Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan dili ilə bağlı Prezidentin Sərəncamı hansı zərurətdən irəli gəldi?
12.05.13 16:24

Bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü ana dilimizin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə qalxmasını zəruri edir.
Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı da bu zərurətdən irəli gəlib.
Dövrün tələbi
 
Qeyd edək ki, ölkədə dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti ilə yanaşı, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar imzalanıb. Həmçinin “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun və dil siyasəti sahəsində nor¬mativ hüquqi aktlar və digər tədbirlər ölkəmizdə dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edib.
Prezidentin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlarına əsasən, latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi baxımından əhəmiyyətli olub. Bu addım, həmçinin dilçiliyin əsaslı inkişafına da təkan verib. Eyni zamanda, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması dövrün tələbi olaraq qalır.
 
Dövlət Proqramının məqsədi nədir? 
 
Ölkə başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” sərəncamları ölkədə dil siyasətinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət sənədləridir. Bu Dövlət Proqramı da həmin sərəncamlardan irəli gələn məsələlərin həllinə yönəlib və 2013–2020-ci illər ərzində bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, dilin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını təmin etməkdir. Dövlət Proqramı, həmçinin dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsi məqsədini qarşıya qoyur.
Dövlət Proqramında yer alan əsas vəzifələr sırasına Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması, dilçilik sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsi məsələləri daxildir.
Həmçinin dünya dilçilik elminin müasir inkişaf meyllərini nəzərə almaqla, elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, dilçilik sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığın inkişaf etdirilməsi, dilin inkişafı və tədrisi məsələlərinin uzlaşdırılması və təkmilləşdirilməsi məsələləri sənəddə yer alıb. Eləcə də dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsi, dil (ədəbi dil) və mədəniyyət tarixinin daha əsaslı tədqiqini təmin etmək üçün qədim dillərin tarixinin öyrənilməsi vəzifələri qarşıya qoyulub. Dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi, dil və nitq mədəniyyətinin yüksəldilməsi, Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi, Azərbaycanda dil situasiyalarının və dil əlaqələrinin öyrənilməsi də sənəddə yer alan vəzifələrdir.
 
Təhsilin bütün pillələri üzrə yeni standartlar
 
Dövlət Proqramının icrasına dair Tədbirlər Planında həyata keçiriləcək tədbirlərin adı və icraçılar da qeyd olunub. Belə ki, dövlət dilinin elm və təhsil müəssisələrində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması məsələləri, Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartlarının, Milli transliterasiya standartlarının hazırlanması qeyd olunub. Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normaları¬na əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində dilin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qaynar xəttin yaradılması göstərilib. Tədbirlər planında küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı məsələlər yer alıb.
Azərbaycan dilinin tədrisinin genişləndirilməsi ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində əcnəbi vətəndaşlar, diaspor nümayəndələri və digər maraq göstərən şəxslər üçün təsərrüfat hesablı Azərbaycan dili kurslarının yaradılmasına dair təkliflərin hazırlanması, ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə “Nitq mədəniyyəti” fənninin tədris olunmasının təmin edilməsi məsələsini qarşıya qoyub. Eləcə də dövlət idarəçiliyində Azərbaycan dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi məsələləri Tədbirlər Planında yer alıb.
Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi isə ölkədə tədrisin digər dillərdə aparıldığı ümumtəhsil müəssisələrində dövlət dilinin tədrisinin təmin edilməsi, qədim dünya dillərinin və qədim mədəniyyətlərin öyrənilməsi üçün yeni layihələrin hazırlanması və həyata keçirilməsini nəzərdə tutub. Türk dillərinin fonetika, leksika və qrammatikasının müqayisəli tədqiqi sahəsində işlərin intensivləşdirilməsi, ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələrin hazırlanması məsələləri də Tədbirlər Planına daxil edilib. O cümlədən, Azərbaycan dilinə daxil olan yeni elementlərin öyrənilməsi, sistemləşdirilməsi və tətbiqinin genişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, ana dilimizin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi də sənəddə yer alıb.
 
KİV-də dövlət dilinin təbliği
 
Tədbirlər Planında, həmçinin qeyd edilib ki, qloballaşma şəraitində Azərbaycanda dil situasiyasının və dillərin qarşılıqlı əlaqəsinin öyrənilməsi intensivləşdirilməli, ölkəyə idxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarət edilməli, küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi təmin edilməlidir. Həmçinin milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatı hazırlanmalıdır.
Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması, ana dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması qeyd olunub. O cümlədən, Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi, AMEA Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası”nın və internet portalının yaradılması məsələləri sənəddə yer alb. Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin və Azərbaycan dilində antiplagiat sistemin yaradılması, Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi də Tədbirlər Planına daxildir.
Azərbaycan dilinin təbliği ilə bağlı KİV-in də qarşısına müəyyən məsələlər qoyulub. Belə ki, KİV-də dövlət dilinin təbliğinin gücləndirilməsi, televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və KİV sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi, həmçinin teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuraların yaradılması məsələləri sənəddə yer alıb. Həmçinin QHT-lərin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə seminarlar, dəyirmi masalar, konfranslar, televiziya və radio verilişlərinin təşkil edilməsi qeyd edilib.
Qeyd edək ki, Tədbirlər Planında yer alan məsələlərin icrası AMEA, Təhsil Nazirliyi, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və QHT-lər tərəfindən həyata keçiriləcək.
 
Təranə Məhərrəmova 
Hazırladı: “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi ” İctimai  Birliyi
URL / WWW
http://kelam.az/news/a-7488.html