məntiq şairi olan Sədi Şirazini xitab edərək, irfan məclisinə çəkir. Hətta Sədiyə muraciətlə  günah sənin, səadətli tale isə mənimdir deyir. Sənin Bustan və Gülüstan əsərlərini sanki bar verməyən bağ-bağçaya bənzədir, Qumru. 


Ey olan Hafizi kənz dürri-şəhvar qəzəl

Yar məşuq nədir huriyi- qılmanı gətir


Daha sonra Qumru məşhur qəzəl ustadı olan Hafizi Şirazinin adını çəkərək, ona tənə vurur, sən eşqdən, yardan, məşuqdan yazırsan deyir, bunlar şəhvani hisslər, eyş-işrət, başqarışdırıçı əyləncə, məşğuliyyətdən başqa bir şey deyil. Sən bizim irfan məclisimizə cənnətdən  huriyi-qılman gətirməlisən.

Ey Nizami demə çox Xosrov ilə Şirindən

İstəsən taxt büsat üstə Süleymanı gətir

Qumru söz sənətində uca zirvədə qərar tutan şeir aləminin peyqəmbəri adlanan  Nizami Gəncəvi kimi bir sənətkara etiraz səsini ucaldaraq, onun əsərlərini çox da böyük bir sənət nümunəsi saymır. Hətta ona deyir ki, sən taxt üstündə Süleymanı da gətirsən, yenə də mənim qəhrəmanlarımla müqayisə olunmaz.

Ar ola qüvveyi idrakuvə ey Xaqani

Sən də gəl öz dediyin hərzavü hədyanı gətir

Şair Qumru Xəqani kimi böyük ustad sənətkara çəkinmədən tənə vurur. Onun yazdıqlarını əhlibeyt nəzmləri ilə müqayisədə hərzəvü hədyan adlandırır.

Çox da fəxr eyləmə öz nəzmuvə ey Firdovsi

Sevəsən söz yerinə ləl bədəxşanı gətir

Qumru Firdovsi kimi böyük filosov-şair, alim-mütəfəkkir «Şahnamə» sahibinə də çəkinmədən: «Çox da fəxr eyləmə öz nəzmuvə ey Firdovsi» deyir. İkinci misrada hətta söz yerinə ən qiymətli ləli-cəvahiratları da gətirsən yenə də mənim əsərimlə yanaşı dayana bilməz deyir şair Qumru.


Gəl şücaətlə girək hər ikimiz cəngahə

Mərəz cəngə qədəm qoymağa meydanı gətir

Dörd ağac xar muğilan yetirən buğə mənim

Sən müqabildə yığıb sahəti- dünyanı gətir

Bu iki beytdə Qumru xitab etdiyi şairləri şeir-sənət meydanına sanki döyüşə çağırır. Hətta öz qəhrəmanlarının vuruş səhnələrini təsvir edərək dörd ağac məsafəsi olan Kərbəla səhrasının tikanlı meydanını  misraya gətirir, dövrün şairlərinə xitab edərək bunun müqabilində dünya boyda meydan tələb edir şair Qumru.

Qabiliyyət hanı Ğəbradə müqabil tutasan

Gər qələt eyləməsəm ərş müəllanı gətir

Mən açım rəzmdə bir qanlı ələm şuqqəsini

Ələm Gavə nədir, mehr durəxşanı gətir

Şair yavaş-yavaş mətləbə yaxınlaşaraq əsərin əsas mahiyyətini açmağa çalışır. O, deyir: «Mən açım rəzmdə bir qanlı ələm şuqqəsini». Burada Qumru Kərbəla məcarasında baş verən hadisələrin şərhini ayrı-ayrı misralarda verməklə yanaşı digər şairlərin əsərlərində cərəyan edən hadisələri də müqayisə edir. Lakin sonda yenə də öz əsərinin qiymətli və əzəmətli olduğunu önə çəkir.

Vardi bir məşq mənim saf suyum ab Fərat

Rud Ceyhun demə keç Qilzəmu ümmanı gətir

Şair öz əsərində Peyğəmbər (s) əhli-beytinin başına gələn faciələrini beytlərdə açıqlaya-açıqlaya hadisələri təsvir edərək müqayisəli şəkildə verə bilmişdir. Şair «Vardi bir məşq mənim saf suyum ab Fərat»-deməklə Kərbəla çölündə Peyğəmbər (s) əhli-beytinin susuzluğunu, bir məşq suya ehtiyac olduqlarını, hətta onu da əldə edə bilmədiklərini bəyan edərək Ceyhun çayı və Qilzəm dəryası ilə müqayisə edir. Şair müqayisəni elə yanıqlı şəkildə verə bilir ki, dövrün şairlərinə yazdıqları əsərlərinə görə sanki xəcalət verir. Yəni sizin yazdığınız əsərlərdə çay dolu, dərya dolu su varsa da mənim əsərimin qəhrəmanları din, əqidə, məslək yolunda susuz halda vuruşur, haqqı, ədalət yolunda canlarından keçməyə belə hazırdılar.

