Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident: “DQ probleminin həlli ilə bağlı heç bir nəticə yoxdur”
18.09.10 03:27

“Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulub. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı”. KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında çıxışı zamanı bildirib. “Ancaq buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyil. Bizi birləşdirən aramızdakı münasibətlər, qardaşlıq, ortaq keçmişimizdir və bu günümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz güclənib, formalaşıb, dövlətçiliyimizin əsasları qurulub. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək”,- deyə prezident İlham Əliyev vurğulayıb. Dövlət başçısı qeyd edib ki, bizi ortaq tarix, ortaq mədəniyyət birləşdirir. “Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıblar, bir yerdə çalışıblar, daim bir-birinə arxa, dayaq olublar. Mən çox şadam ki, bu gün ölkələrimiz müstəqil dövlətlər kimi bütün sahələrdə uğurlu əməkdaşlıq aparır, bir-birinə dəstək olurlar. Biz çalışmalıyıq və çalışırıq ki, bütün beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyini gücləndirək, bir-birimizə siyasi dəstək verək və bütün işlərdə bir-birimizin yanında olaq. Bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, heç bir irəliləyiş və nəticə yoxdur. Uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altında qalır. Bu işğal və azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıb. Bu, böyük ədalətsizlikdir, bu, humanitar fəlakətdir. Bütün beynəlxalq təşkilatlar, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın haqq işini dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və orada bilavasitə göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. ATƏT-in qərarları, İslam Konfransı Təşkilatının çoxsaylı qətnamələri, Avropa Parlamenti, Avropa Şurası kimi təşkilatların qərar və qətnamələri məsələnin ədalətli və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll olunmasını tələb edir. Ancaq əfsuslar olsun ki, bu günə qədər bu məsələ ilə bağlı nəticə yoxdur”,- deyə prezident İlham Əliyev əlavə edib. Dövlət başçısı Dağlıq Qarabağın Azərbaycanın tarixi və əzəli torpağı olduğunu bir daha bəyan edib. Prezident əsrlər boyu Azərbaycan xalqının bu torpaqlarda yaşayıb, yaratdığını söyləyib. Bildirib ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz istəyirik ki, bunu tezliklə, danışıqlar, sülh yolu ilə həll edək.
URL / WWW
http://kelam.az/article/a-2013.html