Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Şahin Növrəsli: “Azərbaycan auditoriyası peşəkar musiqini sevir”
05.10.11 20:27

Sentyabrın 21-də Heydər Əliyev Sarayında ilk dəfə solo konsert proqramı ilə çıxış edən gənc və tanınmış cazmen Şahin Növrəsli növbəti konsert proqramına hazırlaşır. Musiqiçinin “KƏLAMİNFO”ya verdiyi məlumata görə, oktyabrın 15-dən 19-dək Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalı çərçivəsində o, yenidən solo konsert proqramı ilə cazsevərlər qarşısına çıxacaq və daha sonra Avropa ölkələrinə qastrol səfərinə yollanacaq: “ Beynəlxalq Caz Festivalında mənim çıxışım oktyabrın 19-da olacaq. Amerikadan gələn musiqiçilərlə bərabər çıxış edəcəyəm və bununla bərabər, mənim öz proqramımda da yeni əsərlər var, onları da dinləyicilərə çatdıracağam. 4-5 ildir Azərbaycanda keçirilən Caz Festivalında çıxış etmirdim. Ona görə də daha məsuliyyətli və sevincliyəm. Bundan sonra bir neçə Avropa ölkəsi və ABŞ-da konsert proqramlarım gözlənilir. Yeni ilə qədər xaricdə konsertlərim yekunlaşacaq. Avropada elə konsertlərim var ki, orada keçirilən festival çərçivəsində olacaq, eləsi də var ki, mənim solo konsertimdir”. Şahin Növrəsli Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalı çərçivəsində bu dəfə Beynəlxalq Muğam Mərkəzində səhnəyə çıxacağını da açıqladı. Konsert proqramları və qastrol səfərlərindən sonra cazmen yeni albomunu da musiqisevərlərə təqdim edəcək. Bu zamana qədər heç bir caz kompozisiyasını ekranlaşdırmayan musiqiçi artıq bu barədə düşünəcəyini də bildirdi: “Son 2 ildir albomum çıxmır. Bu yaxınlarda həm CD, həm də DVD albom hazırlamaq fikrim var. DVD-nin hansısa bir solo konsertimdən olmasını istəyirəm, bu da yəqin ki, Amerikada təşkil edilən konsertimdən olacaq. İnşallah, albomları gələn il təqdim edəcəyəm. Əslində, hansısa caz kompozisiyasına klip çəkdirmək yaxşı fikirdir, etmək istəyərdim. Amma klipi çəkiləndən sonra onun televiziya kanallarında göstərilməsi məsələsi bir az çətindir. Hansısa kanaldan təklif gəlsə, qəbul edərəm. Amma özüm çəksəm, özüm üçün çəkəcəyəm, evdə arxivdə saxlayacağam. Ancaq düşünürəm ki, bunu da etmək lazımdır”. Növbəti konsert proqramlarında qardaşları Nurlan və Tərlanla səhnəni bölüşəcəyini istisna etməyən Şahin Növrəsli Heydər Əliyev Sarayında keçirilən konsert proqramından gözləmədiyi təəssüratla ayrıldığını da etiraf etdi. O, tamaşaçılardan bu qədər enerji alacağını gözləmirmiş: “Neçə illərdir Bakıda çıxış etmirdim. Heydər Əliyev Sarayı kimi möhtəşəm bir zalda çıxış etmək mənim üçün böyük fəxr idi və həm də Azərbaycan dinləyicilərinin qarşısında çıxış etmək də məsuliyyətlidir. Onların məni gözləməsi çox sevindirici idi. Məncə, yaxşı oldu. Azərbaycanın tamaşaçı auditoriyası həmişə yüksək səviyyəli olub, peşəkar musiqini sevir, bütün improvizasiyaları anlaya və alqışlaya bilir. İlk dəfə olaraq Heydər Əliyev Sarayına çıxmağıma baxmayaraq, çox dinləyici var idi, zalın 90 faizi dolmuşdu. Mənim arzum var idi və çalışdım ki, daha çox tələbələrə dəvətnamələr verim. Çünki yadımdadır, özüm tələbə olanda belə konsertlərə düşməyə çətinlik çəkirdik. Və mən həmişə arzulayırdım ki, Konservatoriyanın tələbələrinə dəvətnamələr verim və onlar konsertimdə iştirak etsinlər. Bilirəm ki, onlar bunu istəyirdilər və gəldilər”.
URL / WWW
http://kelam.az/article/a-4765.html