Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Bidəti necə tanıyaq?

    Bidətin ən əsas cəhəti – Allaha aid edilməsidir. Yəni hər hansı əməl, ideya və ya söz əgər Allaha (və ya onun dinini bəyan edən müqəddəslərə) aid edilirsə, bununla belə, əslində onlara aid deyilsə, bidət sayılır. Bu isə iki yolla mümkündür: ya dində olmayan bir məsələni dinə əlavə etməklə, ya da dində olan bir məsələni inkar etməklə.

    Qurani-kərimin bəzi ayələri də bu fikri təsdiq edir. Məsələn, Quranda xristianların rahiblik (tərki-dünya həyat tərzi sürüb ailə qurmadan özünü ibadətə həsr etmək) bidətini yaratmaları ilə bağlı buyurulur: “...Onlar özlərindən rahiblik icad etdilər. Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir” (Hədid, 27).
    Ayədən məlum olur ki, xristianlar Allahın razılığını qazanmaq naminə özlərindən rahiblik yaratmışlar; bir halda ki, Allah rahibliyi onlara vacib etməmişdi. Diqqətçəkici cəhət budur ki, ayədə məhz “bidət” kökündən qaynaqlanan “ibtədəuha” kəlməsi işlədilib.Bu ayədən rahiblik misalında bidətin aşağıdakı əsas xüsusiyyətlərini öyrənirik:

    1. İnsanlar tərəfindən icad edilmişdir.
    2. Allah tərəfindən buyurulmamışdır.
    3. Allahın razılığını qazanmaq naminə, yəni din adına icad edilmişdir.

