Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanla Türkiyə arasında hərbi təlimlər başlaya bilər?
18.10.11 02:46

“Bu gün Əfqanıstan problemi fonunda Cənubi Qafqaza diqqət artıb və Türkiyə-Azərbaycan arasında hərbi təlimlərə start verilməsi üçün əlverişli məqam yetişib”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Millət vəkilinin fikrincə, bu təlimlər istisna olunmur. “Çox arzu edirəm ki, Türkiyənin hərbi generaliteti Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və onun yeniləşməsində rol alsın, bu prosesdə daha geniş iştirak etsin. O cümlədən də Azərbaycanın Türkiyənin ümumi təhlükəsizlik həyatına təsirini gözləyirəm. Türkiyə müdafiə nazirinin son səfərindən bu məsələ ilə bağlı gözləntilərim böyükdür”,-deyə deputat vurğulayıb. Z.Oruc deyib ki, Qarabağ problemini yaşayan Azərbaycan üçün bu çox gərəklidir. “Superdövlətlərin, böyük siyasi və hərbi güclərin iki ölkə arasında belə bir hərbi alyansın yaranmasına münasibətləri də birmənalı olmaya bilər. Bu məsələ 5 il öncə də, Türkiyə-Azərbaycan münasibətlərinin indiki durumu mümkün olacaqmı, deyə ehtimal edilirdi, proqnoz olunurdu. Yaxud, başqa ölkələrlə Azərbaycanın iqtisadi əlaqələrinə də eyni spektik şübhəli yanaşmalar vardı, amma zamanında bu işlər gerçəkləşdi və gerçəkləşməkdədir. Yəni, görünür ki, bunlar mümkündür. Azərbaycanın bu dövr ərzində siyasətinin ən mühüm keyfiyyəti bu sayılır. Ona görə hesab edirəm ki, o dövlətlərin, hərbi-siyasi dairələrin bu məsələ kontekstində təpkilərini gözaltına almadan hərəkət etmək gərəkdir. Əksinə, bu, stimullaşdırıcı bir rol oynayacaq. Həmin dövlətlər nəzərə alacaqlar və almalıdırlar ki, ABŞ İraq və Əfqanıstan məsələsində hərbi koalisiyanı necə yaradırsa, Azərbaycan üçün də bu məsələlər fonunda koalisiya çox gərəklidir”,-deyə o, əlavə edib. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri, ekspert Cəsur Sümərinlinin fikrincə, Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Azərbaycana oktyabrın 12-15-də baş tutmuş səfərinin nəticələri bu məsələyə görə qənaətbəxş hesab edilə bilər. Onun sözlərinə görə, bu səfərin nəticəsi kimi iki ölkə arasında hərbi, hərbi-texniki və müdafiə sənayesi sahəsində ciddi addımların atılacağı gözlənilir. “Xüsusilə də hərbi sahədə təcrübə mübadiləsinin intensivləşəcəyi, birgə təlimlərin keçiriləcəyini düşünürəm. Əldə olan informasiyalara görə, Türkiyə və Azərbaycana arasında yaxın gələcəkdə, konkret olaraq gələn ilin birinci yarısında bir neçə birgə hərbi təlimlər keçirilə bilər. Bunlar ötən ilin sentyabrında iki ölkə arasında imzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin sənədlərinə uyğundur. Xəzərdə Azərbaycan və Türkiyə hərbi dəniz qüvvələrinin birgə təlimlərinin keçirilməsi mümkündür. Bu, Azərbaycanın dənizdə təhlükəsizlik imkanlarının güclənməsinə, dənizdə enerji layihələrinin mühafizəsi istiqamətində təcrübəsinin artmasına səbəb ola bilər”,-deyə C.Sümərinli vurğulayıb. Ekspert eyni zamanda hesab edir ki, Naxçıvan Muxtar Respublikasının ərazisində Türkiyə və Azərbaycan Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin effektli ola biləcəyi mümkündür. “Məndə olan məlumata görə, tərəflər arasında bu istiqamətdə danışıqlar gedir. Araşdırmalar göstərir ki, yaxın gələcəkdə iki ölkə arasında hərbi əməkdaşlığın konkret konturları ortaya çıxacaq və bunların əsas hissəsi birgə təlimlərlə bağlı ola bilər”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4915.html