Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Cəmiyyətin inkişafında kənd təsərrüfatının rolu
    Kənd təsərrüfatı praktikada iki böyük qrup sahələrə ayrılır: bitkiçilik və heyvandarlıq. Onların hər biri müxtəlif məhsul istehsal edən müstəqil sahələri əhatə edir. Heyvandarlıq: südlük, ətlik-südlük və ətlik üzrə maldarlıq, donuzçuluq, quşçuluq və s., bitkiçilik isə taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, üzümçülük, tütünçülük və s. kimi sahələri özündə birləşdirir.
    Kənd təsərrüfatı özünəməxsus bir sıra sosial-iqtisadi, təbii və texnoloji xarakterli xüsusiyyətləri ilə səciyyələnir. Belə ki, iqtisadiyyatın digər sahələrindən fərqli olaraq kənd təsərrüfatında başlıca istehsal vasitəsi torpaqdır. Burada istehsal prosesi təbii amillərlə çulğaşır, onun nəticəsi torpaq-iqlim şəraitindən bilavasitə asılıdır. Bu xüsusiyyətləri nəzərə almadan kənd təsərrüfatı iqtisadiyyatını yüksəltmək, istehsalın artımını və səmərəliliyini təmin edən tədbirlər planı hazırlamaq və həyata keçirmək olmaz. 

    Torpaq əsas istehsal vasitəsi olmaqla digər kənd təsərrüfatı təyinatlı istehsal vasitələrindən fərqlənir. Başqa istehsal vasitələrindən fərqli olaraq, torpaq insan əməyinin məhsulu deyil, o təbiətin bəxş etdiyi nemətdir. Torpaq sahəsini başqa istehsal vasitələri kimi nə artırmaq, nə də azaltmaq olmaz; onun təbii münbitliyini, məhsulvermə qabliyyətini isə yüksəltmək olar. Torpaq sahələri məkanca yerləşməsinə, keyfiyyətinə və reylefinə görə zonalara ayrılır. Əlverişsiz torpaq sahələrində aparılan təsərrüfatçılıq əlverişli torpaq sahələrinə nisbətən daha çox vəsait ayrılmasını tələb edir. 
    Kənd təsərrüfatnın iqtisadiyyatı, torpağı təbii, süni və iqtisadi münbitliyə ayırır. Torpaqda toplanan qida maddələri onun təbii münbitliyini təşkil edir. Qida maddələri torpağın mexaniki, kimyəvi, fiziki, və digər xassələrindən, təbii-iqlim şəraitindən asılıdır. Bu maddələrlə müxtəlif səviyyədə zənginləşən torpaqlarda təbii münbitlik də eyni olmur. Kənd təsərrüfatında torpaqdan istifadə səviyyəsini yüksəltmək üçün onun süni münbitliyi artırılır, yəni, torpağı qida maddələri ilə zənginləşdirmək üçün ona mineral və üzvü gübrələr verilir; növbəli əkin sistemi tətbiq edilir; düzgün suvarma işləri aparılır; yeni aqrotexniki tədbirlər həyata keçirilir və s. Süni münbitlik təbii münbitliyin bazasında yaradılır, bir-birini tamamlamaqla torpağın iqtisadi münbitliyini formalaşdırır. Torpağın iqtisadi münbitliyi dedikdə sahə vahidindən götürülən məhsulun miqdarı başa düşülür. Buna görə də iqtisadi münbitliyə qiymət verilir. Torpağın iqtisadi münbitliyini qiymətləndirmək üçün mütləq və nisbi münbitlik göstəricilərindən istifadə edilir.
