Ombudsman Elmira Süleymanova və səhiyyə nazirinin müavini Elsevər Ağayev Novruz bayramı ərəfəsində Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına baş çəkib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər.
Müvəkkil xəstəxananın korpuslarına, o cümlədən yeni korpuslara baxıb, təmirə ehtiyacı olan şöbələrdə olub. Ombudsmana bu yaxınlarda xəstələri başqa şöbələrə yerləşdirməklə, həmin şöbələrin əsaslı təmir ediləcəyi bildirilib. E.Süleymanova xəstələrin saxlanma şəraiti, müalicə prosesi ilə də tanış olub.
O, palatalarda xəstələrlə, eyni zamanda onlara baş çəkməyə gəlmiş qohumları, yaxınları ilə görüşüb.
E.Süleymanova psixonevroloji xəstələrin istismar, zorakılıq, sui-istifadə, təhqiredici rəftardan qorunmasının zəruriliyini və cəmiyyətin onlara dəstək verməsinin vacibliyini bildirib.
|