Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Dözə bilmirəm
17.05.10 18:11

Ağ bulud arasında yerə enmiş mələksən,
Sən nə bəla imişsən, sən başıma kələksən.
Dünya qədrini bilməz təkcə mənə gərəksən,
Hicran yaman uzandı sənsiz dözə bilmirəm.
Gözlərə bax ay Allah qaşlar Aya naz eylər,
İncə beli qaməti sərvi sərəfraz eylər.
Şux gülüşün xoş ətrin qış ömrümü yaz eylər,
Hicran yaman uzandı sənsiz dözə bilmirəm.

Nə edim ki, çatmayır əlim sənə ey pəri
Artıq iki il olar çıxıb gedəndən bəri
Eşq gəmimə yelkən aç qəlbimə sal löbəri
Hicran yaman uzandı sənsiz dözə bilmirəm.

Sevdin məni bərmalə heç bir şeyə baxmadın
Canı canıma qatdın qeyri səmtə axmadın
Mənim məhəbbətimi candan əziz saxladın
Hicran yaman uzandı sənsiz dözə bilmirəm.

Gülüşündə çiçək tək açıldı könlüm mənim
Baxışının şöləsi qəlbə kəsildi qənim
Dünyada sən var ikən sənsizlikdir məskənim
Hicran yaman uzandı sənsiz dözə bilmirəm.

Sən hurimsən və ya ki göydən enən pərimsən
Gündüzlər xatirəmsən gecələr dərd-sərimsən
Mən bir eşq ağacıyam ən şirin bəhərimsən
Hicran yaman uzandı sənsiz dözə bilmirəm.

Həsrətinə qan tökür bağlı yaram gecelər
Səni xatırlayıram aram-aram gecələr
Dərdimi ulduzlara pıçıldaram gecələr
Hicran yaman uzandı sənsiz dözə bilmirəm.

Bu həsrətə dözüm yox Əziz Pünhan öl qurtar
Bu acı məhəbbətə göz yaşınla gül qurtar
Qoyma həsrətdə canı vəfalı yar gəl qurtar
Hicran yaman uzandı sənsiz dözə bilmirəm.
URL / WWW
http://kelam.az/article/a-1266.html