Mən İqab adlı səmənd üstə qoyum zivəru zin 

Sən də öz Rəxşun ilən ərsədə cövlani gətir

Zülfüqar adlı qılınc mən çəkərəm davadə

Gav zərdüz ilə sən Puru Nərimani gətir

Şair əsər boyu qəhramanların miniklərini, silahlarını, geyim və paltarlarını müasir şairlərin qəhrəmanları ilə müqayisə edir və öz qəhrəmanları ilə  haqlı olaraq fəxr ilə öyünür. 
Əsərin sonuna yaxınlaşdıqca şair irfan xəzinəsindən daha qiymətli gövhərlər çıxarmağa nail olur. O ürək yandırıcı şölə ilə öz mətaını irfan bazarına çıxararaq deyir:

Məndə bir sinəsi dörd min yaralı köynək var

Sən təhəmtüyən geyən coş xuftanı gətir

Bəsdi bir qan ilə əlvan olan əmmamə mənə

Sən gedib məğfər fulad mütəllanı gətir

Şair, İmam Hüseyn ağanın fəqət sinə nahiyəsindən aldığı yaralardan dərmə-deşik olan köynəyini misal gətirməklə, oxucuya Peyğəmbər Əhli-Beytinin çəkdiyi müsibətlərini əyani vəsait kimi gözünün qarşısında canlandırır. Və ya ikinci beytin birinci misrasında «Bəsdi bir qan ilə əlvan olan əmmamə mənə » deməklə zəmanə imamının – İmam Hüseynin şəhid olma səhnəsini – həmin anı olduğu kimi sanki hər dövrün oxucusunun idrakında təsəvvür etdirə bilir.


Mən əl üstündə götürrəm bir uşaq qundağın

İstəsən sən dəxi qursi- məhi- tabanı gətir

Bircə şahzadə varımdır toy otağı qurulan

Sən də Keyxosrov ilən taci- dürəfşanı gətir

Mərhum Qumru bu beytlərdə Kərbəla vaqeəsinin ən cansıxıcı məqamı olan qundağdakı körpənin oxlanma səhnəsini  birbaşa canlandıraraq müasirlərinə sanki əyani vəsait kimi nişan verir: «Mən əl üstündə götürrəm bir uşaq qundağın ». 
Həmçinin ikinci beytin birinci misrasında «Bircə şahzadə varımdır toy otağı qurulan » deməklə Kərbəla səhrasında Aşura günü baş vermiş növbənöv dəhşətli, tükürpədici səhnələri ön plana çəkərək İmam Həsən yadigarı şəhzadə Qasımın toy otağı macarasını əli nişanlısının əlinə dəyməyən bəylə gəlinin, iki gəncin nisgilini bariz şəkildə nümayiş etdirir. Bununla da dünyada, xüsusən də İslam aləmində xeyirlə şərin bir-birini tamamlamasını ictimaiyyətə çatdırmağı bacarır.

Çəkərəm ərsəyi cəngahuvə bir tazə cavan

Gör cəmalin sora get laleyi- hümranı gətir

Şair müsibətin ən cansıxıcı yerində ramantikaya əl ataraq, ədəbi poetik ifadələrlə  düşmən meydanına yeni bir rahiyə gətirir. Beytin birinci misrasına nəzər salanda, biz açıq-aşkar bunun şahidi oluruq. «Çəkərəm ərsəyi cəngahuvə bir tazə cavan » deməklə Kərbəla mücahidlərinin kədxudasını-təzə bəyini, tazə cavan adlandırmaqla, ona tərəf qılınc və nizə ilə gələnləri sarsıdır. Onlara başa salmağa çalışır ki, bir bu cavanın camalına, boy-buxununa baxın, tamaşa edin, görün bunun gözəlliyilə qırmızı laləni müqayisə etmək necə də bədiidir.

Leşkərim yetmiş iki teşnə dilavərdi mənim

Sən özün cəmi qılıb leşgər İranı gətir

Şair öz az qoşunu ilə 72 nəfər teşnə- susuz, dilavərlərlə şeir-sənətinin vuruş meydanına bütün İran leşgərinin gətirməsini tövsiyə edir.