    Quran diqqətimizi xristianların yaratdığı daha bir bidətə doğru yönəldir: “Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur!” (Tövbə, 31).
    Digər bir ayədə Allah-Təala ilahi vəhyi təhrif edib, Tövratı öz istədikləri şəklə salan, yazdıqları kitabı “Allah tərəfindəndir” deyə təqdim edən və hətta bunun əvəzində muzd alan yəhudilərdən danışır (Bəqərə, 79).
    Qurani-Kərimin başqa bir ayəsində Allah-Təala Həzrət Mühəmməd Peyğəmbərə (s) buyurur ki, müşriklərin puç iddialarının müqabilində belə söyləsin: “De: “Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “(Bunu deməyə) Allah Özü sizə izn verdi, yoxsa Allaha iftira yaxırsınız?” (Yunis, 59). Bu ayədən də məlum olur ki, müşriklər Allahın nemətlərini öz istəkləri əsasında halal və haram növlərə ayırır, amma bunu Allahın adından edirdilər (Allahın izni olmadan, Allaha iftira ataraq).
    Diqqət yetirilməli məqam budur ki, əgər müşriklər hər hansı neməti özlərinə haram bilərkən bunu Allaha aid etməsəydilər, günah qazanmaz və məzəmmətə hədəf olmazdılar. Məsələn, hər kəs istədiyi qidanı yemək və istəmədiyini yeməmək ixtiyarına malikdir. Fərz edək ki, bir şəxs öz zövqünə, sağlamlıq vəziyyətinə, maddi durumuna uyğun olaraq hər hansı qidanı yeməkdən imtina edir və ömrü boyu o qidaya yaxın durmur. Amma bunu Allahın hökmünü icra etmək adı altında həyata keçirmir, bu qadağanın Allah tərəfindən verildiyini iddia etmir. Bu halda onun hərəkəti bidət sayılmaz və günah olmaz. Lakin əgər bunu əsassız olaraq Allahın adından təqdim edərsə və sübut edə bilməzsə, bidətə imza atmış olar.
    Beləliklə, deyilənləri ümumiləşdirərək bu nəticəyə gəlirik: Bidətin əsas fərqləndirici cəhəti din daxilində, din adından həyata keçirilməsi və dinə dəyişiklik gətirməsidir. Əgər hər hansı dəyişikliyin mövzusu dindən kənardırsa, bu, bidət sayıla bilməz. Hətta bu dəyişiklik haram və günah olsa belə, bidət sayılmaz. Məsələn, toy məclislərində qadınlarla kişilərin bərabər iştirak etməsi son onilliklərdə meydana çıxmış haldır. Şəriət baxımından günah olsa belə, bunu bidət saya bilmərik. Çünki bunu edənlər din pərdəsi altında özlərinə bəhanə uydurmurlar. Bu hal haram bir yenilikdir, amma terminoloji mənada “bidət” adlandırıla bilməz.
    Bidətin əsas xüsusiyyətlərindən biri də Quran və sünnədə heç bir möhkəm dəlilə əsaslanmamasıdır. Əgər hər hansı yeniliyin dində kökü və istinadgahı varsa, o, artıq bidət sayılmaz. Hər yeniliyin dində birbaşa nümunəsinin olması şərt deyil. Yəni vacib deyil ki, hər bir yeniliyin bənzəri dində mövcud olsun. Onun hər hansı əsas dini prinsipə əsaslanması kifayət edər ki, bidət sayılmasın.
    Məsələn, bəziləri İslam Peyğəmbərinin və digər müqəddəslərin doğum gününü (mövlid) qeyd etməyi bidət sayırlar. Həqiqətən, Peyğəmbərin zamanında və ondan sonrakı dövrlərdə belə bir təcrübəyə rast gəlmirik. Tarixi məlumatlara görə, ilk mövlid məclisıni Misirdə hakimiyyət sürmüş Fatimilər sülaləsinin (909-1171) nümayəndələri təşkil etmişlər. Mərasim yalnız sarayda, əyanların iştirakı ilə keçirilirdi. Fatimilər Həzrət Əlınin (ə) və Fatimeyi-Zəhranın (ə) da mövlid mərasimlərini qeyd edirdilər.
    Sonralar məşhur fateh Səlahəddin Əyyubinin yeznəsi, İrbil atabəyi Məlik Müzəffərüddin Gökböri (1190-1232) bu ənənəni davam etdirərək, mövlid mərasimlərinin keçırilməsinə əmr verdi (1207-ci il). Bayram tədbirlərində hökmdar və saray əyanları ilə yanaşı, rəiyyət də iştirak edirdi. Hər bölgədən din alimləri, xətiblər İrbildə keçirilən mərasimə dəvət olunurdular.
    Bunun ardınca Məkkə, Mədinə kimi iri şəhərlərdə də Peyğəmbərin doğum gününü qeyd etmək ənənəsi yarandı. Tədbirlərin əhatə dairəsi genişlənərək başqa ərazilərə də yayıldı. Osmanlı sultanları arasında mövlidi ilk dəfə bayram səviyyəsində keçirən Sultan III Murad (1574-1595) olmuşdur. 1588-ci ildən başlayaraq, mərasimlər əvvəllər Ayasofiya camisində, daha sonralar isə Sultan Əhməd camisində təşkil edilirdi. Sadə xalq da tədbirlərə qatılırdı.
    İslamın ilk əsrlərində keçirilməməsinə baxmayaraq, mövlid mərasimləri İslamın heç bir şübhə doğurmayan bir prinsipindən qaynaqlanır. Bu da Peyğəmbəri və Əhli-beyti sevməkdən ibarətdir. Qurani-Kərimdə Peyğəmbərlə ehtirama uyğun davranmaq, onun hüzurunda öz səsini ucaltmamaq, ona salavat və salam göndərmək, ona tabe olmaq müsəlmanlara əmr edilib. Oxşar məzmunlu hədis və rəvayətlərə də dini mənbələrdə çox rast gəlirik. Belə isə, Peyğəmbərə sevginin ifadə edildiyi, o həzrətin həyat və fəaliyyətinin təbliğ olunduğu, ruhuna salam və salavatlar deyildiyi, nətlər oxunduğu mövlid mərasimini qeyd etməyin də dinlə heç bir ziddiyyəti yoxdur; əksinə, bu, dini göstərişlərə tamamilə uyğun olan bir davranışdır.
    Yuxarıdakı bəhslərdə Peyğəmbərdən təqdim etdiyimiz hədislərdə də Quranın və sünnənin əhəmiyyəti vurğulandıqdan sonra yeniliklərin meydana çıxması pislənilirdi. Bu da bir daha sübut edir ki, əvvəla, “bidət” anlayışı Quran və sünnənin əhatə etdiyi mövzulara, yəni dində yaradılmış yeniliklərə şamil edilir. İkincisi, bu yeniliklərin nə Quranda, nə də sünnədə heç bir əsası və istinadgahı yoxdur.

