Böyük Britaniyanın Esseks Universiteti ilə Azərbaycan Dillər Universiteti (ADU) arasında beynəlxalq əməkdaşlıq etmək üçün ilkin razılıq əldə olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun mətbuat xidmətindən veriblər.
Bu məqsədlə Esseks Universitetinin nümayəndələri Helen Emeri və Nilufər Demirkan Cons ADU-da olub, universitetin rektoru Səməd Seyidov və təhsil ocağının digər professor-müəllim heyəti ilə görüşüblər. Görüşdə əldə olunan razılığa əsasən, ADU-nun İngilis dili fakültəsinin tələbələri Esseks və ADU tərəfindən işlənib hazırlanan tədris proqramı əsasında təhsil alacaqlar. Tələbələr birinci və ikinci kursları ADU-da, üçüncü və dördüncü kursları isə Esseks Universitetində oxuyaraq hər iki universitetin tanıdığı ikili diplom alacaqlar.
|