    Sahə vahidindən götürülən məhsulun miqdarı və yaxud da dəyər formasında əldə olunan gəlir torpağın mütləq münbitliyini ifadə edir. Şübhəsiz ki, təbii münbitliyi müxtəlif olan torpaqlarda məhsuldarlıq da eyni səviyyədə ola bilməz. Ona görə də az münbit torpaqlarda yüksək məhsul əldə olunması üçün daha çox məsarif sərf olunur. Belə hallarda torpağın iqtisadi münbitliyini qiymətləndirmək üçün nisbi münbitlik göstəricisindən istifadə olunur. Torpağın nisbi münbitliyi sahə vahidinə sərf edilən xərclərin müqabilində götürülən məhsul istehsalının miqdarı və ya pul ifadəsində əldə olunan gəliri ifadə edir.
    Azərbaycan Respublikasında ümumi torpaq sahəsi 8.6 mln hektardır. Bundan 4.3 mln hektarı kənd təsərrüfatna yararlı torpaqlardır. Bütün torpaq ehtiyatları ölkənin vahid torpaq fondunu təşkil edir. Respublikanın dövlət ehtiyatlarnda olan torpaqlar və meşələr 1.3 mln hektardır. Qalanını yaşayış məntəqələri, qoruqlar və s. tutur. 
    Torpaq istifadə təyinatına görə yeddi qrupa bölünür. Bu qruplara: kənd təsərrüfatı təyinatlı torpaqlar; sənaye, nəqliyyat, rabitə, müdafiə və başqa təyinatlı torpaqlar; meşə fondunun torpaqları; su fondunun torpaqları; təbiəti mühafizə, sağlamlıq, rekresiya və tarix-mədəniyyət təyinatlı torpaqlar; ehtiyat torpaqlar daxildir.
    Kənd yerlərində torpaqlardan müxtəlif məqsədlər üçün istifadə olunur. Kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən torpaqlar kənd təsərrüfatına yararlı torpaqlar sayılır. Belə torpaqlara bitkiçilik məhsulları istehsal edilməsinə yönəldilən əkin yeri, çoxillik əkmələr, biçənəklər, otlaqlar, dincə qoyulmuş torpaqlar daxil edilir. Su və tikililər altında qalan torpaqlar, bataqlıqlar, kolluqlar, eroziyaya məruz qalmış kənd təsərrüfatı məqsədi üçün istifadə olunmayan torpaqlar isə kənd təsərrüfatına yararsız torpaqlardır. İqtisadiyyatın aqrar bölməsində olan torpaqların tərkibində kənd təsərrüfatına yararlı torpaqlar təxminən 60% təşkil edir. Yaralı torpaqların isə 35.6%-i əkin yerinin, 9.3%-i biçənəklərin, 51.9%-i otlaqların, 3.5%-i həyətyanı sahələrin, qalanı digər yararlı sahələrin payına düşür.
    Qonşu Türkiyə və İran dövlətlərində torpaqların təxminən 70-75%-i yararlı olmaqla, onun 65-70%-i əkin məqsədi üçün istifadə edilir. Türkmənistanda yararlı torpaqların 81.6%-i, Ukraynada isə 80.7%-i əkin dövriyyəsinə daxildir. Müqayisə edilən ölkələrə nisbətən Azərbaycanda torpaqlardan kənd təsərrüfatı istehsalı üçün çox aşağı səviyyədə istifadə edilir; yararlı torpaqlarda əkin sahələri az yer tutur. Buna görə də respublikada kənd təsərrüfatı dövriyyəsinə yeni torpaqların cəlb edilməsi məhsul istehsalının artırılmasında, kənd yerlərində əmək ehtiyatlarından səmərəli qaydada istifadə olunmasında, yeni təsərrüfatçılıq formalarının yaradılmasında böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə 2010-cu ilə qədər 862 min hektar yeni suvarılan torpağın istifadəyə verilməsi, 506 min hektarda isə meliorativ tədbirlər aparılması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatında torpaqları yararlı hala salmaqla, əkin sahələrinin genişləndirmək məqsədilə İslam İnkişaf Bankı Baş Mİl-Muğam kollektoru üçün 9.8 milyon ABŞ dolları kredit ayırıb. Başlıca vəzifə bu sərmayə qoyuluşundan öz təyinatı üzrə səmərəli istifadə etməkdir.