Aruzu eyləmə hər beytivə dinaru təla

Mən kimi beytivə bir Cənnət Rizvanı gətir

Mərhum Qumru dövrün müasir şairlərini məzəmmət edərək yazdıqları əsərlərin hər beytinə görə, qızıl-gümüş istəmələri ilə onları həyatda uduzan, aldanan adamlar kimi göstərir. Özü isə: mən kimi hər bir beytə Cənnəti Rizvan istəməklə  Axirət aləminin əbədi olmasını, dünya üçün yox, axirət üçün çalışmağı o istəklərlə yaşamasını tövsiyə edir.

Heyf zəhmət çəkibən bağlamısan Şahnamə

Onda vəsf eylədiyin Rüstəmi- dastanı gətir

Və sonra təəssüflə «Şahnamə» müəllifi Əbülqasım Firdovsiyə irad edərək böyük zəhmətlə «Şahnamə» bağlamasını Rüstəm adlı pəhləvanı istədiyi kimi həddindən artıq şişirtməklə obrazlı şəkildə verməsini böyük məharətlə ön plana çəkmiş və nəticədə öz əsərinin mənəvi dəyərini daha da artırmağa nail olmuşdur. 

Kimdi Rüstəm, nə Fəramərz, nədi Söhrab, nə Kiyo

Bəlkə İsgəndər ilən Bəhməni -Daranı gətir

Nədi İsgəndər Dara, nə salatin Kəyan

Turi Seynayə gedib Həzrət Musanı gətir

Daha sonra «Şahnamə»dəki adları çəkilən əsərin qəhrəmanlarını, bir-bir xitab edərək, Kərbəla qəhrəmanları ilə müqayisə edir, sonda yenə də öz əsərinin, öz qəhrəmanlarının qiymət və dəyərini üstün olduğunu söyləyir. Hətta işi o əndazəyə gətirir ki, Bəni-İsrail peyğəmbərlərini də Kərbala mücahidləri ilə müqayisə edir, nəticədə «Tur Seynayə gedib Həzrət Musanı gətir» deyir. Bütün bunlarla bahəm onsuz da faydası yoxdur deyir, şair Qumru.
 


Ya yapış Nuh ətəyindən o deyil fulk nicat

Ya çıxıb tarimi çarımdəki İsanı gətir




Ya gəzib səfhəyi dünyani dolan eylə soraq

Misridən təxti ilə Yusif Kənanı gətir

Bu byetlərdə isə açıq-aydın əvvəlki peyğəmbərlərin adlarını qyed edərək onların da nicat gəmisi olmadıqlarını deyir. «Ya yapış Nuh ətəyindən o deyil fulk nicat» Qumri öz əsərinin baş qəhrəmanını Həzrəti İmam Hüseyni Peyğəmbərin (s) buyurduğuna görə «Nicat gəmisi» adlandırır. Mötəbər hədisdə Həzrəti Peyğəmbər (s) buyurmuşdur: «Mənim əhli-beytimin misalı Nuh Peyğəmbərin gəmisinə bənzər. Hər kim o gəmiyə suvar olsa, nicat tapar. Hər kim o gəmini tərk etsə qərq olacaq.» Bu hədisə isnadən haqlı olaraq Qumri İmam Hüseyni «Nicat gəmisi» adlandırır. O, üzünü dövrün şairlərinə tutaraq  fəxrlə mənim Hüseyn kimi aləmlərə nicat verən ağam var deməyə əlbəttə haqlıdır. O, ərkyana ürafa əhlinə - əgər sizin də belə bir rəhbəriniz varsa, gətirin meydana, - deyə daha cürət və şövqlə … «Rəhbərimdir iki dünyada Hüseyn ibn Əli gər varın olsa sənin də belə mövlani gətir» deyir.

Hardadır səndə mənim tək şərəfu cahu-cəlal

Şivəyi-nəzmidə girəm yədu beyzanı gətir

Ğubhi-fahiş gətirib eyləmisən sərf kəmal

Özün insaf ilə əql üstə bu sevdanı gətir

Rəhbərimdir iki dünyada Hüseyn ibn Əli

Gər varın olsa sənin də belə mövlanı gətir

Həşridə cam bulur əldə tutub Şiri-Xuda

Buyurur teşnədi çox Qumriyi nalanı gətir

Nəhayət mərhum Qumru əbədi səadət gününü - Həşr, Qiyamət gününü xatırlayaraq sanki haliyədə əlində büllur cam tutan Qiyamət gününün saqisi Mövla Əlini – Şiri Xudanı qarşısında görür, özünün dediyi kimi «Buyurur teşnədi çox Qumriyi nalani gətir» deyir mərhum Qumru.

Qazi Hacı Mirəziz Seyidzadə
URL / WWW
http://kelam.az/article/a-719.html