    Bidət təbliğ edilir, yayılır

    Bidəti fərqləndirən cəhətlərdən biri də onun təbliğ edilməsi və yayılmasıdır. Əgər kimsə ilahi əmrləri heç bir əsası olmadan fərqli şəkildə anladığına inanarsa, amma bunu təbliğ edib yaymazsa, bidətçi sayılmaz. Çünki bu halda onun cəmiyyətə ziyanı dəymir. Əslində bidətin günah olmasının meyarı insanları haqq yoldan azdırması ilə ölçülür. Həm Quran ayələrində, həm də hədislərdə bidətin günahından və cəzasından danışılarkən, məhz bu amil qabardılır.

    Peyğəmbər zamanında da bidət var idi
     
    Hədislərdən və tarixi məlumatlardan məlum olur ki, bidət halları hələ Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında mövcud olmuş və o həzrət bu hallara qarşı mümkün vasitələrlə mübarizə aparmışdır.
    Peyğəmbər zamanındakı bidətlərə nəzər salarkən, onların yaranma səbəblərini də öyrənmək mümkündür. Belə ki, bəzi bidətlər xəbərsizlik (cahillik) üzündən meydana çıxmış, bəziləri isə qəsdən (təəssüblə) yaradılmışdır. Burada bidəti yaradan qüvvələrin niyyəti əsas rol oynayır. Bəzən insanlar dini biliklərin azlığı ucbatından hər hansı bidətin yaranmasına imza atır, bəzən isə dinə yenilik gətirmək, dini təhrif etmək niyyəti ilə qəsdən özlərindən yenilik uydururlar.

