Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Heydər Əliyev və Azərbaycan dili
09.05.13 23:56

Azərbaycanda bütün etnik birliklərin nümayəndələri bir azərbaycanlı, Azərbaycan vətəndaşı kimi tolerantlıq, humanizm, xeyirxahlıq şəraitində azərbaycançılıq ideologiyasını və ölkəmizdə formalaşan mədəniyyəti özünün mənəvi-mədəni sərvəti sayır. Azərbaycanın gələcək inkişafı azərbaycançılıq və Azərbaycan mədəniyyətinin birləşdirdiyi bütün xalqların və dünya azərbaycanlılarının birgə fəaliyyətindən asılıdır.
Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Bu baxımdan Azərbaycan Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlər idi.  “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Sənəddə Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu.
Müstəqilliyimizin ilk ilində - 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. Yalnız ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verildi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr latın qrafikası ilə aparıldı. Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamları da öz ictimai-tarixi əhəmiyyətinə görə yüksək qiymətləndirilir. Həmin sənədlərə uyğun olaraq 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısı hazırlanmış və çap olunmuşdur. Dövlətimizin başçısı milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirdiyini bir daha təsdiqləmişdir.
Ulu öndər Heydər Əliyev Azərbaycan dilinə məhz azərbaycançılığın mənəvi əsası kimi yüksək qiymət verirdi: “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də, dünyada yaşayan bütün azərbaycanlıların dili olsun.”
Heydər Əliyev ideyalarının əzmkar davamçısı, Prezident İlham Əliyev bu siyasətin tarixi rolu ilə bağlı demişdir: “Azərbaycan rəhbərliyinin apardığı siyasət yeganə düzgün siyasətdir. Bunu həyat da sübut etmişdir. Azərbaycan çox böhranlardan şərəflə çıxmışdır. Vətəndaş müharibəsi və cəmiyyətin parçalanması təhlükəsindən qurtarmışdır. İndi Azərbaycanda sabitlikdir, güclü iqtisadiyyat vardır, demokratikləşdirmə yolunda çox işlər görülür. Buna görə də mən qəti əminəm ki, hazırda yeridilən xətt davam etdirilməlidir...” Bu sətirlərdə Heydər Əliyev siyasətinə, Heydər Əliyev ideologiyasına qüvvətli inam ifadə olunur.
Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olmuşdur. Təxminən on il ərzində ulu öndər Heydər Əliyev həqiqətən də böyük tarixi olan işlər görmüşdür: Azərbaycan dili dövlət dili olaraq Azərbaycan Sovet Sosialist Respublikasının qanunlarında (xüsusilə Konstitusiyada) əksini tapmış, mərkəzin etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilmişdir. Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilmiş, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gənclərin ana dilində təhsilinə üstünlük verilmişdir. Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni etmiş, Azərbaycanın böyük yazıçıları, şairləri əsərlərini, demək olar ki, yalnız ana dilində yazmış, Azərbaycan Yazıçılar İttifaqının mətbuat orqanları Azərbaycan dilində çıxmışdır. Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılmış, çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yaradılmış, həmin çoxcildliklərdən biri - ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi respublika Dövlət mükafatına layiq görülmüş, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu bir daha təsdiq edilmişdir. Yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktiki olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərmiş, başqalarına nümunə vermişdir.
Xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi əhəmiyyət verən ümummilli lider Heydər Əliyev ana dilimizi özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olundu və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi.
Hazırda Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması, bu günlərdə dövlətimizin başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı”nın təsdiq edilməsi bunun parlaq nümunəsidir.
Ümumiyyətlə, ümummilli lider Heydər Əliyevin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratmışdır ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə əminik.  

Hazırladı: 
“Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi ” İctimai  Birliyi
URL / WWW
http://kelam.az/news/a-7482.html