    Kənd təsərrüfatnıda torpağın iqtisadi cəhətdən qiymətləndirilməsi sahə qruluşundan asılıdır. Çünki, sahə vahidinə görə əldə edilən gəlirin məbləği və ya mənəət əkilən bitkilərin hamısında eyni səviyyədə deyil. Pambıqçılıqda hər hektardan götürülən gəlir taxılçılqda əldə edilən gəlirdən 3-4 dəfə artiq olur. Ona görə də kənd təsərrüfatında ixtisaslaşdırma aparılır, respublikanın ərazisi təbii-iqtisadi zonalara bölünür, əkin sahələrinin səmərəli quruluşu müəyyənləşdirilir.
    Kənd təsərrüfatının proqnozlaşdırılmasında, qiymətqoymada, müəssisələrin istehsal fəaliyyətinin qiymələndirilməsində torpağın iqtisadi qiymətləndirilməsindən istifadə edilir. Torpaqların iqtisadi dəyəri öz qiymətini pul ilə ifadə olunmasında tapır. Vahid kimi qəbul olunmuş bir balın qiymətini bir hektar sahənin faktiki bal qiymətinə vurmaqla torpaq sahəsinin qiyməti müəyyən olunur. Torpaqlar kənd təsərrüfatı dövriyyəsindən çıxıb başqa məqsədlər üçün istifadə olunduqda, dəyən zərəri hesablayıb müəyyənləşdirərək burada da böyük əhəmiyyət daşıyan torpağın pul ifadəsində iqtisadi qiymətləndirməsindən istifadə olunur.
    Kənd təsərrüfatında torpaqların münbitliyinin atırılması və ondan səmərəli qaydada istifadə edilməsinin əsas istiqamətlərindən biri torpaqlarda meliorasiya işlərinin həyata keçirilməsidir. Meliorasiya kompleks tədbirlər sistemi olub, torpaqların iqtisadi münbitliyini artırmaq və su ehtiyatlarından səmərəli istifadə etmək məqsədi güdür. Bu baxımdan meliorasiyası müstəsna əhəmiyyət kəsb edir. Meliorasiya sisteminə torpaqların şoranlıqdan yuyulub təmizlənməsi, torpağın eroziyasına qarşı mübarizə tədbirlərinin aparılması, torpaqların suvarılması, qurudulması, torpaqlara əhəng və gips verilməsi və s. daxildir. Azərbaycan Respublikasında ümumi əkin sahəsinin  1.4 mln hektarı suvarılır. Bu da 93.4% təşkil edir. Torpaq sahəsinin suvarılmasına görə bir sıra MDB ölkələrindən öndədir. Kənd təsərrüfatına ayrılan əsaslı vəsaitin 35-40% bilavasitə suvarma işlərinin yaxşılaşdırılmasına sərf olunur. Məlum olduğu kimi, respublikamızda suvarılan torpaqların çox qismi müxtəlif dərəcədə şoranlaşmış torpaqlardır. Onların şoranlıqdan təmizlənməsi, duzların yuyulması böyük əhəmiyyət kəsb edir. Çünki suvarılan və meliorasiya cəhətdən yaxşılaşdırılan torpaqlardan alınan məhsul digər torpaqlara nisbətən daha keyfiyyətli olur, həm də iqtisadi səmərəlik artır. 
    Kənd təsərrüfatında əkin dövriyyəsinin həyata keçirilməsi torpaqlardan istifadənin yaxşılaşdırılmasında və əkinçilik mədəniyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edir. Təsərrüfatların çoxillik təcrübəsi göstərir ki, əkin dövriyyəsi sisteminə düzgün əməl edilərsə, hər hektardan məhsul 35-45% artar. Səmərəli əkin dövriyyəsinin tətbiq edilməsi torpağın münbitliyini yüksəldir, kənd təsərrüfatına yararlı torpaqlardan məhsuldar istifadə edilməsinə, maddi əmək məsariflərinin azaldılmasına və istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə həlledici təsir göstərir.
