Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Braziliyada olub
21.04.10 20:11

Braziliyanın Salvador şəhərində BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 12-ci Konqresi keçirilib. Dünyanın bütün ölkələrindən olan 3 min nəfərə yaxın nümayəndənin iştirak etdiyi mötəbər Forumda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə Baş Prokurorluq, Milli Təhlükəsizlik, Daxili və Xarici İşlər nazirliklərinin məsul şəxslərindən ibarət nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Tədbirin açılış mərasimində Braziliyanın ədliyyə naziri Luis Paulo Barretto Konqresin prezidenti, Azərbaycanın ədliyyə naziri isə vitse-prezidentlərdən biri seçilib. F.Məmmədov çıxışında cinayətkarlığın qarşısının alınması, cinayət ədliyyəsi sistemi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələsindən bəhs edib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə iqtisadi, sosial və digər sahələrdə əldə edilən yüksək nailiyyətlər, qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə-hüquq islahatı, penitensiar sistemdə müsbət dəyişikliklər əldə olunub. Tədbir iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, torpaqlarımızın işğalına, 1 milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edən F.Məmmədov çıxışında transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə dair təkliflər irəli sürüb. Yekunda cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə dair Salvador Bəyannaməsi qəbul olunub. Forum çərçivəsində Braziliyanın ədliyyə naziri ilə rəsmi görüş keçirilib. Görüşdə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə maraq göstərilib, bu əlaqələrin genişləndirilməsi üçün perspektivlərin olduğu vurğulanıb və konkret təkliflər irəli sürülüb. Konqres ərəfəsində ədliyyə naziri Braziliyada daha bir tədbirdə - vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin iclasında iştirak edib.
URL / WWW
http://kelam.az/news/a-1028.html