Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?



     

    Effektiv bələdiyyə institutunun formalaşması yerli özünüidarə qurumlarının fəaliyyətinin səmərəli qurulmasından əhəmiyyətli dərəcədə asılıdır. Azərbaycanda bələdiyyələrin səlahiyyətləri, onların fəaliyyətinin səmərəliliyi son illərdə gündəmdə olan əsas mövzulardandır. Bələdiyyələrin fəaliyyətinin effektivliyi də daim sual doğuran məqamdır. 

     



    Bələdiyyələrin fəaliyyətinin effektivliyi hansı meyarlarla ölçülür? 


    Azərbaycanda belə bir mexanizm, indikatorlar sistemi varmı? Suallara cavab axtararkən aydın oldu ki, belə bir indikatorlar sistemi Avrasiya Əməkdaşlıq Fondunun təşəbbüsü və dəstəyilə azərbaycanlı ekspertlər tərəfindən işlənib hazırlanıb. İndikatorlar sistemi bələdiyələrin fəaliyyətinin müxtəlif istiqamətini əhatə edir. Bu sistem müxtəlif sahələrdə bələdiyyənin il ərzində həyata keçirdiyi fəaliyyətin nəticələrini qiymətləndirməyə imkan verə bilər.

    Bundan başqa, sənəd bələdiyyələrə öz fəaliyyətlərinin nəticələrini illər üzrə müqayisə etmə imkanı verir. İndikatorlar sistemi eyni statusa malik və eyni ölçülü bələdiyyələrin fəaliyyətinin müqayisəsi və s. bir sıra bu kimi effektivlik hesablamalarına yol açır. Ümumilikdə 46 indikatoru özündə ehtiva edən sənəddən bələdiyyələrlə yanaşı, digər qurumlar da istifadə edə bilər. Müvafiq dövlət qurumları yerli özünüidarə sahəsində dövlət siyasətinin müəyyənləşdirilməsi, bələdiyyə assosiasiyaları bələdiyələrin əsas ehtiyaclarının müəyyənləşdirilməsi, elm və təhsil müəssisələri tədris və tədqiqat, bələdiyyələrə sərmayə qoymaq istəyən sahibkarlar mümkün risk ehtimallarının öyrənilməsi, bank və kredit təşkilatları kreditlərin təminatlarının qiymətləndirilməsi məqsədilə indikatorlar sistemindən istifadə edə bilərlər. 


    Bələdiyyələr və bələdiyyə üzvləri vətəndaşlarla görüşlər keçirməli...


    Şəhər Bələdiyyələri Assosiasiyasının rəhbəri Əbülfəz Babayev bələdiyyələrin fəaliyyətinin effektivliyinin ölçülməsində onların müxtəlif fəaliyyət istiqamətləri üzrə əldə etdikləri nailiyyətlərə üstünlük verildiyini deyir. “Məsələn, yerli sosial məsələlərin həlli yollarından biri də müəyyən layihələrin həyata keçirilməsidir” deyən həmsöhbətimizin sözlərinə görə, elə bələdiyyələr var bir layihə, eləsi var bir neçə layihə həyata keçirir: “Bu, bələdiyyənin aktivliyini müəyyənləşdirən bir kriteriyadır. Bundan başqa, bildiyiniz kimi, bələdiyyələr və bələdiyyə üzvləri vətəndaşlarla görüşlər keçirməli, bu və digər məsələlərlə bağlı müzakirələr aparıb o müzakirələrə uyğun işlərini qurmalıdırlar. Bu görüşlərdə yerli əhəmiyyətli məsələlər müzakirə olunur. Müzakirələr nəticəsində ortaya çıxan problemlər ya  bələdiyyələr tərəfindən həll edilir, ya da müvafiq təşkilatlara müraciət olunur. Bu görüşlərin, görüşlərdə müzakirə olunan sualların, nəticədə həllini tapan problemlərin sayı da bələdiyyələrin aktivliyinin göstəricisidir. Digər müxtəlif sahələrdə görülən işlərin nəticəsi effektivlik göstəricisi kimi qəbul olunur. Bu göstəricilər çoxdur”. 

