Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Araz” FM efirdədir
04.04.11 20:11

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan teleradio məkanında yeni radionun - “Araz” FM radiosunun açılış mərasimi olub. KƏLAMİNFO xəbər verir ki, mərasimdə çıxış edən radionun baş redaktoru Vüsalə Kərimova bildirib ki, FM 103.3 dalğasında yerləşən radio əsasən Azərbaycanda və dünyada baş verən xəbərlərin dinləyicilərə çatdırılmasına üstünlük verəcək. Onun sözlərinə görə, radioda gün ərzində hər saatın tamamında “Azad xəbər” başlığı altında qısa xəbərlər efirə çıxacaq və 18:30-da isə daha geniş formatda xəbərlər proqramı dinləyicilərə təqdim olunacaq. “Bundan başqa, səhərlər “Sabahın xeyir” proqramı, günortalar sürücülər üçün “Yolda ikən...”, eləcə də “O olmasın, bu olsun”, “Yurdum” və s. bu kimi proqramlar efirdə olacaq”-deyə V.Kərimova vurğulayıb. Baş redaktor onu da qeyd edib ki, radionun www.araz.fm adında internet səhifəsi də fəaliyyətdədir. Radionun baş direktoru Eldar Fətəliyev bildirib ki, hazırda “Araz” radiosu Bakıda və Abşeron yarımadasında yayımlanır. “Lakin yaxın gələcəkdə biz bütün respublika üzrə yayımlanmağı planlaşdırmışıq. Eyni zamanda, biz əlimizdə olan texniki imkanları nəzərə alıb gələcəkdə dünya ölkələrinə çıxışı da nəzərə almışıq”-deyə E.Fətəliyev vurğulayıb. Tədbirdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Azərbaycanda son illər radio və televiziyaların sayı artmaqdadır. O qeyd edib ki, “Araz” radiosu ölkədə fəaliyyət göstərən sayca 12-ci radiodur. “Bu radioların hədəfi ən azı bütün ölkə üzrə yayımlanmaqdır. “Araz”ın eyni zamanda hədəflərindən biri öz verilişlərində Azərbaycana xas milli- mənəvi dəyərlərin dinləyicilərə aşılanmasıdır. Məhz bu meyarlara görə biz radioya lisenziya vermişik”-deyə N.Məhərrəmli bildirib. “Araz” radiosunun 1964-cü ildə yaradılan “Araz”ın irsini daşıdığını deyən Mətbuat Şurasının sədri Əflatun Amaşov bunun radio üzərinə böyük məsuliyyət qoyduğunu söyləyib. “Mən hesab edirəm ki, məhz bu ənənəyə görə “Araz” nəinki ölkə çərçivəsində, bütün dünyada yaşayan azərbaycanlıların radiosuna çevriləcək”-deyə MŞ sədri vurğulayıb. Tədbirdə MTRŞ-nin üzvü Sona Vəliyeva, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli də iştirak ediblər. Mərasim radionun internet səhifəsinin nümayişi ilə davam olunub.
URL / WWW
http://kelam.az/article/a-3267.html