Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ailə və Cinayət məcəllələrinə dəyişikliklər ediləcək
26.10.11 19:38

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Sosial siyasət komitəsilə birgə bu gün keçirdiyi iclasda Ailə və Cinayət məcəllələrinə dəyişikliklər müzakirə olunaraq təsdiq olunub. “KƏLAMİNFO” xəbər verir ki, iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, nəzərdə tutulan dəyişikliklərə əsasən nikah yaşının qaldırılması Azərbaycanın ümumbəşər dəyərlərinə uyğundur və Avropa hüquq siyasəti məkanına daxil olmaq üçün növbəti bir addımdır. O qeyd edib ki, ölkədə hələ də məcburi nikah münasibətlərinə daxil olmaq faktları aşkarlanır və bu norma onun qarşısını almağa yönəlib. Millət vəkili Rövşən Rzayev iclasda bu halların daha çox ölkənin regionlarında baş verdiyini bildirərək, daha sərt cəzaların qəbul edilməsinin tərəfdarı olduğunu bildirib. Deputatlardan Rəfail Cəbrayılov iclasda Cinayət Məcəlləsinə tək qadınların deyil, kişiləri də məcburi nikaha daxil etməyə görə cinayət məsuliyyəti tətbiq olunmasını təklif edib. “Təcrübədə 16 yaşlı oğlanın 30 yaşlı qadınla evləndirildiyinin şahidi olmuşam” - deyə o vurğulayıb.
Millət vəkili Çingiz Qənizadə isə deyib ki, tək nikaha məcbur edilməyə görə deyil, ümumiyyətlə, razılıq olsa belə, erkən nikaha cəlb olunma cəzalandırılmalıdır.
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki, Azərbaycanda ötən il 155 min uşaq anadan olub, onlardan 29 mini qeyri-rəsmi nikahdan doğulub. “Qanuna bu dəyişikliyin olunmasının məqsədi cəmiyyətə çağırış etməklə belə halların qarşısının alınmasıdır” - deyə o, əlavə edib.
Milli Məclisin şöbə müdiri Samir Cəfərov təkliflərə münasibət bildirərək qeyd edib ki, bu gün üçün təklif olunan maliyyə sanksiyalarının həcmi optimaldır. “Yalnız qadınlara aid edilməsi Azərbaycanda qadın hüquqlarının xüsusi yer tutduğunu bildirir” - deyə o bildirib.
Qeyd edək ki, Cinayət Məcəlləsindəki dəyişikliyə əsasən qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ailə Məcəlləsinə dəyişikliklərdə isə qadınlar üçün nikaha girmə yaşının 17-dən qaldırılaraq 18 olması nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-5060.html