    Ə.Babayevin sözlərinə görə, bələdiyyələrin fəaliyyətinin effektivliyini müəyyənləşdirən konkret sistem şəklində meyarlar yoxdur: “Müxtəlif qurumlar, QHT-lər tərəfindən müxtəlif göstərici metodları təklif olunur. Amma bunlar hamısı nisbi xarakter daşıyır, real bələdiyyə həyatından çox-çox uzaqdadır. Göstəricilərin şkalasını müəyyənləşdirmək olar. Amma bu şkalanın real həyatla, bələdiyyə fəaliyyəti ilə nə qədər uzlaşması hər halda, mübahisəli məsələdir. Mən kimin haqlı, kimin haqsız olmasını demək istəmirəm, o da bir işdir. Amma bələdiyyə sistemində işləməyən adamların bələdiyyə kriteriyalarını hazırlaması bir qədər normal hal kimi qəbul oluna bilməz”.


    Bələdiyyələrin fəaliyyətinin effektivliyini ölçə biləcək 

    indikatorlar sistemi mövcud deyil


    İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, bələdiyyələrin necə işlədiyini, qazandığı uğurların və ya uğursuzluqların həddini ölçmək üçün mexanizmlər mütləq olmalıdır: “İndikatorlar bu mexanizmlərdən biridir. Məhz indikatorlar vasitəsilə istənilən qurumun fəaliyyətinə qiymət vermək, həmin qurumun nə dərəcədə effektiv işlədiyini müəyyənləşdirmək olur”. 

    Ekspert  bildirir ki, dünya təcrübəsində yerli özünüidarə orqanlarının fəaliyyətinin effektivliyinin qiymətləndirilməsində müxtəlif mexanizmlərdən istifadə edirlər: “Belə qiymətləndirmələr bir qayda olaraq bələdiyyələrin fəaliyyətinin bütün sferalarını əhatə edən indikatorlar sistemindən ibarətdir. Bu indikatorlar  bələdiyyələrin maliyyə imkanlarının qiymətləndirilməsindən tutmuş idarəedilməsi prinsiplərinə qədər olan sferaları qiymətləndirməyə imkan verir. İndikatorlar müxtəlif regionları təmsil edən bələdiyyələrin müqayisəli göstəriciləri əsasında istənilən konkret  bələdiyyənin maliyyə potensialını qiymətləndirməyə imkan verir. İndikatorlar həmçinin bələdiyyələrin dayanıqlı və sabit gəlir mənbələrindən asılılıq səviyyəsini qiymətləndirməyi və izləməyi mümkün edir. Bu siyahını uzatmaq da olar. Bir sözlə, əgər indikatorlar sistemi mövcuddursa, bu sistem bələdiyyələrin fəaliyyətini tam analiz etməyə imkan verir. Məsələn, Rusiyada 2008-ci ildə prezidentin sərəncamı ilə şəhər dairələrində və rayonlarda yerli özünüidarə qurumlarının fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi üçün göstəricilər sistemi hazırlanıb. Özündə 30 göstəricini əks etdirən bu siyahı bələdiyyələrin təhsil, səhiyyə, yol təsərrüfatı, mənzil tikintisi, nəqliyyat xidməti və s. sferasında işini dəyərləndirməyə yönəlib”. 

    Göründüyü kimi, Azərbaycanda rəsmi səviyyədə bələdiyyələrin fəaliyyətinin effektivliyini ölçə biləcək indikatorlar sistemi mövcud deyil.  


    Bələdiyyələrdə ən ciddi problemlərdən biri də... 