    Torpağın iqtisadi münbitliyinin artırılmasında üzvi və mineral gübrələrdən istifadə edilməsi az əhəmiyyət kəsb etmir. Respublikamızın kənd təsərrüfatında üzvi gübrələrdən az, mineral gübrələrdən isə çox istifadə edilir. Bu da bir sıra obyektiv və subyektiv səbəblərdən irəli gəlir. Üzvi gübrələrdən aşağı səviyyədə istifadə olunmasına əsas səbəb heyvandarlığın bir tərəfdən zəif inkişaf etdirilməsi, digər tərəfdən də üzvi gübərələrin saxlanılmasında lazımı şəraitin olmamasıdır. Torpağa gübrə verilərkən torpaq xəritəsindən istifadə olunur. Torpaq xəritəsi vasitəsilə torpaqların qida maddələri ilə təmin olunması həyata keçirilir.
    Çoxillik əkmələrin, yəni meyvə bağlarının və üzümlüklərin maili yerlərdə salınması, düzən yerlərdə tarla bitkiləri əkininə çox yer verilməsi respublikanın dağ və dağətəyi torpaqlarından səmərəli istifadə edilməsinə imkan yaradır. Eyni zamanda torpaqlar külək və su eroziyasından qorunur. Torpaqların eroziyası şiddətli küləklərin və sellərin baş verməsi nəticəsində yaranır. Eroziyaya qarşı mübarizədə meşə zolaqlarının salınması, torpağın üstündə sel sularının axınını ləngidən manelərin yaradılması, torpağın üst qatının dayaz şumlanması məsləhətdir. Təcrübə göstərir ki, 1 hektar meşə zolağı taxıl istehsalını 45 sentnerə qədər artırır. Buna görə də kənd təsərrüfatında eroziyaya qarşı başqa mübarizə tədbirləri ilə yanaşı meşə zolağının da salınmasına xüsusi fikir verilir. Bütün torpaq sahəsində kənd təsərrüfatına yararlı torpaqların xüsusi çəkisi və bunda əkin yerinin tutduğu xüsusi çəki, əkin sahəsinin əkin yerinin daxilində tutduğu xüsusi çəkisi aqrar sahədə torpaq fondundan istifadəni xarakterizə edən ümumi göstəricidir. Kənd təsərrüfatı məhsulları istehsalının ümumi səviyyəsini xarakterizə edən göstəricilər hər 100 hektar torpaq sahəsindən götürülən ümumi və əmtəəlik məhsulun dəyəri, hər hektardan məhsuldarlıq, ən başlıcası istehsal xərcləri vahidinə görə əldə edilən mənfəətin kəmiyyəti və s. daxildir. Torpaq sahəsi vahidinə görə ümumi və xalis gəlir, əmək məhsuldarlığı, maya dəyəri, rentabellik səviyyəsi və s. torpaqlardan istifadənin iqtisadi səmərəliliyini xarakterizə edən göstəricidir.  
    Torpaq sahibləri malik olduqları torpaq sahələrində ya özləri təsərrüfatçılıq edir, ya da başqalarına icarəyə verirlər. Onlar icarəyə verdiləri torpaq sahələri müqabilində icarədarlardan icarə haqqı alırlar. İcarə haqqının müəyyən hissəsini torpaq sahələrində olan əsas kapital ünsürlərindən istifadə müqabilində alınan haqq təşkil edir.
    İcarə haqqının əsas hissəsini torpaq rentası  təşkil edir. Torpaq rentası dedikdə, torpaq sahiblərinin torpağı icarəyə götürənlərdən aldıqları torpaqdan istifadə haqqı formasında olan gəlir nəzərdə tutulur. Torpaq rentasının əmələ gəlmə səbəbləri torpağın mülkiyyət obyekti olması, torpaq sahələrinin münbitliyinin müxtəlif olması, təsərrüfatçılğın müxtəlif intensivlikdə aparılması və s. ilə əlaqədardır. Torpaq rentasının mənbəyi isə torpağı becərənlərin əməyi, daha doğrusu, izafi əməyidir. Belə ki, insan bu və ya digər dərəcədə əmək sərf etməsə ən yaxşı torpaq belə özlüyündə məhsul yetirə bilmir.
