Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Atmosfer havasını nələr çirkləndirir
09.05.13 23:37

Hər il dünyanın ekoloji vəziyyəti ilə bağlı müxtəlif şirkətlər tərəfindən beynəlxalq hesabatlar hazırlanır. Bu hesabatlarda dünya ekologiyasına ən çox ziyan vuran ölkələrin adları açıqlanır. Hesabatlarda çox zaman dünya ekologiyasına ən çox ziyan vuran ölkələr kimi ABŞ, Rusiya, Çin, Hindistan ilk sıralarda yer alır. Bir sıra hallarda beynəlxalq hesabatlarda Azərbaycanın adı da mənfi yöndə çəkilir. Bəs Azərbaycanda atmosfer necə çirklənir?
Ekologiya və Təbii Sərvətlət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ekologiya ilə bağlı beynəlxalq hesabatlarda mənfi yöndə Azərbaycanın adının iki dəfə çəkildiyini bildirib. Onun sözlərinə görə, bunlardan biri dörd il əvvəl “Black Smeet” şirkəti tərəfindən aparaılan siyahıda idi: “Ancaq hesabatların heç biri düz olmayıb. Ondan sonra Azərbaycanın adı mənfi yöndə ekologiya ilə bağlı hesabatlara salınmayıb”. 

Hava karbohidrogenlərlə çirklənməyə məruz qalır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin nümayəndəsi Mirsalam Qəmbərov Azərbaycanda atmosfer havasının əsas etibarı ilə energetika sahəsində, istilik-elektrik stansiyalarından yanacağın yanması nəticəsində, yəni sənaye baxımından çirkləndiyini qeyd edib: “Buna paralel ondan da az olmayan nəqliyat vasitələri ilə də çirklənmə mövcuddur. Bu iki sahə Azərbaycanda bu gün formalaşan, atmosferə atılan tullantıların böyük hissəsini təşkil edir”. M.Qəmbərovun sözlərinə görə, yanma məhsulları, yanma qazlarının tərkibində olan azot, karbon oksidləri kimi zərərli maddələr atmosfer havasını çirkləndirir: “Azərbaycanda, xüsusən Abşeron yarmadasında neft-karbohidrogen hasilatı mövcuddur. Yəni neft-qaz emalı sahəsində də atmosfer havası müəyyən qədər karbohidrogenlərlə çirklənməyə məruz qalır. Bu da neft mədənlərində, xüsusən keçmişdə quruda neft-qaz hasilatı zamanı məhsuldarlığı az olan quyularda boru arxası  səmt qazlarının 100 faiz tutulması nəticəsində olur”. 
Nazirliyin işçisi bütün bunlara baxmayaraq, son illərdə Azərbaycanda həm ekoloji problemlərə diqqət yertirildiyini, həm də Sovet dönəmindən sonra öz havamızın, məhsulumuzun qədrini bilmək nöqteyi-nəzərindən bu məsələlərin önəmli olduğunu vurğulayıb: “Boru arxası qazların tutulması üçün müəyyən işlər görülür, səmt qazları tutulmayan mövcud quyuların tutulması istiqamətində də yeniliklər var. Məsələn, keçən il və ondan əvvəlki il daxilində təbii səmt qazı olan çoxlu quyular var idisə, növbəti il bunların sayı getdikcə azalır.
Bununla yanaşı, BP şirkəti dənizdən neft-qaz hasilatını həyata keçirir. Hasilat zamanı havaya birabaşa karbohidrogenlər getməsin deyə tutulmayan, texnoloji prosesdən ayrılan qazlar məşəldə yanır, zərərsiz formaya keçir. Amma istər-istəməz bu tüstü qazların da tərkibində çirkləndirici karbon, azot oksidləri, karbohidrogenlər var”.
M.Qəmbərovun fikrincə, bu mənbələrlə yanaşı, sənayenin digər sahələri-müəyyən qədər kimya sənayesi, tikinti inekt məhsullarının hazırlanması sahəsinin də (bunlar əsas etbarı ilə sement, qum, əhəngdir) özlüyündə atmosfer havasının müəyyən qədər çirklənməsinə səbəb olur. 

Atmosferi köhnə maşınlar çirkləndirir 

Azərbaycanda atmosferə atılan tullantıların böyük hissəsi sənaye məhsulları, nəqliyat vasitələri hesabınadır. M.Qəmbərov son illər Azərbaycanda artan nəqliyyat vasitələrinin də atmosfer havasını çirkləndirdiyini qeyd edib: “Əvvəllər, Avropa və digər inkişaf etmiş ölkələrdə istifadə müddəti keçmiş və istifadəsi qadağan edilmiş maşınlar müəyyən vasitələrlə -  özəl strukturların əli ilə Azərbaycana gətirilirdi. Atmosferin çirklənməsində məhz belə köhnə maşınların da payı var. Artıq bu istiqamətdə də addımlar atılıb. Son illər Avropa, Almaniya istehsalı olan köhnə maşınlar daha respublikaya buraxılmır. Bundan başqa, İran, Rusiyanın iki, üç il bundan əvvəl istehsal olan maşınları da ölkəyə gətirilmir. Amma ümummiyyətlə, iri şəhərlərimizdə mövcud olan zərərli qazların müəyyən hissəsini məhz o nəqliyyat vasitələrinin payına düşür”. 

