Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Kaspi Təhsil Mərkəzi Beynəlxalq Təhsil Sərgisi təşkil edəcək
04.11.11 19:14

Noyabrın 5-i “Hyatt-Regency” otelində Kaspi Təhsil Mərkəzi xaricdə təhsil almaq istəyənlər üçün Beynəlxalq Təhsil Sərgisi təşkil edəcək. “KƏLAMİNFO” xəbər verir ki, Kaspi Təhsil Mərkəzi sərgi ilə bağlı bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirib. Mərkəzin direktoru Elnur Əliyev bildirib ki, hər il ənənəvi olaraq beynəlxalq sərgi təşkil edirlər. Onun sözlərinə görə, məqsəd Azərbaycan gənclərini, o cümlədən tələbələri bir sıra nüfuzlu xarici universitetlərlə tanış etmək, onlara həmin universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaratmaqdan ibarətdir. Mərkəz direktoru həmçinin bildirib ki, sərginin digər bir məqsədi isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dəstək verməkdir. E.Əliyev deyib ki, sabahkı təhsil sərgisində 10-a yaxın ölkənin 50-yə qədər universiteti iştirak edəcək. İştirakçılar arasında Böyük Britaniya, Şotlandiya, ABŞ, Kanada, Polşa, Litva, İsveçrə, Ukrayna, Almaniya, Rusiya, Türkiyə, Kipr və digər ölkələrin universitetləri var. E.Əliyev bu ilki sərginin fərqli xüsusiyyətlərindən də bəhs edib: “Əvvəllər iştirakçılar yalnız sərgi ilə bir gün tanış olurdular. Ancaq budəfəki sərgidə xarici universitetlərin təmsilçiləri sərginin ikinci günündə maraqlananlarla əlavə müsahibə aparacaq, onlara təhsil almaq imkanları və digər bu kimi məsələlərlə bağlı məlumat verəcəklər. Budəfəki sərgidə həmçinin ilk dəfə iştirak edən universitetlər də var”. Kaspi Təhsil Mərkəzinin təşkil etdiyi əvvəlki sərgilərdə 1000-ə yaxın ziyarətçinin gəldiyini xatırladan E.Əliyev deyib ki, bu dəfəki sərgidə 1500-ə yaxın ziyarətçinin gələcəyi proqnozlaşdırılır. Onun sözlərinə görə, sərgidə iştirak edənlərin universitetlər haqqında ümumi məlumatlarla tanış olmaq, həmin ali təhsil ocaqlarına müraciət etmək formaları və müddətləri, ərizələrin doldurulması qaydaları, müxtəlif təhsil pillələri üzrə proqramlar, eləcə də dil kursları haqqında geniş məlumat almaq imkanı qazanacaqlar. E.Əliyev deyib ki, təhsil sahəsində uğurları ilə tanınan Kaspi Təhsil Mərkəzi dünyanın 80-dən atrıq universitetləri ilə əməkdaşlıq edir. Bu ali təhsil ocaqları arasında reytinq cədvəlində ilk yüzlükdə yer alan universitetlər var. İndiyə qədər dünyanın müxtəlif ölkələrinə Kaspi Təhsil Mərkəzinin xətti ilə 150-dən artıq tələbənin göndərildiyini xatırladan E.Əliyev deyib ki, Kaspi Təhsil Mərkəzinin əlaqə yaratdığı universitetlərin adı, xaricdə təhsil proqramında və Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda yer alıb. E.Əliyev əlavə edib ki, sərgidə iştirak edəcək universitetlərin əməkdaşları Bakının bir sıra görməli yerlərində olacaq. Onlara gördükləri yer, ümumiyyətlə Azərbaycan haqqında geniş məlumatlar veriləcək.
URL / WWW
http://kelam.az/news/a-5024.html