    Rentanın tarixi formalarından – quldar, feodal və kapitalist torpaq rentasını göstərmək olar. Quldarlıq cəmiyyətində torpaq rentası qullların, kolonatların və xırda azad kəndlilərin əməyi ilə yaradılmış və quldar tərəfindən mənimsənilmişdir.
    Bazar iqtisadiyyatı şəraitində isə torpaq rentasının aşağıdakı formalarına təsadüf edilir. Mütləq torpaq rentası torpaq üzərində xüsusi mülkiyyət inhisarı ilə bağlıdır. Torpaq sahibəri ən pis torpaqları belə icarədarlara pulsuz vermirlər. Onlar bu sahələrin istifadəyə verilməsi müqabilində də müəyyən haqq tələb edirdilər.
    Müasir mərhələdə mövcud olan torpaq rentasının əsas forması diferensial rentadır. Bu renta fərq rentası da adlanır. Diferensial rentanın əmələ gəlməsi şərtləri torpaq sahələrinin münbitliyinin müxtəlif olması, onların satış bazarlarına yaxın və ya uzaqda yerləşməsi, torpaqdan müxtəlif intensivlikdə istifadə edilməsi və s. ilə əlaqədardır. Bu rentanın mənbəyi torpağı becərənlərin izafi əməyi, səbəbi isə torpaq sahələrinin təsərrüfat obyekti inhisarında olmasıdır. Torpaq üzərində təsərrüfat obyekti inhisarı o deməkdir ki, müəyyən torpaq sahələrində bu və ya digər dövrlərdə yalnız müəyyən şəxslər təsərrüfatçılıq edə bilərlər. Diferensial renta yaranma mənbəyinə və mənimsənilmə subyektinə görə birinci və ikinci diferensial renta şəklində olur. Birinci diferensial renta torpaq sahələrinin münbitliyi ilə əlaqədardır. Belə ki, daha münbit sahələrdə məhsuldarlıq daha yüksək olur. Bunun nəticəsində də bu sahələrdə təsərrüfatçılıq edənlər daha yüksək gəlir götürürlər. Birinci diferensial renta eləcə də torpaq sahələrinin satış bazarlarına, nəqliyyat qovşaqlarına və sairəyə yaxın uzaqda olmasından asılı olaraq qərarlaşır. Belə ki, yaxınlarda təsərrüfatçılıq edənlər nisbətən az nəqliyyat xərcləri çəkir, məhsulları nisbətən az xarab olur. Nəticədə də onlar uzaqlarda təsərrüfarçılıq edənlərə nisbətən çox gəlir əldə edirlər. Birinci diferensial rentanın əmələ gəlməsi icarədarların fəaliyyəti ilə əlaqədar olmadığı üçün torpaq sahiblərinə çatır. Torpaq sahibləri bu şərtlərdən xəbərdar olmadıqları üçün daha çox icarə haqqı tələb edirlər. İkinci diferensial renta isə təsərrüfatın daha intevsiv aparılması ilə əlaqədardır. Belə ki, ayrı-ayrı icarədarlar torpaq sahələrinə əlavə kapital tətbiq etməklə məhsuldarlığı artırmağa nail olurlar. Bunun üçün onlar elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edir, suvarma meliorasiya tədbirlərini həyata keçirirlər. Bütün bu tədbirlərin nəticəsində də məhsuldarlıq artır və yüksək mənfəət əldə edilir. Bu mənfəət icarədarların fəaliyyəti ilə əlaqədar olduğu üçün torpaq sahibinə deyil, icarədarlara çatır. Ona görə də icarə müddəti dövründə ikinci diferensial renta icarədarların, icarə müddəti qurtardıqdan sonra isə icarə haqqını artırmaq yolu ilə torpaq sahiblərinin əlinə keçir. Torpaq rentasının formalarından biri də hasilat rentasıdır. Məlum olduğu kimi, bu və ya digər torpaq sahələrinin təkində müəyyən mineral maddələr olur. Hasilat sənayeçiləri həmin yeraltı sərvətlərdən istifadə etmək üçün torpaq sahələrini icarəyə götürürlər. İcarəyə görürdükləri sahələr üçün torpaq sahiblərinə icarə haqqını hasilat rentası şəklində verirlər. Hasilat rentası da diferensial renta şəklində təzahür olunur.
