Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Böyük İqtisadi Ensiklopediya" çap olunub
17.12.12 21:02

Beşcildlikdə İslam iqtisadiyyatına da geniş yer ayrılıb
Azərbaycan İqtisadçılar İttifaqı “Böyük İqtisadi Ensiklopediya”nı çapa hazırlayıb. “Böyük İqtisadi Ensiklopediya”nın Baş redaktoru, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri akademik Ziyad Səmədzadənin ideya müəllifliyilə hazırlanan bu beşcildlik nəşrdə İslam Bankçılığı, İslam iqtisadiyyatı, İslamda əmlak və mülkiyyət münasibətləri və digər mövzular geniş işıqlandırılıb.
Ensiklopediyanın Baş redaktoru akademik Ziyad Səmədzadə nəşrin işıq üzü görməsilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə məktub göndərib. Məktubda deyilir:

                                                                                                       “Hörmətli Hacı Allahşükür Paşazadə!
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə yeni iqtisadi sistemin formalaşması və inkişafı, sərt inzibati-amirlik sisteminə xas olan iqtisadi anlayışlar, kateqoriyalar qanunlardan istifadəni mümkünsüz etmiş, bir sıra məsələlərin həlli ilə yanaşı, iqtisadiyyat sahəsi üzrə müvafiq ensiklopediyanın hazırlanmasını obyektiv zərurətə çevirmişdir.
Biz, yüksək ixtisaslı mütəxəssislər, iqtisadçı alimlər, iqtisadi strukturlar, nüfuzlu elmi mərkəzlər ilə məsləhətləşmələr apardıq, ilk növbədə həyatımıza artıq daxil olmuş iqtisadi terminlərin monitorinqini keçirdik, dünya təcrübəsini öyrəndik, müstəqil Azərbaycanın dinamik inkişafını, iqtisadiyyatda keçid dövrünün başa çatmasını təmin edən amilləri, prosesləri sistemli təhlil etdik.
Mən böyük məmnuniyyətlə 5 cilddən ibarət “Böyük İqtisadi Ensiklopediya”nı Sizə - İslam dövlətlərinin görkəmli nümayəndəsi, İslam ənənələrinin, milli-mənəvi dəyərlərimizin qorunmasına öz layiqli töhfələrini verən, başçılıq etdiyiniz strukturun inkişafı üçün yorulmaz və məhsuldar fəaliyyət göstərən görkəmli ziyalıya, çox dəyərli və qayğıkeş Vətən oğluna təqdim edirəm.
Ensiklopediyada makroiqtisadi tarazlıq, maliyyə sistemi, pul-kredit siyasəti, qiymətli kağızlar bazarı, tələb, təklif, rəqabət, inhisar, açıq və qapalı iqtisadiyyat problemləri, marketinq, investisiya, menecment, innovasiya, birja, müxtəlif iqtisadi nəzəriyyələr, elmi məktəblər və s. ilə bağlı 10000-ə yaxın iqtisadi terminin, sözün mahiyyəti, məzmunu açıqlanır.
Beşcildlikdə Azərbaycan dövlətinin iqtisadi siyasətinin fundamental istiqamətlərinin (inkişafın Azərbaycan modeli, pul-kredit, büdcə, vergi, xarici iqtisadi əlaqələr, iqtisadi təhlükəsizlik, iqtisadiyyatın dövlət tənzimlənməsi, enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, dövlət borcu, regional siyasət, iqtisadi rayonlaşdırma, demoqrafiya, məşğulluq, urbanizasiya, təhsil, səhiyyə, xidmət sahələrinin iqtisadiyyatı, informasiya texnologiyaları, turizm iqtisadiyyatı və s.), respublika iqtisadiyyatında, xüsusilə də son 8 ildə baş vermiş böyük kəmiyyət, keyfiyyət dəyişikliklərinin sistemli, müqayisəli təhlilini özündə əks etdirən yazılar verilmiş, iqtisadi proseslərin, iqtisadi terminlərin mahiyyətinin daha yaxşı mənimsənilməsi məqsədilə 2000-dən çox cədvəl, qrafik və şəkildən istifadə edilmişdir.

Hörmətli Hacı Allahşükür Paşazadə!
Sizə möhkəm cansağlığı, sevinc dolu illər, gərgin və səmərəli fəaliyyətinizdə uğurlar diləyirəm.”
URL / WWW
http://kelam.az/news/a-7304.html