Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanda folklordan qeyri-qanuni istifadəyə dair sanksiyalar mövcuddur
27.10.11 18:36

“Bu günlərdə Nazirlər Kabineti “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verilməsi Qaydalarının və istifadəyə görə haqqın məbləğinin təsdiq edilməsi haqqında” qərar qəbul edib. Qərara əsasən, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri ölkəmizin hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə vəsait ödəməlidir. Bu, çox mühüm qərardır”. Bu barədə fikirləri “KƏLAMİNFO”ya müsahibəsində Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayat Həsənli deyib. H.Həsənli bildirib ki, qərar qəbul edildikdən sonra folklor nümunələrindən istifadə hüquqi qüvvəyə minir və bundan yararlanmaq istəyənlər Agentliklə lisenziya müqaviləsi bağlamalıdırlar. Onun sözlərinə görə, lisenziya müqaviləsində folklor nümunələrinin adı, istifadənin məqsədi, istifadə edildiyi ərazi, müddət və tərəflərin mühüm hesab etdiyi digər şərtlər öz əksini tapmalıdır. Şöbə müdiri deyib ki, bu şərtlər yalnız kommersiya məqsədilə istifadədə nəzərdə tutulur, ancaq adi qaydada istifadədə belə deyil: “Məsələn, Azərbaycan folklor nümunəsi əsasında hansısa bir ölkənin müəllifi orijinal əsər yaratmaq istəyir. Bu zaman belə bir icazə tələb edilmir. Bu, yalnız kommersiya məqsədilə istifadədə nəzərdə tutulur”,-deyən X.Həsənli onu da əlavə edib ki, dünyanın hər yerində folklor nümunələrindən istifadə sərbəsdir: “Amma folklorumuz daha zəngin olduğuna və başqaları tərəfindən mənimsənilməsi hallarının qarşısını almaq üçün bir alət kimi Azərbaycan tərəfi belə bir qərar qəbul edib”. X.Həsənli folklor nümunələrindən kommersiya məqsədilə istifadədə məhdudiyyət məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, icazə alan şəxs folklorun məzmunu, mənbəyi, mənsub olduğu xalqı təhrif edərsə, bu halda icazə dayandırılır. Onun sözlərinə görə, istifadə həmişəlik də ola bilər, ancaq icazə əsasında istifadə edənlər folklorun Azərbaycana mənsub olduğunu mütləq göstərməlidirlər. Qeyri-qanuni istifadəyə dair sanksiyalara gəlincə, X.Həsənli deyib ki, Azərbaycan ərazisində sanksiyalar mövcuddur: “İkitərəfli və çoxtərəfli müqavilələrdə isə hər bir ölkə digər dövlətə məxsus olan folklor, əqli mülkiyyət nümunələrindən qeyri-qanuni istifadə edilməməsi ilə bağlı öhdəlik götürüb ki, bu da beynəlxalq səviyyədə həll edilir”,-deyən Agentlik rəsmisi əlavə edib ki, Azərbaycan müvafiq beynəlxalq konvensiyanın üzvüdür, folklor və əqli mülkiyyət nümunələrindən qeyri-qanuni istifadə edənlərə qarşı Azərbaycanda olan sanksiyalar, digər ölkələrin də vətəndaşlarına şamil ediləcək.
URL / WWW
http://kelam.az/article/a-5080.html