Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Şuşa məscidi bərpa olunacaqmı?
07.05.10 23:03

Şuşadakı Azərbaycan məscidi bərpa olunanda mütləq Azərbaycan mütəxəssislərinin rəyi nəzərə alınmalı, bununla bağlı Azərbaycana müraciət olunmalıdır. Bu barədə açıqlamanı jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Dünya Dini Liderlərinin ümumdünya sammitində iştirak etmək üçün Bakıya gələn bütün ermənilərin katalikosu II Qareginin Şuşa məscidinin bərpası ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
O bildirib ki, sırf Azərbaycana məxsus Şuşa məscidinin saxtalaşdırılmasının qarşısını almaq üçün azərbaycanlı mütəxəssislərin rəyi nəzərə alınmalıdır. “Mən o məscidi çox yaxşı xatırlayıram. Məscid sırf Azərbaycan memarlığı üslubundadır. Onu başqa müsəlman ölkəsinin üslubuna oxşatmaq və ya təhrif etmək olmaz”,-deyən H.Orucov əlavə edib ki, ermənilər təkcə Dağlıq Qarabağ ərazisində deyil, işğal etdikləri bütün 20 faiz torpaqlarda milli, dini abidələrin hamısını məhv edib, qədim alban abidələrini isə qriqoryanlaşdırıblar. “Bu gün Ermənistan adlandırılan qədim Azərbaycan torpaqlarında məzarlıqlardan tutmuş məscidlərə, türbələrə, ziyarətgahlara qədər bütün milli və dini abidələrin hamısı məhv edilib. Şübhəsiz ki, Şuşa məscidinin bərpası ideyasının ermənilər tərəfindən gerçəkləşməsinə sadəcə görüntü kimi baxıla bilər. Çünki ölkə prezidenti bu barədə hər yerdə açıq danışır. Azərbaycan abidələrinə qarşı ermənilər tərəfindən soyqırımı və vandalizm törədildiyi beynəlxalq təşkilatlar tərəfindən artıq qəbul olunub. Bəlkə buna görə onlar sadəcə görüntü yaratmaq istəyirlər”,-deyən Komitə sədri bildirib ki, ermənilərin törətdiyi bütün vandallıqlara baxmayaraq, Bakıda, şəhərin mərkəzində erməni kilsəsi fəaliyyət göstərir. “Mən bu barədə II Qareginin özünə də dedim. Azərbaycan xalqı bu kilsəni hətta ən ağır günlərdə də qoruyub saxlayıb. Orada şəhərin böyük kitabxanalarından birinin kitab fondu yerləşir. Amma burada hər şey yüksək səviyyədə, səliqə-sahmanlıdır, yəni kilsədə ibadət də etmək olar. Qaregin mənə dedi ki, İrəvanda məscid bərpa olunub, lakin bu məscid İrandan müvəqqəti işləməyə gələnlər üçündür. Hətta Qaregin Bakıdakı həmin kilsədə keşiş kimi xidmət edib. O mənə Bakının tanınmaz olduğunu dedi və çox dərin fikrə getdi. Bu yəqin ki, yeni Bakının, Azərbaycanın inkişafının təsiri idi”,-deyə H.Orucov məsələyə münasibət bildirib.

350-yə yaxın dini icma qeydiyyatına alınıb

Ötən ilin payızından bu günə kimi 350-yə yaxın dini icma dövlət qeydiyyatına alınıb. Hidayət Orucov qeyd edib ki, 10-dan artıq dini icmanın qeydiyyatından imtina edilib. Qeydiyyatdan imtina olunan dini icmaların İslam və qeyri-islam təmayüllü olduğunu diqqətə çatdıran H.Orucov əlavə edib ki, imtinanın səbəbi onların  sənədlərinin qanunauyğun tərtib olunmamasıdır.
H.Orucov Azərbaycanda qanunsuz dini fəaliyyətlə məşğul olanlara da münasibətini açıqlayıb. “Qanundankənar hərəkət edənlərə qarşı qanun çərçivəsində münasibət bildirilib və bildiriləcək. Dövlət Komissiyasının öz funksiyaları, hüquq-mühafizə orqanlarının isə öz səlahiyyətləri var. Bu, daha çox hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aid olan məsələdir”,-deyə H.Orucov əlavə edib.

Hidayət Orucov təltif edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Rusiyanın Ali Ruhani İdarəsinin “III  dərəcəli Şöhrət və Şərəf” ordeni ilə təltif edilib. DQİDK-dən verilən məlumata görə, H.Orucov bu mükafata Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasına müntəzəm kömək göstərdiyinə görə layiq görülüb.
Qeyd edək ki, dinlərarası sülhün möhkəmləndirilməsində xidmətlərinə görə və anadan olmasının 80 illiyi münasibətilə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti Tahir Salahov və anadan olmasının 75 illiyi münasibətilə Azərbaycanın Respublikası Əsilzadələr Məclisinin sədri, yazıçı Maqsud İbrahimbəyov da “III dərəcəli Şöhrət və Şərəf” ordeni ilə təltif olunb.
Moskva və  Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycanda rəsmi səfərdə olarkən ordeni Hidayət Orucov, Tahir Salahov və Maqsud İbrahimbəyova təqdim edib.
URL / WWW
http://kelam.az/article/a-1195.html