    Torpaqdan istifadə ilə əlaqədar olaraq əmələ gələn rentanın formalarından biri də inhisar rentasıdır. Məlum olduğu kimi, bəzi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi xüsusi şəraitin olmasını tələb edir. Belə xüsusi şəraiti olan torpaqlar olduqca məhdud, məhsullara olan tələbat isə xeyli yüksəkdir. Buna görə bu məhsullar yüksək inhisar qiymətilə satılır və təsərrüfatçılıq edənlər inhisar mənəəti, üstəlik mənfəət əldə edirlər.
    Torpaq müəyyən mənada əmək məhsulu olmasa da mülkiyyət obyekti olduğu üçün bazar iqtisadiyyatı şəraitində alqı satqı obyekti rolunu oynayır. K.Marksa görə torpağın qiyməti kapitallaşmış rentadır, yəni torpağın qiyməti torpaq sahəsindən götürülən rentanın miqdarından asılı olaraq müxtəlif olur. Torpağın qiymətinə təsir edən amillərdən biri də bank faizi normasıdır. Torpağın qiyməti renta ilə düz, bank faizi norması ilə tərs mütanasibdir.
    Cəmiyyətin inkişafı ilə əlaqədar torpağın qiyməti də artır. Çünki məhsuldar qüvvələrin inkişafı bir tərəfdən rentanın yüksəlməsinə, digər tərəfdən faiz normasının aşağı düşməsinə səbəb olur.
    Kənd təsərrüfatının başqa bir xarakterik xüsusiyyəti ondan ibarətdir ki,maddi nemətlər istehsal edən müxtəlif mülkiyyətçilik formaları idarəetmə prinsipinə görə bir-birindən fərqlənir. Əgər xalq təsərrüfatının başqa sahələrində torpağın münbütliyi nəzərə alınmadan istifadə olunursa, kənd təsərrüfatında xüsusilə əkinçilikdə əsas istehsal vasitəsi olan torpağın istehsal prosesinə yaralılığı, onun münbitliyi, fiziki-kimyəvi xassələri və məhsulvermə qabliyyəti ön plana çəkilir. Ona görə də hər hektardan yüksək məhsul götürmək üçün torpağın təbii münbitliyinin artırılması üçün tədbirlər görülür.
    Kənd təsərrüfatının xarakterik xüsusiyyətləri və onun sənayedən fərqləndirici cəhətlərindən biri də istehsal dövrü ilə iş müddətinin uyğun gəlməməsidir; yəni istehsal vaxtının dövrləri arasındakı fasilələrin olmasıdır. Kənd təsərrüfatında təbii amillərin təsiri ilə əlaqədar istehsal dövrü iş müddətindən uzun olur. Çünki səpindən sonra bitkinin boy atması və inkişaf prosesi insan əməyi tələb etmir, təbii – bioloji amillərin öhdəsinə düşür. Kənd təsərrüfatının xarakterik cəhətlərindən biri də əmək ehtiyyatlarından istifadədə mövsümlüyün omasıdır. Bu da istehsal dövrü ilə iş müddəti arasında olan uyğunsuzluqdan irəli gəlir; istehsal vaxtının müəyyən dövründə əmək ehtiyyatlarına təlabat artır, əmək daha çox sərf olunur; başqa vaxtlarda isə əksinə olur. Buna görə də il boyu əmək ehtiyyatlarından səmərəli istifadə olunmasına zəmin yaratmaq üçün istehsal sahələrinin quruluşunu səmərəli formada təkmilləşdirmək, ağır zəhmət tələb edən əl əməyini tədricən aradan qaldırmaq, iş proseslərinin mexanikiləşdirilmə səviyyəsini yüksəltmək və s. lazım gəlir.
