Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ALLAH İSRAF EDƏNLƏRİ SEVMƏZ
01.11.14 17:40

İslam israfçılığı qadağan etməklə xüsusi mülkiyyət haqqına bir hədd qoymuş və sərvət kimin olursa olsun, onda cəmiyyətin haqqı olduğu prinsipini qəbul edərək, israfçılıqla bu haqqın yox edilməsinə əngəl olmaq istəmişdir.

Sözlükdə “həddi aşmaq, cahil olmaq, yanılmaq” kimi anlamlara gələn “israf” dini bir qavram olaraq, insanın sahib olduğu nemətləri, mal və imkanları şəriətə uyğun olmayan məqsədlər üçün sərf edib dağıtmağı ifadə edir. İfrat inanc və davranışlar üçün də israf sözü işlədilmişdir. İsraf edən kəsə müsrif deyilir. Qəzalinin açıqlamalarına görə, dinin, adətlərin və insanlığın zəruri saydığı yerlərə zəruri ölçülərdə xərcləmək comərdlik, bu ölçülərdən aşağı düşmək xəsislik, bunların fövqünə qalxmaq isə israfdır (İhya, III, 259-260). 
Qurani-Kərimdə israf qavramının dörd fərqli sahədə işlədildiyi görülür. 
1. Bəzi ayələrdə israf şirk, küfr, zülm kimi terminlərlə semantik yaxınlıq təşkil edir və tövhid inancından sapmaq, Allah haqqında və digər dini mövzularda həqiqətlə əlaqəsi olmayan iddialar irəli sürmək (əl-Əraf, 7/81; Yunus, 10/83; əş-Şuara, 26/151-152; Yasin, 36/19). 
2. İsraf “bir kəsin üsyankarlığa düşərək günah işlədib özünə pislik etməsi” mənasına gəlir: 
“Ey özlərinə qarşı ifrata varıb israf edən qullarım! Allahın rəhmətindən ümidinizi kəsməyin! Heç şübhə yoxdur ki, Allah bütün günahları əfv edər. Çünki O, çox bağışlayandır, çox rəhm edəndir” (əz-Zumər, 39/53). 
3. İsraf bəzi ayələrdə halal buyurulmuş gözəl nemətlərin haram sayılması ilə əlaqədardır:
“Çardaqlı və çardaqsız bağları, xurma ağaclarını, müxtəlif meyvəli əkinləri, bir-birinə bənzəyən, və bənzəməyən zeytunu və narı yaradan Odur. Bunlar meyvə verdiyi zaman meyvəsindən yeyin Yığım günü də haqqını ödəyin, fəqət israf etməyin. Çünki O, israf edənləri sevməz!” (əl-Ənam 6/141). 
Yaxud “israf” sözü məsum bir kimsənin haqsız yerə öldürülməsi kimi dini ehkama müxalifət və ya təcavüz anlamında keçir (əl-İsra 17/33).
4. Bir qisim ayələrdə isə insanın özünə aid mal və imkanları gərəksiz yerə xərcləməsini ifadə edir:
“Həqiqətən, israf edənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankordur” (əl-İsra, 17/27). 
“Yetimləri evlilik çağına çatana qədər imtahana çəkin. Onların ağla dolduqlarını görsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər (və mallarını əlimizdən alacaqlar) deyə o malı israf edərək tələm-tələsik yeməyin. Zəngin olan (vəli) yetim malına tənəzzül etməsin (nəfsini saxlasın), (vəlilərdən) yoxsul olan kəs isə ağlın və dinin qaydalarına uyğun olaraq yesin. Mallarını özlərinə verdiyiniz zaman yanlarında şahid tutun. Haqq-hesab çəkməyə Allah yetər” (ən-Nisa, 4/6). 
Maddi və mənəvi imkanları Allahın insanlara bağışladığı əmanət sayan İslam dini bunlardan Allahın rizasını qazanmaq və insanlara xoşbəxtlik gətirmək üçün istifadə etməyi əmr edir. Dini baxımdan halal qəbul edilən maddələrin günün tələblərinə görə ehtiyacdan artıq sərf edilməsi haram, yaxud məkruh sayılmışdır. Qənaət və mötədillik İslamın ibadətlərdə belə nəsihət etdiyi başlıca prinsiplərdəndir. Belə ki, öz məsuliyyətlərinə biganə qalmaq dərəcəsində ibadətə qapılmaq, məscidlərin ifrat dərəcədə bəzədilməsi, qəbirlərə lazım olduğundan artıq xərc çəkilməsi və s. kimi ölçüsüzlüklər rəva görülməmişdir. Bəzi müfəssirlərə görə Ənam surəsinin 141-ci ayəsi məhsulunun hamısını sədəqə verib ailə üzvlərinə bir şey saxlamayan Sabit ibn Qeys və Muaz ibn Cəbəl haqqında nazil olmuşdur. (Çardaqlı və çardaqsız bağları, xurma ağaclarını, müxtəlif meyvəli əkinləri, bir-birinə bənzəyən, və bənzəməyən zeytunu və narı yaradan Odur. Bunlar meyvə verdiyi zaman meyvəsindən yeyin Yığım günü də haqqını ödəyin, fəqət israf etməyin. Çünki O, israf edənləri sevməz!).