    Bilməyərəkdən yaradılan bidətlərə nümunə

    Rəvayətə görə, Peyğəmbərin zamanında səhabələrdən üç nəfər Quranın haramlardan çəkinmək barədə ayələrini eşitdikdən sonra zahidliyə başladı. Onlardan biri söz verdi ki, bundan sonra ət xörəyi yeməyəcək. O birisi bir daha öz həyat yoldaşına yaxınlaşmayacağına, digəri də bir daha öz yatağında yatmayacağına and içdi. Peyğəmbərimiz bundan xəbər tutanda xütbə əsnasında buyurdu: “Sizlərdən bir dəstəyə nə olub ki, bu cür sözlər danışır? Mən həm oruc tutur, həm də iftar edirəm. Həm yatır, həm də oyaq qalıram. Ət xörəyi yeyirəm, həyat yoldaşlarımla da yaşayıram. Hər kim mənim sünnəmdən üz çevirsə, məndən deyil” (Süyuti. Əd-Dürrül-mənsur fit-təfsiri bil-məsur, Qahirə, 2002, 5-ci cild, s.421; Səhihü Müslim, Kitabün-Nikah, 1-ci bab, hədis 1401 (3403).
    Məşhur təfsir alimi Əllamə Cəlaləddin Süyuti “Əd-Dürrül-mənsur fit-təfsiri bil-məsur” əsərində bu mövzu ilə bağlı xeyli hədis rəvayət edir. Həmin rəvayətlərdən məlum olur ki, bu cür ifrat yol tutumuş səhabələrdən biri də Osman ibn Məzun idi. O, gündüzlər oruc tutur, gecələr ibadət edir, guşənişin olub öz ailəsindən kənar gəzirdi. Həyat yoldaşı onun bu vəziyyətindən Peyğəmbərə şikayət etdikdə Allahın Rəsulu Osmanı danlayaraq bu işdən çəkindirdi: “Ey Osman! Bizim dinimizdə rahiblik yoxdur! Məgər mən sənə nümunə deyiləmmi? Allaha and olsun, sizin aranızda Allahdan ən çox qorxan və dinin qadağanlarını ən çox qoruyan mənəm” (Süyuti. Əd-Dürrül-mənsur fit-təfsiri bil-məsur, Qahirə, 2002, 5-ci cild, s.430.).
    Bu hadisədən sonra Qurani-Kərimin aşağıdakı ayəsi nazil olaraq, müsəlmanları ifrat zahidlik etməklə dinə bidət gətirməkdən çəkindirdi: “Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!” (Maidə, 87).
    Peyğəmbər zamanında rast gəlinən bidətlərdən biri haqqında maliki məzhəbinin banisi İmam Malik ibn Ənəsin “əl-Müvətta” kitabında məlumat verilir. Rəvayət edilir ki, bir gün Peyğəmbər gün altında durmuş bir adamı görüb, onun niyə belə etdiyini soruşur. Cavab verirlər ki, həmin adam kölgəyə keçməmək, danışmamaq və oturmamaq şərti ilə oruc tutmağı nəzir edib. Peyğəmbər buyurur: “Ona deyin ki, danışsın, otursun və kölgəyə keçsin, amma orucunu tamamlasın (axşama kimi oruc tutsun)” (Malik ibn Ənəs. Əl-Müvətta, Beyrut, 1998, 2-ci cild, s.215, hədis 2214). Hədisdən məlum olur ki, bu şəkildə oruc tutmaq oruc qaydalarına gətirilmiş bir bidət idi və İslam Peyğəmbəri onu qadağan etmişdi.

    Qəsdən yaradılan bidətlərə nümunə

    Peyğəmbərin dövründə yaradılmasına cəhd edilmiş bidətlərdən biri Taif savaşı ilə bağlıdır. Hicrətin 8-ci ilində Hüneyn savaşından sonra məğlub olmuş Bəni-Səqif qəbiləsinin və digər müşrik qəbilələrin nümayəndələri Taif şəhərinə sığındılar. Müsəlmanlar Taifi bir neçə gün mühasirədə saxlasalar da, şəhəri ala bilmədilər, axırda mühasirəni buraxıb getdilər. Tək və köməksiz qaldıqlarını görən müşriklər hərtərəfli düşündükdən sonra könüllü surətdə təslim olmaq qərarına gəldilər. Əsas qazancları ticarət olduğu üçün bir şəhərə sıxılıb qalmaq onlara sərf etmirdi. Müşriklər təslim şərtlərini hazırlayıb, növbəti ilin Ramazan ayında Peyğəmbərə göndərdilər. Onlar aşağıdakı şərtlər daxilində müsəlmanlara təslim olmağa hazır olduqlarını bildirirdilər (bu razılaşma Bəni-Səqif müqaviləsi kimi tanınır):

    1. Onlar üçün zina qadağanı götürülsün.
    2.  Onlar üçün riba (sələm) qadağası götürülsün.
    3.  Namazın vacibliyi onlara aid edilməsin.
    4.  İl yarım müddətinə qadınların bütxanada ibadət etmələrinə icazə verilsin.

    Bu şərtlər İslam Peyğəmbərinə təqdim olunanda o həzrət bunları qəti surətdə rədd etdi. Çünki bu xahişlərin hər biri İslamın əqidə prinsiplərinə və Quran ayələrinə zidd idi (İbn əl-Əsir. Üsüdül-ğabə fi mərifətis-səhabə, Beyrut, 1377 h., 1-ci cild, s.216).

    islam.az

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 12.05.16 | Baxılıb: 1109

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30