Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Bütün Qafqazın Şeyxi Serbiyada
14.05.12 19:16

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 2-də Serbiya dövlətinə səfərə yola düşüb. Nümayəndə heyətinin tərkibində Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşeyin də olub. 
QMİ sədri A.Paşazadə mayın 3-də Belqrad şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə təmir və bərpa edilmiş “Bayraqlı Cami” məscidi və “Müqəddəs Petka” kilsəsinin açılış mərasimlərində iştirak edib. Təntənəli açılış mərasimlərində Azərbaycan və Serbiyanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, müsəlman və xristian din xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Belqrada səfəri çərçivəsində mayın 4-də Serbiyanın Din və diaspora nazirinin I müavini Draqan Çuroviç və nazirliyin müşaviri professor Şiyakoviç ilə görüşüb. Səmimi fikir mübadiləsi şəraitində keçən görüşdə Serbiya dövlətinin rəsmisi QMİ sədrinə ölkəsində mövcud dini durum barədə məlumat verib. Nazir müavini Azərbaycan dövlətinin dəstəyi ilə təmir və bərpa edilmiş “Bayraklı came” məscidi və “Müqəddəs Petka” kilsəsinin açılışlarının Azərbaycan və Serbiya arasında dini-mənəvi əlaqələrin daha da dərinləşməsinə vəsilə olacağından söhbət açıb.
Şeyxülislam A.Paşazadə, öz növbəsində, Azərbaycanda dövlətin dinə, dini dəyərlərə və dini icmalara ehtiram və qayğısı barədə məlumat verib, serbiyalı nazirə ölkəmizdə hökm sürən, tarixən formalaşmış və dövlət tərəfindən dəstəklənən tolerantlıq münasibətlərindən bəhs edib. O, xüsusi vurğulayıb ki, tolerantlığın dövlət siyasəti olaraq təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik dövlətçilik ənənəsi ilə qoyulmuşdur. Hazırda dövlət başçısı İlham Əliyevin səyləri sayəsində Azərbaycan nümunəvi multikulturalizm məkanı kimi bütün dünyada tanınır. Azərbaycanda mövcud dini icmalar arasında dostluq və qardaşlıq münasibətlərinin ümumən Azərbaycan cəmiyyətinin inkişafına təkan verdiyini, dövlətimizin tərəqqisində mühüm rol oynadığını bildirən Şeyxülislam A.Paşazadə Bakıda keçirilən Din xadimlərinin Ümumdünya sammiti, habelə Mədəniyyətlərarası dialoqa dair Bakı forumu barədə serbiyalı nazir müavininə məlumat verib, bütün bunların Azərbaycan təcrübəsinin beynəlxalq müstəvidə təqdirinə dəlalət etdiyini bildirib.
Serbiyanın Din və diaspora nazirinin I müavini Draqan Çuroviç Azərbaycanın tolerantlıq modelinin həqiqətən fəxr ediləsi bir nümunə olduğunu vurğulayaraq, Serbiyada da müxtəlif milli və dini mənsubiyyətə malik insanlar arasında xoş münasibətlərin mövcud olduğu barədə qonağa məlumat verib. Cənab Çuroviç Serbiya və Azərbaycan dindarları arasında mənəvi əlaqələrin inkişafı üçün bundan sonra da əllərindən gələni edəcəklərini Şeyxülislam A.Paşazadənin diqqətinə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-6299.html