     

    Bələdiyyə üzrə ekspert Adil Bayramov Azərbaycan bələdiyyələrinin əsas probleminin onların səlahiyyətləri və nailiyyətləri ilə bağlı olduğunu bildirir: "Məsələ burasındadır ki, Azərbaycan bələdiyyələrinin bugünkü səlahiyyətləri kifayət qədər məhduddur. Bildiyimiz kimi, bizdə yerli özünüidarəetmədə paralellik mövcuddur. Yerli idarəetmələr, həm bələdiyyələr, həm də yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilir. Səlahiyyətlərin böyük əksəriyyəti faktiki olaraq yerli icra strukturlarındadır".

    Müsahibimiz əlavə etdi ki, bələdiyyələrin səlahiyyətləri sırasına isə, qanunla 4,5, 6-cı maddələrlə, yerli-sosial inkişaf, yerli-iqtisadi inkişaf və yerli-ekoloji proqramlar işləyib hazırlamaq daxildir: "Amma bunlar ya dövlət proqramında nəzərdə tutulmayan məsələləri əhatə etməlidir, ya da həmin proqramlara əlavə olaraq qəbul edilməlidir. Bunun qeyd-şərtin olması bələdiyyələrin bu sahədəki səlahiyyətlərini kifayət qədər məhdudlaşdırır. Digər bir məsələ ondan ibarətdir ki, biz yerli özünüidarə haqqında Avropa Xartiyasına qoşulmuşuq və bununla da üzərimizə böyük öhdəliklər götürmüşük. Həmin öhdəliklərdən biri də budur ki, xartiyanın tələbinə görə, yerli özünüidarə qurumlarına verilən səlahiyyətlər tam və nisbətdə olmalıdır. Azərbaycan bələdiyyələrinin tam və nisbətdə olan səlahiyyətləri kifayət qədər məhduddur. Bələdiyyələrdə ən ciddi problemlərdən biri də maliyyənin yetərincə olmamasıdır. Ötən ilin statistik göstəricilərinə görə, Azərbaycan bələdiyyələrinin ümumi gəlirləri 34 milyon manat təşkil etmişdir. Əgər biz onu adambaşına bölsək, il ərzində adambaşına 3,7 manat düşür. Belə məhdud vəsaitlə təbii ki, keyfiyyətli ictimai xidmət göstərmək imkanları da azalır".

    Adil Bayramov əlavə etdi ki, əgər bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd verilməyibsə, həmin bələdiyyələr torpağı özgəninkiləşdirməkdə və idarəyə verməkdə çətinlik çəkirlər: "Belə olan halda, problemin həlli üçün lazimi orqanlara müraciət edilməli və mərkəziləşdirilmiş qaydada həllinə çalışılmalıdır".

     

    Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət gücləndirilir 


    Bələdiyyələrdə yaranan maliyyə problemləri onların büdcənin vaxtında formalaşması üçün maliyyə mənbələrindən düzgün istifadə etməmələri, əmlak, torpaq vergilərini toplaya bilməmələri ilə əlaqədardır.  Bələdiyyələrdə mövcud maliyyə problemləri onların özlərindən asılı olan məsələdir. Dövlət mütəmadi olaraq bələdiyyələrə maliyyə yardımı edir. Bələdiyyələr büdcələrinin formalaşdırılması, maliyyə imkanlarının genişləndirilməsi istiqamətində yeni layihələr işləyib hazırlamalıdır. Onlar bu işdə fəal olmalı, yerli və beynəlxalq təşkilatlara maliyyə ayrılması üçün müraciət etməlidirlər. Bələdiyyələr respublikanın daxilindəki investorların imkanlarından istifadə etməlidirlər.

     

    Nə etməli?..


    Bələdiyyələrin fəaliyyətinin təhlili belə bir ümumi nəticəyə gəlməyə imkan verir ki, Azərbaycanda yerli özünüidarəetmə sahəsində bir sıra uğurlar əldə edilsə də, xeyli problemlər də mövcuddur. Yuxarıda göstərilənlərdən çıxış edərək bu problemlərin adi deyil, fundamental xarakter daşıdığı gənaətinə gəlmək olar. Belə ki, mövcud problemlər yerli özünüidarəetmə üçün prinsipal əhəmiyyət daşıyan mühüm məsələləri əhatə edir. Bunlara bələdiyyələrin statusu, onun siyasi sistemdəki yeri, bələdiyyələrin hüquqi əsasları, bələdiyyələrlə yerli icra hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü, yerli özünüidarəetmənin iqtisadi əsasları və s. kimi mühüm əhəmiyyət daşıyan məsələlər daxildir.

