Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təminatı
12.05.13 15:59

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin mühüm komponentlərindəndir. Müasir dövrdə ərzaq təhlükəsizliyi dedikdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən qeyd edildiyi kimi, əhalinin sağlam və fəal həyat tərzi sürməsinə imkan verəcək səviyyədə zəruri və keyfiyyətli ərzaq məhsulları istehlakı üçün istənilən vaxtda onların fiziki və iqtisadi əlyetərliliyinin təmin edilməsi başa düşülür. 
Son illər dünya bazarında enerji daşıyıcılarının qiymətinin bahalaşması, aparıcı ölkələrin maliyyə bazarında baş verən mənfi meyillər, habelə əhalinin sayının artması nəticəsində ərzaq məhsullarına tələbatın yüksəlməsi, iqlim dəyişikliyi, məhdud su ehtiyatları kimi səbəblərlə bağlı əsas ərzaq məhsullarının dünya bazarındakı qiyməti artır, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilir. 
FAO tərəfindən aparılan son araşdırmaya əsasən, dünyada aclıq həddində yaşayan insanların sayı 925 milyon nəfərdir. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən isə planetimizdə təxminən 3,7 milyard insan lazımi və balanslı səviyyədə qidalana bilmir. Həmin hesabatda dünya əhalisinin yarısından çoxunu əhatə edən bu rəqəmin ildən-ilə artdığı qeyd edilir və buna səbəb kimi ərzaq təklifinin tələbə adekvat olmadığı vurğulanır. 
Ərzaq məhsullarının istehsalının dünyadakı əhali artımına adekvat olmaması faktı FAO-nun məlumatlarında da öz əksini tapır. Adı çəkilən təşkilatın araşdırmalarına əsasən, son illərdə dünyada ərzaq istehsalının illik artımının azalması tendensiyası müşahidə edilir və bu azalmanın növbəti illərdə də davam edəcəyi proqnozlaşdırılır. 
Dünya əhalisinin sürətlə artması müqabilində isə ərazi və su resurslarının məhdud olması qlobal ərzaq təhlükəsizliyi üçün təhdiddir. Bu səbəbdən daha məhsuldar üsulların tətbiqi və qənaətcil suvarma texnologiyalarından istifadə zəruridir. Hazırda qlobal istiləşmə və iqlim dəyişikliyi insanların ərzaq məhsullarına tələbatının ödənilməsində əhəmiyyətli rol oynayan kənd təsərrüfatı sektoruna daha çox mənfi təsir göstərir. Kənd təsərrüfatını iqlim dəyişikliklərinə adaptasiya etmək qlobal ərzaq təhlükəsizliyinin təmin olunması və ekosistemi qorumaq baxımından vacib olmaqla yanaşı, həm də çox xərc tələb edir.
Enerji daşıyıcılarındakı qiymət dəyişiklikləri və bununla əlaqədar bioenerjidən istifadənin yayılması da kənd təsərrüfatı məhsullarına tələbatı artırır. Son illər dünyada bioyanacaq məqsədilə əkilən sahələrin genişlənməsi ərzaq məqsədləri üçün əkinləri azaltmış, bu isə qida məhsullarının təklifinin məhdudlaşmasında və qiymətinin artmasında böyük rol oynamışdır. Məsələn, qarğıdalı, buğda, şəkər qamışı, şəkər çuğunduru kimi kənd təsərrüfatı məhsullarının bioyanacaq üçün istifadə olunması qlobal ərzaq təhlükəsizliyi üçün ciddi problemlər yaradır. 
Bütün bunlar qlobal ərzaq təhlükəsizliyi naminə dünya ölkələrini daha təkmil aqrar siyasət müəyyənləşdirməyə, qarşıda duran risklərlə birgə mübarizə aparmağa, daha yeni və müasir texnologiyaları tətbiq etməyə vadar edir.
Beləliklə, hazırda ərzaq təhlükəsizliyi probleminin səmərəli həlli dünyada gedən sürətli qloballaşma prosesi fonunda ən mühüm məsələlərdəndir. 
Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın daxili imkanları hesabına əsas ərzaq məhsulları ilə təminatına böyük önəm vermiş və bu istiqamətdə bir çox məqsədyönlü tədbirlər görülmüşdür. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 90-cı illərdə MDB məkanında ilk olaraq Azərbaycanda torpaq islahatlarının aparılması, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsi, həmçinin 2001-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” çərçivəsində görülmüş işlər nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının artırılmasına nail olunmuşdur. 
Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir, xarici ölkələrə məhsul ixrac edir. 
Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlara, təsdiq etdiyi dövlət proqramlarına uyğun olaraq görülən işlər ərzaq məhsulları üzrə istehsalın həcminin və keyfiyyətinin yaxşılaşmasında, əhalinin ərzaq təminatında yerli məhsulların xüsusi çəkisinin artmasında mühüm rol oynayır.
Qlobal iqtisadi sistemə səmərəli inteqrasiya yolunu seçmiş və davamlı sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoymuş ölkəmizdə ərzaq təhlükəsizliyi probleminə kompleks yanaşma nəticəsində Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilmişdir. Dövlət Proqramında əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və uğurla həyata keçirilməsi ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaradır. Dövlət Proqramının uğurlu icrası qarşıdakı illərdə də ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcəkdir. 
Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanaraq aqrar sahənin inkişafına böyük önəm verir. Aqrar sektorda aparılan köklü islahatlar bu sahənin sürətli inkişafına əlverişli zəmin yaratmışdır. 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması və torpaq islahatlarının aparılması nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş vermiş, yeni sahələr yaranmış, məzmunca fərqli münasibətlər formalaşmışdır. Bu gün dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyinin göstərilməsi aqrar bölmənin inkişafında mühüm rol oynayır. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, buğda səpininin, toxum və ting istehsalının subsidiyalaşdırılması kənd təsərrüfatı istehsalına güclü təkan vermişdir. Bununla yanaşı, damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması həyata keçirilir.
Ölkədə aparılan aqrar siyasətin tərkib hissəsi kimi lizinq münasibətlərinin inkişafı məqsədilə 2005-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılmış və ötən müddət ərzində ASC-nin nəzdində müxtəlif bölgələrdə fəaliyyət göstərən aqroservis filialları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına sifarişlər əsasında müxtəlif aqrotexniki xidmətlər göstərilir. “Aqrolizinq” ASC-nin fəaliyyətə başladığı ildən bu qanunun xətti ilə müxtəlif növ kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar, damazlıq inəklər, mineral gübrə və pestisidlər dövlət büdcəsindən ayrılmış vəsait hesabına ölkəyə gətirilərək fermerlərə güzəştli şərtlərlə satılır.
Aqrar sahənin inkişafında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən güzəştli kreditlərin rolu xüsusi qeyd edilməlidir. İndiyədək 800 milyon manat məbləğində güzəştli kredit verilmişdir. Bu vəsaitlərin 63 faizi aqrar sahənin inkişafına, o cümlədən 80 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 20 faizi aqrar sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrinin (soyuducu və taxıl anbarı kompleksləri) yaradılmasına yönəldilmişdir. 2011-ci ildə isə 1643 sahibkarlıq subyektinə verilmiş 138 milyon manat məbləğində güzəştli kreditlərin təqribən 80 faizi aqrar sahənin payına düşmüşdür.
Ölkəmizdə, o cümlədən regionlarda Azərbaycan İnvestisiya Şirkəti tərəfindən qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahədə müəssisələrin dəstəklənməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Şirkətin payçı qismində iştirak etdiyi Yevlax rayonunda yerləşən “Azərtoxum” MMC, Şabranda fəaliyyət göstərən “Dəvəçi Broyler” quşçuluq müəssisəsi, Samux rayonundakı “N.A.A Aqrotara” MMC soyuducu anbar və qurudulmuş meyvə istehsalı kompleksi, Ağstafa rayonunda yerləşən “Ağstafa Aqroservis” MMC aqrar sahədə həyata keçirilən layihələrdəndir. 
AİŞ-in payçılıq qaydasında iştirak etdiyi layihələrdən biri də “Milk-Pro” MMC-nin Hövsan qəsəbəsində inşa olunmuş müasir texnologiyaya əsaslanan və yüksək keyfiyyətli məhsullar istehsal edən yeni süd zavodudur. Daxili bazarda süd və süd məhsullarına olan tələbatın ödənilməsinə yönəldilmiş müəssisə hazırda test rejimində fəaliyyət göstərir. Bundan əlavə, şirkət aqrar sahədə bir sıra layihələrə investisiya qoyuluşlarını həyata keçirmək üçün müvafiq işlər aparır. 
Ərzaq təhlükəsizliyinin başlıca şərtlərindən biri də dövlət ərzaq ehtiyatlarının təşkili və onların səmərəli idarə olunmasıdır. Bununla bağlı taxıl məhsulları üzrə dövlət ehtiyatının yaradılması və idarə olunması ilə əlaqədar qanunvericilik bazası 2009-cu ildə təkmilləşdirilərək, Dövlət Taxıl Fondunun səmərəli fəaliyyəti təmin edilmişdir. Həmçinin tələbata uyğun yeni elevator və anbarların tikilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Həyata keçirilmiş aqrar islahatlar nəticəsində bir sıra bitkiçilik məhsullarının istehsalında və heyvandarlıqda əsaslı artım baş vermişdir. Bununla yanaşı, yoxsulluq səviyyəsinin 2000-ci ildəki 49 faizdən 2011-ci ildə 7,6 faizə enməsi, əhalinin həyat səviyyəsinin yüksəlməsi nəticəsində, ölkəmizdə ərzaq məhsulları üzrə istehlak səviyyəsi də yüksəlmişdir. Hazırda istər ölkə, istər ayrı-ayrı regionlar, istərsə də əhalinin müxtəlif təbəqələri üzrə əhalinin ərzaq istehlakı Nazirlər Kabineti tərəfindən müəyyən edilən minimal fizioloji normalarla müqayisədə kifayət qədər yüksəkdir.
Əldə edilən nailiyyətlər ərzaq təhlükəsizliyi sahəsində keyfiyyətcə yeni mərhələnin başlamasına zəmin yaratmışdır. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı ərzaq təhlükəsizliyi ilə bağlı xüsusi göstərişlər vermiş və yeni mərhələdə qarşıda duran vəzifələri müəyyənləşdirmişdir. Həmin göstərişlərə uyğun olaraq hazırda qarşıda duran əsas vəzifə ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və bütövlükdə aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bu sahədə ixracın coğrafiyasının genişləndirilməsi və həcminin artırılmasından ibarətdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçısının 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” növbəti illərdə də ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və bu sahədə qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.

Səməd Bəşirli
İqtisadi İnkişaf Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdiri  

Hazırladı: “Aqro Tərəqqi” İctimai Birliyi  
URL / WWW
http://kelam.az/news/a-7486.html