Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Parlamentdə iqtidar və müxalifət deputatları eyni mövqe nümayiş etdirib
15.12.09 20:44

Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasın cari məsələlər müzakirə olunan hissəsində çıxış edən deputat Musa Quliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma Dağlıq Qarabağ Respublikasına 8 mln. dollar vəsait ayırması məsələsinin parlamentdə müzakirə olunmasını təklif etdi. Deputat bildirdi ki, ABŞ Minsk Qrupunun həmsədri kimi separatçı rejimə maliyyə vəsaiti ayırmaqla bitərəfliyini itirib. O, ABŞ-ın atdığı bu addımın başadüşülən olmadığını və Minsk Qrupunun həmsədri kimi onun nüfuzuna xələl gətirdiyini vurğuladı. M.Quliyev məsələnin Milli Məclisin gündəliyinə salınmasını və ABŞ prezidenti Barak Obamaya, Konqresə etiraz edilməsini təklif etdi. M.Quliyev qeyd etdi ki, sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Birləşmiş Ştatlar separatçı rejimə maliyyə vəsaiti ayırmaqla beynəlxalq hüququn normalarını pozur. Millət vəkili Əli Hüseynov da həmkarının qaldırdığı məsələ ilə həmrəy olduğunu söylədi. Onun sözlərinə görə, Azərbaycanla razılaşdırmadan belə addımın atılması ikiüzlülük və siyasi riyakarlıqdır. Millət vəkili Rövşən Rzayev isə Azərbaycanın Dağlıq Qarabağ icmasının bu qərardan sonra ABŞ Konqresinə və hökumətinə etiraz etdiyini bildirdi. “Biz soruşmaq istəyirik: Azərbaycan icması öz torpaqlarına qayıda bilmir, bizə yardım ayrılmır və bizim öz torpaqlarımızda yaşamaq hüququmuz var”,-deyən R.Rzayev dekabrın 23-də ölkədə keçiriləcək bələdiyyə seçkilərinin üçüncü dəfə Qarabağda təşkil oluna bilməyəcəyini söylədi. Millət vəkili Pənah Hüseyn “Müsavat” Deputat Qrupunun da qeyd olunan fikirlərlə razılaşdığını söylədi. Deputat Zahid Oruc isə iqtidar və müxalifətin bu məsələdə vahid mövqe nümayiş etdirməsinin çox yaxşı hal olduğunu bildirdi. Deputat ABŞ tərəfindən Dağlıq Qarabağa vəsait ayrılmasının yanlış addım olduğunu və 17 il ərzində ayrılan vəsaitlərin 200 mln. dollardan çox olduğunu nəzərə çatdırdı. ”Baxaq görək bu vəsaitlər təyinatı üzrə xərclənibmi? ABŞ-ın bu addımı mahiyyət etibarı ilə Rusiyanın Ermənistana etdiklərinin təkrarıdır. Mən təklif edirəm ki, deputat qrupu yaradılsın və ABŞ-a etiraz məktubu hazırlansın”,-deyə Z.Oruc əlavə etdi.
URL / WWW
http://kelam.az/article/a-472.html