    Sənayedən fərqli olaraq kənd təsərrüfatında istehsal edilən məhsul təkrar istehsal prosesində yenidən iştirak edir. Məsələn, istehsal olunan taxıldan təkrar səpin üçün götürülən toxum, yem və s. təsərrüfda istehsal olunduqdan sonra yenidən istehsal prosesində istifadə edilir.
    Kənd təsərrüfatının inkişafı iki yolla həyata keçirilə bilər: ekstensiv və intensiv yollarla. Ekstensiv inkişaf yolu dedikdə istehsalın keyfiyyətcə yenidən qurulmas deyil, əvvəlki bazaya əsaslanaraq yalnız kənd təsərrüfatına yararlı torpaq sahələri və əkin yerinin genişləndirilməsi hesabına istehsal ediləcək məhsulun ümumi həcminin artırılması başa düşülür. İntensiv inkişaf yolunda isə elmi-texniki tərəqqinin yeni nailiyyətlərinin istehsalda tətbiq etməklə, kənd təsərrüfatına əlavə xərc qoymaqla torpaq sahəsinin hər hektarından məhsuldarlığın artırılmasına, ümumi istehsalın həcminin çoxaldılmasına nail olunur. Kənd təsərrüfatının intensivləşdirilməsinin əsas məqsədi cəmiyyətin bütün üzvlərinin yüksək keyfiyyətli və ucuz istehsal olunan məhsullara artmaqda olan tələbatının ödənilməsindən ibarətdir. Ölkəmizdə əhalinin sayı artdıqca hər nəfərə düşən kənd təsərrüfatına yararlı torpaq sahəsi və əkinə yeri artmır, əksinə olaraq getdikcə azalır. İlbəil artmaqda olan əhalinin ərzaq məhsullarına və sənayenin isə xammala olan tələbatı da artır. Məhz buna görə də kənd təsərrüfatnın inkişaf etdirilməsi əsasında məhsul istehsalı həcminin ildən-ilə artırılması tələb edilir. Becərilən torpaq sahəsindən yüksək məhsul götürülməsini təmin etməkdən ötürü ilk növbədə torpağın münbitliyi, onun məhsulvermə qabliyyətinin yüksəldilməsi, istehsalın ardıcıl olaraq təkmilləşdirilməsi ön planda durur.
    Kənd təsərrüfatında intensivləşdirilmənin başlıca istiqamətləri aşağıdakılardır: kimyalaşdırma, meliorasiya, kompleks mexanikləşdirmə, ixtisaslaşdırma, torpaqdan istifadənin yaxşılaşdırılması, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsala tətbiqi, əkinçilikdə yüksək məhsuldar toxum sortlarının yaradılması və s. Kənd təsərrüfatının intensivləşdirilməsi o zaman yüksək nəticə verir ki, təsərrüfatda istifadə olunan istehsal vasitələrinin quruluşu təkmilləşdirilmiş olsun, qabaqcıl texnologiyanın tətbiqinə geniş yer verilsin, istehsalçılarda torpağa və əmlaka sahibkarlıq hissi yaransın.
    Kənd təsərrüfatı istehsalının inkişafı onun düzgün ixtisaslaşdırılması və yerləşdirilməsindən də asılıdır. Bu torpaq fondundan, əmək ehtiyatlarından və istehsal vasitələrindən daha səmərəli istifadə olunmasına şərait yaradır. Buna ayrı-ayrı məhsul növləri istehsalının təsərrüfat, rayon və zonalarda təmərküzləşdirilməsi, bunun üçün əlverişli təbii iqtisadi şərait yaradılması, məhsul istehsalının istehlakçılara və əlveşli nəqliyyat yollarına yaxın olması nəticəsində nail olunur. 
