Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İlkin Əhmədov “Qarabağ şikəstəsi”nə klip çəkdirəcək
20.08.11 02:07

“Mənim planlarımın əvvəlində muğam dəsgahlarımızı yazmaq durur”. Bu sözləri “KƏLAMİNFO”ya müsahibəsində Birinci Respublika Muğam Müsabiqəsinin laureatı, Akademik Opera və Balet Teatrının solisti İlkin Əhmədov deyib. Yay mövsümü və istirahət vaxtının olmasına baxmayaraq, yaradıcılıq işlərini davam etdirən gənc xanəndə cari ilin oktyabr ayında 2-ci diskini də buraxacağını bildirib: “Bilirsiniz ki, bir diskim artıq işıq üzü görüb, hal-hazırda isə ikinci diskimin üzərində işləyirəm. Allah qismət edərsə, oktyabr ayında buraxılacaq bu diskimdə xalq və bəstəkar mahnıları yer alacaq”. 2008-ci ildən Opera və Balet Teatrının solisti olan, gənc Məcnun kimi fəaliyyət göstərən İlkin Əhmədov 30 illik fasilədən sonra “Əsli və Kərəm” operasında Kərəm rolunu canlandırmağın məhz onun qismətinə düşdüyünü qeyd edib. Yayın isti günlərində elə öz yaradıcılığından da hərarətlə danışan İlkin Əhmədov “Aşıq Qərib” operasında da rol alacağını, qastrol səfərlərinin olacağını söyləməklə bərabər, Opera və Balet Teatrında yeniliklərin gözlənildiyini də vurğuladı: “Bilirsiniz, yaradıcılıqla məşğul olan şəxs elə bir sahənin işçisidir ki, orada onun üçün hər zaman iş olur. Mənim planlarım çoxdur. “Aşıq Qərib” operasında rol almışam. Opera və Balet Teatrında “Leyli və Məcnun” operasının yeni dekorasiyada, yeni görüntüdə, yeni səhnə geyimlərində məşqləri üzərində işləyirik. Bu yeniliyi tamaşaçılar yeni mövsümdə görmək imkanı əldə edəcəklər. Bundan başqa bu il qastrol səfərlərimiz də var. Fransaya, Amerikaya və başqa ölkələrə də səfərlər planlaşdırmışıq ki, onların bir çoxu tam dəqiqləşmədiyinə görə, mən bu haqda yanlış məlumat vermək istəmirəm. Yəni şəxsən mən bu dəqiqənin özündə də gərgin iş rejimindəyəm”. Klip çəkdirmək niyyətində olub-olmadığını öyrəndikdə isə, xanəndə çoxdankı bir arzusunun reallaşmasının astanasında olduğunu bildirdi: “Klip çəkdirmək mənim çoxdankı arzumdur. Mən “Qarabağ şikəstəsi”nə klip çəkdirmək niyyətindəyəm. Və bu istəyim İctimai Televiziya kanalının rəhbərliyi tərəfindən çox yüksək qiymətləndirildi. Və bu klipin çəkilişləri baş tutmaq ərəfəsindədir. Sadəcə mənim digər işlərimin də olması bunun bir az vaxtını uzadır”. Yaradıcılıq işlərinin bol olduğu bir dövrdə İ.Əhmədov pedaqoji fəaliyyətlə də məşğul olacağını dedi: “Mən hal-hazırda Azərbaycan Milli Konservatoriyasında magistr təhsili alıram və növbəti ildə həmin təhsil ocağında müəllim kimi fəaliyyətə başlamaq fikrindəyəm”.
URL / WWW
http://kelam.az/article/a-4354.html