Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ANAMA-NATO birgə layihəsi olan Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi təqdimatı keçirilib
05.07.12 20:09

Bu gün Bakıda ANAMA-NATO birgə layihəsi olan Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi təqdimat mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, mərasimdə əvvəlcə ANAMA-nın fəaliyyətini əks etdirən stendlər, eləcə də agentliyin texniki təchizatı ilə tanışlıq olub. Tədbirdə çıxış edən ANAMA-nın baş direktoru Nazim İsmayılov bildirib ki, layihə üzrə işlərə aprel ayında başlanıb: “Layihə NATO Etimad Fondu tərəfindən dəstəklənir və bu layihə ANAMA-NATO əməkdaşlığı ilə həyata keçirilən ikinci böyük minatəmizləmə layihəsidir”. N.İsmayılov Ceyrançöldə 64 milyon kvadratmetr ərazinin mina və PHS-lə çirkləndiyini deyib. ANAMA direktoru rəhbərlik etdiyi qurumun humanitar minatəmizləmə ilə yanaşı, BMT-nin köməyi ilə təlim bazası yaratdığını, 2009-cu ilin əvvəlindən təlim bazasında Tacikistan, Əfqanıstan, Gürcüstan, İordaniyadan olan mütəxəssislərə təlimlər keçirildiyini bildirib. Tədbirdə baş nazirin müavini Abid Şərifov isə Azərbaycan-NATO əməkdaşlığından danışıb. O, bu əməkdaşlıq çərçivəsində bundan əvvəl “Saloğlu” layihəsinin həyata keçirildiyini və bu layihənin icrası nəticəsində bölgədə mina/PHS təhlükəsinin aradan qalxdığını xatırladıb. Ceyrançöl layihəsinin əhəmiyyətindən danışan A.Şərifov qeyd edib ki, layihənin birinci mərhələsinin xərci 3 milyon avrodan çoxdur: “Bunun 50 faizi Azərbaycan hökuməti tərəfindən təmin olunacaq. ANAMA-nın mütəxəssisləri tam olaraq NATO standartlarına uyğun fəaliyyət göstərir”. Ceyrançöl tipli layihələrin insanların həyatında böyük önəm kəsb etdiyini söyləyən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Ceyms Appaturay isə bildirib ki, bundan əvvəlki “Saloğlu” layihəsi yüksək səviyyədə icra olunub: “O layihədə yaxşı nəticələr əldə olundu. Bu, çox təhlükəli işdir. Bu insanlar hər gün təhlükə ilə üz-üzə qalırlar. Ceyrançöl layihəsi də əvvəlki layihə qədər böyük əhəmiyyətə malikdir”. O qeyd edib ki, ANAMA Gürcüstan və Əfqanıstanla birgə çalışır və bu qurumun təşəbbüsləri Azərbaycanın hüdudlarından kənara da yayılır. Daha sonra layihənin təqdimatı keçirilib və slaytlarla iştirakçılara izah olunub.
URL / WWW
http://kelam.az/article/a-6690.html