Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Sayalı Sadıqova: Dərsliklərdə başa düşülməyən kifayət qədər termin var
30.11.12 19:41

“Hazırda dərsliklərdə başa düşülməyən kifayət qədər terminlər var. Uşaqlar o terminləri oxuyanda başa düşə bilmirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova söyləyib. S.Sadıqova hesab edir ki, dərsliklərdə elə terminlər verilməlidir ki, onları uşaqlar başa düşə, dərk edə bilsinlər. Elmi dili terminlərlə ağırlaşdırmaq olmaz. S.Sadıqovanın sözlərinə görə, bəzən eyni anlayışlı terminlər tarix, ana dili, ədəbiyyat və başqa dərsliklərdə müxtəlif cür verilir. Bu işə nəzarətin gücləndirilməsinin vacibliyini diqqətə çatdıran S.Sadıqova bu məsələ ilə bağlı onlara da müraciət olunduğunu söyləyib: “Məsələn, riyaziyyatla bağlı müraciətlər olur. Bəzilərində ekvalent ədədlər, bəzilərində bərabərhüquqlu ədədlər gedir. Belə sinonim terminləri aradan qaldırmaq lazımdır”. Onun sözlərinə görə, orta məktəblərdə eyni anlayışın müxtəlif terminlərlə verilməsi məqbul deyil. S.Sadıqova xatırladıb ki, sovet dövründə dərsliklərin çoxu rus dilində yazılıb. Diplomatik əlaqələr rus dilində aparılıb. Dəmiryol sahəsindəki sənədləşdirmə işlərinin əksəriyyəti rus dilində aparılıb. Kargüzarlıq işləri rus dilində həyata keçirilib: “Məsələn, “məzuniyyət”, “ezamiyyət” yazılır və deyilir. Bunun qarışığı olan “dincəliş”, “göndəriş” terminləri var və müəyyən sahələrdə bu terminlər işlənir. Buna görə də kargüzarlıq işlərinə xüsusi nəzarət olmalıdır. Elə sözlər də var ki, işləklik qazanıb, xalq onun mənasını da bilir. Buna görə də terminologiyanın yaradılmasında ümumxalq dilinin əsas götürmək lazımdır”. S.Sadıqova əlavə edib ki, Terminologiya Komissiyasının əsas vəzifəsi diplomatiya, hüquq, kargüzarlıq və başqa sahələr üzrə milli terminologiya yaratmaqdır. Milli terminologiyada həm beynəlmiləl, alınmalar, həm də dilin daxili imkanları əsas götürülməlidir. Əsas məsələ dilin gələcək inkişafının terminologiyasını hazırlamaqdır. S.Sadıqovanın sözlərinə görə, hesablamalar göstərir ki, dildə yaranan sözlərin 90 faizini terminlər təşkil edir: “Terminlər nizama salınmasa, onlar əlaqələndirilməsə onların inkişafı istiqamətləndirilməsə dilimizin inkişafı hara gedə bilər?”
URL / WWW
http://kelam.az/news/a-7259.html