Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ekspert: “Neftin qiymətinin həddən artıq yüksələ biləcəyinə inanmıram”
31.01.12 15:57

“İran Avropa Birliyinin sanksiyalarının qüvvəyə mindiyi 1 iyul tarixini gözləmədən özü başlayacaq birliyə verdiyi nefti azaltmağa. Ancaq bu gün mən London birjasına baxdım və brent tipli neftin qiymətində ötən ayla müqayisədə 0,4 faiz ucuzlaşma var. Bununla belə, neftin bareli 111 dollar ətrafında cərəyan edir və artıq mart ayının birinci ongünlüyü üçün fyüçerslər satılır. Söhbət ondan gedir ki, bu beş ayda bazar daim informativ hücumlara məruz qalacaq. Yəni pozitiv xəbər gələndə qiymət bir qədər aşağı düşəcək, neqativ xəbər olanda artacaq. Bunun real olaraq tələb və təklifə aidiyyəti olmayacaq”. Bunu “KƏLAMİNFO”ya açıqlamasında Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban deyib. Onun fikrincə, reallıqda çox güman ki, ilin ilk yarısında neftin dünya bazarında orta qiyməti 115 dollardan artıq olmayacaq: “Yəni proseslər özünün praktik tətbiqinə keçəndən sonra. Praktiki tətbiq isə iyul ayında olacaq. Reallıq odur ki, yayın ortasında neftə olan tələbat azalır. Avropa Birliyi də çox güman ki, bu sanksiyaları tətbiq edərkən bunu nəzərə alıb. İyul, avqust, sentyabr hazırlıq mərhələsi olacaq ki, qışa ehtiyat və digər texniki məsələləri həll etsinlər. Ancaq bir başqa məsələ də var. BVF ekspertləri proqnoz verib ki, qiymətlər 20-30 faiz arta bilər. Əgər Hörmüz körfəzində ciddi bir hadisə baş versə, mən hesab edirəm ki, hətta daha yüksək bahalaşma ola bilər. Amma bu, qısamüddətli olar, həftəlik gərginlik yaşanması mümkündür. Digər bir tərəfdən, artıq Beynəlxalq Enerji Agentliyi bəyan edib ki, özünün rezervləri hesabına bazara əlavə olaraq 17 milyon barel neftin çıxarılmasını təmin edə bilər. Başqa bir məsələ ondan ibarətdir ki, dünyanın ən böyük rezervləri Amerikadadır. Amerikada da istehlak çox maraqlıdır ki, ötən ilin 4-cü rübündən azalmağa başladı. Neft ixracı iki il əvvəl 10 milyon barel idisə, ötən ilin 4-cü rübündə 8,6 milyon bareləcən aşağı düşdü. Bu onunla əlaqədardır ki, artıq Amerika neft məhsullarının daha qənaətcil rejiminə keçib. Yəni o iddia ilə çıxış etmək ki, neftin qiyməti həddən artıq yüksələ bilər, mən buna inanmıram”. Proseslərin Azərbaycan iqtisadiyyatına təsirinə gəlincə, İ.Şabanın sözlərinə görə, neftin bareli 115 dollar civarında olarsa, bu, büdcə qiymətindən 35 dollar artıq deməkdir. Ekspert qeyd edir ki, bu il Neft Fondundan iri həcmli xərcləmələr proqnozlaşdırılıb: “Nəzərdə tutulan 80 dollar demək olar ki, tamamilə xərclənəcək. Bunun 95 faizi büdcəyə transfertdir. 35 faiz artım olsa, təqribən 4 milyard dollar vəsait Neft Fondunun artım hissəsinə gedə bilər. Azərbaycanın real qazancı bax bu olacaq”. İqtisadçının sözlərinə görə, bununla belə, Azərbaycan hələ də ixracdan asılı ölkə olduğu üçün problemlər də gözlənilir: “Gömrük Komitəsinin məlumatlarına baxsaq, biz hər il ixraca 6 milyard dollardan artıq vəsait xərcləyirik. İxracın çoxu Qərb ölkələrindən gəlir. Hətta Çindən gəlsə belə, orda da neftdən asılılıq var və neftin bahalaşması orda istehsal olunan məhsulların maya dəyərinə təsir edir. Orda qiymətin 1-2 dollar qalxması Azərbaycan bazarında, mən deyərdim ki, 10 dollar bahalaşma deməkdir. Bu baxımdan da hökumət hər vəziyyətə hazır olmalıdır”.
URL / WWW
http://kelam.az/news/a-5571.html