Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Kinematoqrafçılar İttifaqı Azərbaycan filmlərini Rusiyadan gətirəcək
25.07.12 19:18

Rusiya Dövlət Film Fondunda saxlanılan Azərbaycan filmləri ölkəyə qaytarılacaq. Bu barədə “KƏLAMİNFO”ya açıqlama verən Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin sözlərinə görə, Moskvada Azərbaycanın 300-dək bədii filmi var. Həmin ekran əsərlərini alıb Bakıya gətirmək üçün isə böyük məbləğdə vəsait lazımdır: “Rusiya Dövlət Film Fondunda 1923-cü ildən 1989-cu ilədək çəkilmiş ekran əsərləri saxlanılır. Sovet dövründə hansı respublikada çəkilməsindən asılı olmayaraq filmlərin orijinalları Moskvaya təhvil verilirdi. Biz 23 illik kirayə və saxlanma xərclərini ödədikdən sonra öz filmlərimizi ala bilərik”. Filmlərin qaytarılması ilə birbaşa yeni yaradılan Kinematoqrafçılar İttifaqı məşğul olacaq. Yaxınlarda təsis edilən qurumun icraçı katibi olan C.Quliyevin sözlərinə görə, təşkilatın qarşısında duran əsas məsələlərdən biri məhz budur: “Filmlərin qaytarılması üçün maliyyə ayrılması haqqında dövlətə müraciət edəcəyik. Bununla yanaşı, yeni filmlərin istehsalı və festivallara göndərilməsini də planlaşdırırıq. Eyni zamanda, festivalların keçirilməsi, kino mərkəzlərinin yaradılması, kinematoqrafçıların sosial vəziyyətinin, yaşayış şəraitlərinin yaxşılaşdırılması, onların emalatxanalarla təmin edilməsi, beynəlxalq simpozium və konfransların təşkili kimi məsələlər nəzərdə tutulur”. C.Quliyevin sözlərinə görə, filmlərin geri qaytarılması prosesinə 2013-cü ilin əvvəllərindən başlanması planlaşdırılır. O, ekran əsərlərinin mərhələli şəkildə Bakıya gətiriləcəyini vurğuladı: “Filmlər Moskvada çox yaxşı şəraitdə, səliqəli saxlanılır. Çoxunun surəti bizdə olsa da, artıq Azərbaycan müstəqil dövlətdir və öz tariximizə, mədəniyyətimizə sahib çıxmalıyıq”. C.Quliyev Azərbaycandan başqa heç bir postsovet ölkəsinin Moskvadakı filmlərini geri qaytarmaq planının olmadığını əlavə etdi. Rusiyadan gətiriləcək Azərbaycan kino salnaməsi Dövlət Film Fondunda qorunacaq.
URL / WWW
http://kelam.az/article/a-6782.html