Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Orta məktəblərin atlasları saxtalaşdırılır
11.10.12 20:15

“Dövlət Torpaq Xəritəçəkmə Komitəsi  Bakı Kartoqrafiya Fabriki tərəfindən Azərbaycanın orta məktəbləri üçün hazırlanan atlaslar və kontur xəritələr bəzi işbazlar tərəfindən saxtalaşdırılır”. Bu fikri “KƏLAMİNFO”ya müsahibəsində Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov söyləyib.
Onun sözlərinə görə, atlaslar üzərində bir il iş aparılır. Bu atlasların hazırlanmasına təcrübəli müəllimlər, alimlər, elmi-metodik şuradan nümayəndələr cəlb edilir: “Bu atlaslar bazara buraxılır, bundan sonra bəzi işbazlar hazırladığımız atlasların saxta surətlərini nəşr etdirirlər”.
M.Bayramov hesab edir ki, saxta və pirat atlasların satışının qarşısının alınmasının bir yolu da bu vəsaitlərin Təhsil Nazirliyi tərəfindən sifariş verilməsidir. Ona görə də M.Bayramov təklif edib ki, Azərbaycanın Təhsil Nazirliyi də digər ölkələrin təcrübəsini öyrənərək atlasların sifariş verməsini həyata keçirə bilər: “Təhsil Nazirliyi sifariş verə bilər ki, 500 min tiraj atlas çap olunsun. Biz də onu hazırlayaraq Təhsil Nazirliyinə verə bilərik. Nazirlik isə onu məktəblərə yönəldər. Beləliklə, saxta atlasların satışının qarşısını almaq olar”.
M.Bayramov deyib ki, belə variant təşkil edilsə saxta atlaslar ortadan çıxar, şagirdlər keyfiyyətli vəsaitlərdən istifadə edər, həmçinin vergidən yayınanlar kənarlaşar. Direktor nümunə olaraq qeyd edib ki, bir sıra ölkələrdə orta məktəblər üçün hazırlanan atlasları həmin dövlətlərin Təhsil nazirlikləri sifariş verir. O, konkret olaraq  Belarusda atlasların sifarişini Təhsil Nazirliyinin verdiyini söyləyib.
Saxta buraxılan atlaslarla bağlı onlara şikayətlər daxil olduğunu diqqətə çatdıran M.Bayramov bildirib ki, həmin saxta atlasları şagirdlər oxuya bilmirlər: “Şikayətçilərin gətirdiyi atlasla baxırıq və görürük ki, saxta şəkildə hazırlanan atlaslardır. Surətləri elə şəkildə çıxarırlar ki, yazılar oxunaqlı olmur, kağızlar çox keyfiyyətsizdir. Atlasların rəngi çıxır”.
M.Bayramov vurğulayıb ki, belə işbazlarla mübarizə aparmaqda çətinlik çəkirlər: “Onlarla mübarizə apara bilmirik. Biz atlasları bazara çıxarandan bir həftə sonra həmin atlasların surətlərini çıxarmağa başlayırlar”. O, saxta atlasların İran, Rusiya, o cümlədən Dağıstanda hazırlandığını açıqlayıb. M.Bayramov onu da qeyd edib ki, saxta atlasların yığışdırılması ilə bağlı müvafiq qurumlarla birlikdə tədbirlər həyata keçirilməsinə baxmayaraq, bu problem aradan qalxmayıb.
URL / WWW
http://kelam.az/news/a-6994.html