Allahın rizasından məqsəd Onun əmrlərinə tabe olan və qadağan etdiyi şeylərdən uzaq duran qullarının mükafatlandırılması və qulun savab qazanmasıdır. Pis əməllərinin qarşılığında isə hər bir insan cəzasını çəkəcəkdir. Uca Allahın bütün məxluqatından istədiyi ilk şey Allahı tanıması, Ona qulluq etmə şüuruna sahib olması və yalnız Ona ibadət etməsidir. İmanın və İslamın təməl şərti tövhid inancına sahib olmaq və ibadət ediləcək yeganə məbud olaraq Allahı tanımaqdır. 
Rəsuli-Əkrəmin bildirdiyinə görə, Allahın razı və məmnun olmadığı digər bir xüsusi malı tələf etməkdir. Yəni maldan Allahın xoşlamadığı yerdə, dinin məşru etmədiyi tərzdə istifadə olunmasıdır. İslamın qəbul etdiyi təməl prinsip malı və pulu halal yollarla qazanıb halal yerlərə xərcləmək lazımdır. Malın və pulun əhəmiyyəti insanın bəşəri ehtiyaclarını təmin etməsi, başqalarına möhtac olub əl açmasının qarşısını almaqla səciyyələnir. Müqəddəslik mal və pulun təyini ola bilməz. Bu cür idrak İslami baxışa ziddir. Malını tələf edənlər və israf yoluna girənlər Allahın onlara vermiş olduğu nemətə nankorluq etmiş sayılırlar. Belələri bir müddət sonra başqalarına möhtac olurlar. Çünki dünya malı insan üçün bir imtahan vasitəsidir. Allahın verdiyi hər bir neməti yerli-yerində sərf etməyi Rəbbimiz Qurani-Kərimdə açıq-aydın göstərmişdir. Hər bir nemət kimi, mal və mülk də halal, yaxud haram istiqamətdə xərclənə bilər. Mallarını halal yollara sərf edənlər böyük savab qazanar, axirət həyatı üçün tədarük etmiş olar. Haram yolda xərcləyənlər isə həm bu dünyada, həm də axirətdə pərişan olarlar. 
Buna görə də Quranın ən çox üzərində dayandığı mövzulardan biri də “infaq”, yəni malını Allah yolunda sərf etmək məsələsidir. Quran bu barədə ölçülü davranan insanlar haqqında buyurur:
“Onlar mallarını xərclədikləri zaman israf etməzlər, amma xəsis də olmazlar. İkisi arasında orta bir yol tutarlar” (əl-Furqan, 25/67). 
Verəcəyi başqa şey olmadığı üçün əynindəki köynəyi dilənçi bir uşağa verən Allahın Rəsulu haqqında ayə nazil olmuşdur:
“Nə həddən artıq xəsis ol, çün nə də həddən artıq əliaçıq olub israfçılıq et. Yoxsa qınanarsan və çarəsiz duruma düşərsən!” (əl-İsra, 17/29). 
Allah-Təala Qurani-Kərimdə Ona inanmayanları, Quranı bir həyat nizamı kimi tanımayanları, əmr və yasaqlarına uymayanları və bu kimi itaətsizlikləri edənləri zalım kimi səciyyələndirmişdir. Zalımlar ilahi ədalətin pəncəsindən qurtulmayacaq və rəzil olacaqlar. Əslində insanlar axirətdə nail olacaqları qaranlığı da, işığı da məhz yaşadıqları bu dünyadan alıb aparırlar. Yəni öz əməllərinin müqabilində kimisi zülməti, kimisi də nuru qazanır. Peyğəmbərimiz buyurur: “Zülm etməkdən çəkinin. Çünki zülm qiyamət günündə zalıma zülmət olacaqdır. Xəsislikdən də çəkinin. Çünki xəsislik sizdən əvvəl yaşayan insanları pərişan etmişdir. Onlar bir-birini qətlə yetirmiş və onların toxunulmaz hüquqları ayaqlar altına atılmışdır” (Müslim, Birr, 56). Bəli, Peyğəmbərimiz xəsisliyin insan oğlunu necə azdırdığına işarə etmişdir. 
Qurani-Kərimdə Allah-Təalanın əsirgəmədən verdiyi neməti möhtaclara xərcləməyib simiclik edənlərin çox pis bir davranış sərgilədikləri, bunun onlara xeyir yox, şər gətirəcəyini, üstəlik, Allah yolunda xərcləmədikləri o malın qiyamət günündə boğazlarında ilmək olacağı bildirilir (Ali-İmran, 3/180). Özlərinin simicliyini başqalarına da tövsiyə edənlər Cənabi-Haqqın sevmədiyi insanlar kimi xarakterizə edilmişdirlər (ən-Nisa, 4/37). 
