Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » B.Fasye: “Faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərdəki son beş ildəki vəziyyəti araşdıracaq”
05.10.10 18:55

"Bu gün və sabah günün birinci yarısında Bakıda olacaq ATƏT-in faktaraşdırıcı missiyası bir sıra rəsmi görüşlər keçirməyi planlaşdırır". KƏLAMİNFO xəbər verir bu barədə jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasye bildirib. “Bizim missiya bu gün başlayır. İlk olaraq bu gün xarici işlər naziri Elmar Məmmədyarov, daha sonra nazirliyin ekspertləri, həmçinin Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşəcəyik. Sabah isə prezident İlham Əliyevlə görüşüb dərhal İrəvana yola düşəcəyik. Və elə Ermənistana çatan kimi Serj Sarkisyanla da görüşəcəyik. Ayın 7-də isə Xankəndiyə yola düşəcəyik. Və oradan hər gün növbəli şəkildə rayonlara səfər edəcəyik. Hava şəraitindən asılı olaraq missiyamızı oktyabrın 13-də və yaxud 14-də yekunlaşdırmağı planlaşdırırıq”,- deyə fransalı həmsədr vurğulayıb. Fransalı diplomat qeyd edib ki, bu cür missiyanın həyata keçirilməsi özlüyündə vacib faktdır. Onun sözlərinə görə, regionda həyata keçirilən əvvəlki missiya 2005-ci ilin fevral ayında baş tutub. “Bu missiyanın üstündən 5 ildən artıq vaxt keçib. Bu onu göstərir ki, biz rayonlardakı vəziyyəti 5 il əvvəlki ilə müqayisə edəcəyik”,-deyə fransalı həmsədr əlavə edib. Fransalı vasitəçi faktaraşdırıcı missiyanın işğal olunmuş ərazilərə niyə Azərbacan tərəfdən yox, məhz Ermənistan ərazilərindən gedəcəyinə də aydınlıq gətirib. O, qeyd edib ki, regiona son səfərlərində cəbhə xəttini Azərbaycan tərəfdən keçmələri son 9 ildə ilk dəfə baş tutub. Fransalı həmsədr, həmçinin dekabr ayında Astanada keçiriləcək ATƏT-in sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşmək ehtimalına da toxunub və bildirib ki, dekabradək hələ iki ay var. Qeyd edib ki, Astanada hər iki ölkənin prezidenti də olacaq. Onun sözlərinə görə, hər hansı bir görüşün keçirilib-keçirilməyəcəyinə dair fikir söyləmək hələ tezdir. Xatırladaq ki, bu gün ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri başlayıb. Vasitəçilər bu dəfə münaqişə tərəfləri ilə danışıqlardan əlavə Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonlarda müşahidələr apararaq faktaraşdırıcı missiya da yerinə yetirəcəklər.
URL / WWW
http://kelam.az/news/a-2008.html