Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Turizm sektoruna vergi güzəştlərinin tətbiqi təklif olunur
07.05.11 02:25

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) turizmlə bağlı təkliflər paketi hazırlayıb. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə təşkilatın rəhbəri Vüqar Bayramov bildirib. V.Bayramovun sözlərinə görə, sənəddə Azərbaycan turizminin indiki səviyyəsi qiymətləndirilib: “Söhbət turizmin inkişafına kompleks yanaşmadan gedir və bir sıra təkliflərimiz var. Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi, Azərbaycanın turizm sektoruna vergi güzəştlərinin tətbiq edilməsini təklif edirik. Məsələn, Rumıniyada Əlavə Dəyər Vergisi (ƏDV) 16 faizdir. Amma turizm şirkətləri bu vergini 50 faiz güzəştlə, yəni 7 faiz ödəyir. Qonşu Gürcüstanda isə turizmlə məşğul olan şirkətlər 15 illik müddətinə ƏDV-dən azad edilib. Azərbaycanda da buna ehtiyac var. Çünki vergi güzəştləri turizm şirkətlərinin xərclərini azaldır və onların inkişafını stimullaşdırır. Bundan başqa, turizm sektorunda elektron hökumət sisteminin elementlərinin tətbiqini təklif edirik. Yəni “on-line” qaydada sifariş imkanları olmalıdır. Nəzərə almaq lazımdır ki, xaricdə olan turistlərin əksəriyyəti məhz internet vasitəsilə hotellər, onların xidmətləri və qiymətləri barədə məlumat əldə edir. Təəssüf ki, Azərbaycanda elektron turizm yox səviyyəsindədir və turistlərin mehmanxanalar barədə məlumat almaq, seçim etmək imkanları yoxdur. Biz, həmçinin elektron turizm xidməti göstərən şirkətlərin ƏDV-dən azad edilməsini təklif edirik. Başqa ölkələrdə belə bir təcrübə var. Azərbaycanda bələdçilik xidməti də inkişaf etməyib. Buna diqqət yetirilməlidir və bir də daha vacib qiymətlərin tənzimlənməsi ilə bağlı təkliflərimiz var. Aydın məsələdir ki, bizdəki qiymətlər sünidir, kifayət qədər şişirdilib. Dövlət başçısı da ölkədəki qiymətlərlə bağlı iradlarını bildirib”. V.Bayramov bildirib ki, İSİM artıq təkliflər paketinin aidiyyəti dövlət qurumlarına, Mədəniyyət və Turizm Nazirliyinə, Vergilər Nazirliyinə, Prezident Administrasiyasına təqdim edilməsinə başlayıb. Yaxın günlərdə isə sənədin geniş təqdimat mərasimi keçiriləcək. Tədbirə dövlət qurumlarından, parlamentdən, beynəlxalq təşkilatlardan, yerli vətəndaş cəmiyyəti institutlarından nümayəndələr dəvət olunacaq və müzakirələr aparılacaq. Bu müzakirələrdən sonra yekun variantda sənəd qəbul olunacaq, Nazirlər Kabinetinə və Milli Məclisə təqdim ediləcək.
URL / WWW
http://kelam.az/article/a-3510.html