Quranda bir tərəfdən müsriflər pislənib israf rədd edildiyi halda, digər tərəfdən səfehlərin himayə altına alınması, onların mallarının xeyirli şəkildə sərf edilməsi tövsiyə edilir:
“Allahın sizə dolanmaq üçün bəxş etdiyi malları (və ya Allahın sizi üzərində qəyyum təyin etdiyi yetim malını) səfehlərə (yerli-yerində sərf etməyənlərə) verməyin. Onları həmin maldan yedirdib geyindirin və özlərinə xoş sözlər deyin!” (Ey vəlilər!) Allahın sizin üçün dolanacaq qaynağı etdiyi mallarınızı (hamisi olduğunuz kəslərin mallarını) səfehlərə (yerli-yerində istifadə etməyi bilməyənlərə) verməyin. Fəqət özlərinə həmin maldan yedirdib geyindirin və onlara xoş sözlər söyləyin (ən-Nisa 4/5).
İslami anlayışa görə, bəşəri ehtiyaclar məhduddur; məhdudiyyətsiz arzu və ehtirasların təmin edilməsi üçün ifrat istehlak israfdır. İsraf yasağı təməli üzərində formalaşan İslami istehlak tərzi vətəndaşların ərzaq, geyim, təhsil, səhiyyə, təhlükəsizlik, kommunikasiya kimi ehtiyaclarını ödəməyi qarşısına məqsəd qoyur. İslamın hədəfi insanı kamala çatdırmaqdır; bu hədəfə isə israfçılıqla yox, daha ləyaqətli olmaqla nail olmaq olar. Ləyaqətlə qənaət arasında müsbət bir əlaqənin mövcudluğu danılmazdır.
Bir çox qərb iqtisadiyyatçı və din adamlarının da qəbul etdiyi kimi təmtəraq naminə xərcləmələr bir sıra qaynaqların zəruri istehlak maddələrinin istehsalı əvəzinə dəbdəbəli məmulatların və xidmətlərin istehsalında istifadə olunmasına səbəb olur. Beləliklə, əsas malların qiymətləri artır, idxala ehtiyac duyulur, işsizlik halları və fəaliyyətsizlik artır ki, bu da israfın bir növüdür. Təmtəraqlı sərf etmənin yayğın xarakter alması bir tərəfdən də sosial balansı pozur. İsrafçılıq idxalın artmasına, valyuta itkisinə, xarici ticarət və ödəmələr balansında kəsirin yaranmasına, xarici borcların artmasına, devalvasiyaya (kağız pulların məzənnəsinin aşağı salınması), yerli istehsalın zəifləməsinə və inflyasiyaya səbəb olur. 
Sənaye inqilabı nəticəsində doğan iqtisadiyyat elmi insanların məhdudiyyətsiz ehtiyaclarının qıt qaynaqlar tərəfindən maksimum şəkildə ödənilməsinin yollarını axtarır. Sənaye cəmiyyəti yeni-yeni icad edilən məhsulların tələbatını yüksəldə bilmək üçün ehtiyacların Allah tərəfindən formalaşdırıldığı inancını aradan qaldırmışdır. Qənaətin ləyaqət sayıldığı öncəki əsrlərdən fərqli olaraq XXI əsrin başlıca məziyyəti istehlakdır. Müasir cəmiyyətdə istehsal istehlakı istiqamətləndirir. İstehsal edildiyi üçün insanlar onu istehlak etmək durumundadırlar. İfrat istehlak bir tərəfdən təbii qaynaqların israfına səbəb olduğu halda, digər tərəfdən ətraf mühitin çirklənməsinə gətirib çıxarır. Sərmayə qənaətlə artar, israf və sui-istifadə ilə azalar. İnsan, əlindəki hər cür imkanı məşruiyyət çərçivəsində istifadə etməyə məsuldur. 
Sağlıq Allahın bizə bir lütfü, bir nemətidir. Zaman yenə bir nemətdir. Sağlığımıza diqqət etməmək, vaxtımızı boşa xərcləmək israfçılıqdır və bunun hesabı bizdən soruşulacaqdır. Boş yerə axıdılan su, yandırılan elektrik israfçılıqdır və bütün millətə aid olan nemətlərin boşa xərclənməsidir. 
İslam israfçılığı qadağan etməklə xüsusi mülkiyyət haqqına bir hədd qoymuş və sərvət kimin olursa olsun, onda cəmiyyətin haqqı olduğu prinsipini qəbul edərək, israfçılıqla bu haqqın yox edilməsinə əngəl olmaq istəmişdir.

(Quran ayələrinin orijinaldan tərcüməsi müəllifə aiddir) 

İdris Abbasov
URL / WWW
http://kelam.az/news/a-7533.html