    Hesab edirik ki, bu problemlərin həll edilməsi üçün sistemli tədbirlərin həyata keçirilməsi zəruridir. Belə ki, Azərbaycanda yerli idarəetmə sahəsində xüsusi Dövlət Proqramı hazırlanmalı, bu sahədə ciddi islahatlar aparılmalıdır. Bu istiqamətdə aparılacaq islahatlarda dövlət hakmiyyətinin əks-mərkəzləşdirilməsi və yerli idarəetmənin demokratikləşdirilməsi əsas prinsip kimi götürülməlidir. Bu islahatlar mərhələli şəkildə aşağıdakı qaydada həyata keçirilməlidir:

    İlkin mərhələdə bələdiyyələrin təşkilati strukturunun təkmilləşdirilməsi və onun maliyyə imkanlarının genişləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilir. Burada bələdiyyənin strukturunun genişləndirilməsi ilə yanaşı onun sədrinin yerli əhali tərəfindən birbaşa seçilməsi də xüsusi əhəmiyyət kəsb edir. Hesab edirik ki, yerli idarəetmədə paralelliyin aradan qaldırılması məqsədilə ilkin mərhələdə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin ləğv edilməsi məqsədəuyğundur. Təcrübə  göstərir ki, yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinə icra hakimiyyəti strukturunda o qədər də zərurət yoxdur. Bu orqanların tezliklə ləğv olunması bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi ilə yanaşı, yerli idarəetmədə paralelliyin aradan qaldırılmasına da ciddi təsir göstərər. Nəzərə alsaq ki, bu qurumların ləğv edilməsi üçün anjaq “Yerli ijra hakimiyyətləri haqqında” Əsasnamədə müvafiq dəyişikliklər aparılmalıdır, onda bu məsələnin reallaşdırılmasının o qədər də çətin olmadığı aydın olar. Yəni  belə bir islahatın aparılması qanunvericilikdə ciddi problemlərlə müşaiyət olunmaz.

    Bu mərhələdə yerli özünüidarəetmənin güclü və dayanıqlı maliyyə-iqtisadi əsaslarının təmin olunması prosesinə də başlanmalıdır. Burada dövlət büdcəsinə ödənilən bir sıra vergilərin və ödənişlərin bələdiyyə büdcəsinə ödənilməsi prosesi tədricən reallaşdırılmalıdır. Dövlət büdcəsindən bələdiyyələrin inkişafına dotasiya, subsidiya, subvensiya və uzunmüddətli faizsiz kreditlərin ayrılması sahəsində geniş tədbirlərin həyata keçirilməsi də yerli özünüidarəetmənin inkişafına əsaslı təsir göstərə bilər. Bu proseslərdə əsas diqqətin bələdiyyələrin istehsal, emal müəssisələrinin və sosial obyektlərin yaradılmasına verilməsi məqəsədəuyğundur. Yəni güclü maliyyə-iqtisadi əsaslara söykənən yerli hakimiyyət institutları son nəticədə öz müstəqilliklərini və nüfuzunu qoruyub saxlamaqla öz vəzifələrini lazımınca həyata keçirə bilər.  Bunlarla paralel olaraq müvafiq qanunlarda mümkün dəyişikliklərin və əlavələrin edilməsi də vacibdir. 

    Bütün bunlarla yanaşı əhalinin yerli özünüidarəetmədə fəallığının artırılması və bələdiyyələrlə yeli sakinlər arasında əlaqələrin gücləndirilməsi istiqamətində də geniş tədbirlərin həyata keçirilməsi zəruridir.


    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.



    “Aqro Tərəqqi”  İctimai Birliyi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 11.07.15 | Baxılıb: 1616

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30