Müəssisələr inzibati qaydada cəzalandırılır…

Nazirlik işçisi qeyd etdiyi sənaye sahələrində monitorinqlərin keçirildiyini də bildirib: “Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində bir sıra qanunvericilik aktları, müasir sənədləri var. Həmin sənədlərin tərkib hissəsinə uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlar bu sahədə öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirirlər. Hər bir müəssisə həm istehsalat nəzarətini həyata keçirir, həm də həmin müəssisələrdə formalaşan tullantıların uçot hesabatı aparılır. Bu uçot hesabat əsasında atmosferə ayrılan həmin tullantıların kəmiyyət və keyfiyyət göstəriciləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına təqdim olunur. Formalaşan tullantıların uçotu aparılıb Dövlət Statistika Komitəsində cəmləşdirilir və bunlar 2 TG statistik hesabatlarında varlığını tapır”.
M.Qəmbərov Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin də yerli qurumlar, müəssisə və təşkilatlarda formalaşan tullantıların uçot hesabatlarını apardığını söyləyib: “Əgər hesabat düzgün aparılmırsa, bu tullanıların neytrallaşdırlması üçün qaz, toz uçurucu qurğular normal qaydasında, standartlara uyğun işləmirsə tərəfimizdən inzibati qaydada müəyyən tədbirlər həyata keçirilir”. 
M.Qəmbərovun sözlərinə görə, tutulan zərərli qazların neytrallaşdırlması, zərərsizləşdirilməsi, başqa məqsədlər üçün istifadəsi və ya onların basdırlması istiqamətində qəbul olunmuş qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir: “Hər bir müsəssisədə, istər BP-nin təşkilatlarında, istər Neft Şirkətinin, istər “Azərenerji” ASC-nin obyektləri, istər fərdi təşkilatlar - əhəng zavodu, sement zavodu, çınqıl, qum istehsalı karxanaları, əhəng daşı karxanalarında müəyyən standartlar, normalar, qaydalar var. Hər bir fiziki və hüquqi şəxs həmin standartalara, normalara uyğun işlərini qurmalı və dövlətin qoyduğu normativ bazaya, tələblərə cavab verməlidir. Sözsüz ki, istehsalat fəaliyyətində müəyyən problemləri olan müəssisələr inzibarti qaydada tərəfimizdən aktlaşdırırlar, inzibati xətaya yol vermiş fiziki, hüquqi şəxslər cərimə olunur”.

Bütün müəssisə və təşkilatlar nəzarət altındadır…

Hər bir müəssisənin ekoloji təhlükəsizlik qaydalarına borclu olduğunu deyən M.Qəmbərov eyni zamanda müəssisələrin heç nədən sığortalanmadığını da vurğulayıb: “Bu bilərəkdən və bilməyərəkdən baş verə bilər. Texnoloji avadanlıq müasir standartlara cavab vermirsə, fiziki və mənəvi cəhətdən köhnəlibsə və formalaşan zərərli qazları qaydasında tutmursa, buna bilərəkdən demək olar. Məsələn, ən böyük sement zavodu Qaradağdadır. Sovetlər dövründən fəaliyyət göstərən  Qaradağ Sement Zavodu 40-50 ilin zavodudur. Burda müəyyən tədbirlər həyata keçirilir, işlər görülür. Ancaq yeni, mütərəqqi texnologiyalar nə qədər çox tətbiq olunarsa atmosfer havası bir o qədər az çirklənməyə məruz qalar.
Nazirlik işçisi ekoloji təhlükəsizlik, ekologiyaya uyğun tətbiq olunmuş qaydalar, normalar, standartlar baxımından bütün müəssisə və təşkilatların nəzarət altnda olduğunu qeyd edib. Onun sözlərinə görə, yeni texnolgiyaların tətbiq olunması sahəsində də Azərbaycanda müəyyən proqramlar mövcuddur: “Məsələn, keçmişdə istilik sistemi yaratmaq üçün qazanxanaların 20 metrdən başlayaraq 100 metrə qədər çatan turbalarından qara tüstülər atmosferə yayılırdı. Bu gün bəzi asfalt-beton zavodları o vəziyyətdədir. Amma bu istiqamətdə də irəliləyiş var. İndi Bakıda biz belə qazanxanalar tapa bilmərik.Yeni gələn avadanlıqlarda yanma prosesi maksimum dərəcə də həyata keçirilir. Ümumiyyətlə, Azərbaycanda tikinti sahəsi, o cümlədən digər bütün sahələrdə də ekolji nöqteyi nəzərindən müəyyən proqramlar qəbul olıunub və uğurla həyata keçirilməkdədir”.

Müəllif: Aytən ƏLİYEVA
Yayıma hazırladı: “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi



URL / WWW
http://kelam.az/news/a-7481.html