Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının açılış mərasimi keçirildi
03.12.09 21:34

Bu gün Bakıda, “Buta Palace” Mərkəzində 49 ölkənin iştirakı ilə 15 yaşlı Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının açılış mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Hökuməti, Heydər Əliyev Fondu, İJSO (Beynəlxal Elm Olimpiadası) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən beynəlxalq tədbirin iştirakçı ölkələrinin nümayəndələri təqdim olunduqdan sonra rəsmi açılış başladı. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov YUNESKO-nun xoş məramlı səfiri, HƏF-nun prezidenti, millət vəkili Mehriban Əliyevanın təbrik məktubunu iştirakçıların nəzərinə çatdırdı. Azərbaycan Diplomatik Akademiyasının rektoru, Olimpiadanın Elm Komitəsinin sədri Hafis Paşayev müxtəlif ölkələrdən olan uşaqların Azərbaycanda belə bir yarışa qatılmalarını, onların şəxsi həyat perspektivləri üçün müstəsna əhəmiyyət hesab etdi. Elm Olimpiadasının ölkəmizdə keçirilən VI mərhələsinin dövlət başçısı tərəfindən də yüksək dəstəkləndiyini diqqətə çatdıran H.Paşayev yarışmanın ölkəmizin elmi və ictimai sahəsi üçün ciddi əhəmiyyət daşıdığını vurğuladı. Gənclər və idman naziri, Olimpiadanın Təşkilat Komitəsinin sədri Azad Rəhimov ölkəmizin qədim tarixə malik insan məskəni olmasından bəhs etdi. Qədim keçmişdən müasir dövrədək Azərbaycanın tanınmış alimlərindən danışan A.Rəhimov xalqımızın elmə olan marağını iştirakçıların nəzərinə çatdırdı. A.Rəhimov Vİ Beynəlxalq Elm Olimpiadasının ölkəmizdə keçirilməsini böyük məsuliyyət adlandırdı. O, Təşkilat Komitəsinin sədri olaraq hazırkı olimpiada ilə əlaqədar www.ijso2009.az internet səhifəsinin də istifadəyə verildiyini diqqətə çatdırdı. Təhsil naziri Misir Mərdanov olimpiadanın Azərbaycanda keçirilməsini əlamətdar hadisə adlandırdı. M.Mərdanov olimpiadanın bu il ölkəmizdə keçirilməsinin keçən il yarışmanın Koreyada keçirilən mərhələsində yeniyetmələrimizin qalibiyyətinin göstəricisi kimi dəyərləndirdi. Onun sözlərinə görə, yarış iştirakçıları ölkəmizdən xüsusi təəssüratlarla ayrılacaqlar. Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov Azərbaycan da daxil olmaqla qlobal aləmdə hazırda alimlərin qarşısında duran bir sıra həlli vacib ekoloji, iqtisadi, enerji və s. problemlərdən danışdı. Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Gin Tinq iştirakçılarla bərabər özünün də ölkəmizdən yeni düçüncələrlə ayrılacağını bildirdi. Onun sözlərinə görə, Azərbaycan bu cür beynəlxalq tədbirlərin keçirilməsi üçün ən əlverişli ünvanlardan biridir. Rəsmi hissədən sonra mərasim bədii proqramla davam etdi və ölkəmizin tarixi və mədəni nümunələri qonaqlara təqdim olundu. Qeyd edək ki, yeniyetmələrin beynəlxalq bilik yarışmasına sabah Heydər Əliyev adına İdman və Sərgi Kompleksində start veriləcək.
URL / WWW
http://kelam.az/news/a-311.html