    Kənd təsərrüfatnın yerləşdirilməsi və ixtisaslaşdırılması ölkəmizin ayrı-ayrı zonaları üzrə həyata keçirilir; bu halda dövlət ehtiyacları və təbii iqtisadi şərait nəzərə alınır, bunlara müvafiq olaraq ayrı-ayrı təsərrüfatlarda ixtisaslaşdırılmış istehsal təşkil edilir. Hazırda respublikamızda təbii və iqtisadi xüsusiyyətlərə müvafiq olaraq taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, üzümçülük, tütünçülük, çayçılıq, meyvəçilik və digər istiqamətli kənd təsərrüfatı zonaları əmələ gəlmişdir. Qarabağ-Mil, Şirvan və Muğan-Səlyan zonalarının təsərrüfatları pambıqçılıq; Şəki-Zaqatala və Naxçıvan zonalarının təsərrüfatları əsasən, Qarabağ-Mil zonasının bir sıra təsərrüfatları tütünçülük; Lənkəran-Astara zonasının təsərrüfatları tərəvəzçilik; Quba-Xaçmaz zonasının təsərrüfatları meyvəçilik və tərəvəzçilik; Lənkəran-Astara zonası təsərrüfatlarının bir qismi isə yaşıl çay yarpağı istehsalı üzrə ixtisaslaşdırılmışdır. Taxılçılıq respublikanın əsasən Qarabağ-Mil, Şirvan, Muğan-Səlyan və Şəki-Zaqatala zonalarında inkişaf etdirilir.
    Kənd təsərrüfatının inkişafında elmi-texniki tərəqqinin də müstəsna rolu vardır. Bu isə əsasən texnika və texnologiyanın təkmilləşdirilməsi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsala tətbiqi sahəsində baş verir. Elmi-texniki tərəqqi insan amilinin fəallaşdrılmasına, məhsuldar qüvvələrin, xüsusən onun fəal ünsürlərinin inkişafına, cəmiyyətdə iqtisadi və sosial tədbirlərin müvəffəqiyyətlə həyata keçirilməsinə, maddi nemətlər bolluğu yaranmasına təminat verən prosesdir. Kənd təsərrüfatında elmi-texniki tərəqqi özünəməxsus xüsusiyyətləri ilə səciyyələnir. Onun ən başlıca xüsusiyyələrindən biri torpaqla əlaqədə fəaliyyət göstərməsidir. Yüksək münbit torpaqlarda insan əməyi daha məhsuldar olur, əkin sahələrindən daha çox məhsul götürülür. Burada torpaq “təbii maşın” rolunu oynayır.
    Aqrar sahənin qarşısında kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə yanaşı, istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi problemləri də durur. Bu isə kənd təsərrüfatında istehsal resurslarınadan; torpaqdan, maddi texniki vasitələrdən daha səmərəli istifadə edilməsini, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalda tətbiq olunmasını, istehsal proseslərinin intensivləşdirilməsini və s. tələb edir. İqtisadi səmərəliliyin əsas göstəricilərindən biri əmək məhsuldarlığıdır. Əmək məhsuldarlığının yükəldilməsi hesabına orta illik hər bir işçiyə məhsul istehsalı artır, məhsul vahidinə çəkilən istehsal xərcləri azalır və istehlak fonduna ayrılan vəsaitin həcmi çoxalır. Kənd təsərrüfatında istehsal edilən məhsulun maya dəyəri də iqtisadi səmərəliliyi əks etdirən göstəricilərdəndir. Məhsul vahidinin maya dəyəri aşağı salındıqda təsərrüfatların xalis gəliri artır, istehsalın rentabellik səviyyəsi yüksəlir. Son illərdə kənd təsərrüfatı texnikasının və digər istehsal vəsaitləri qiymətinin artması, məhsuldarlığın aşağı düşməsi, məhsul vahidinə görə çəkilən xərclərin məbləğinin çoxalmasına səbəb olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalının maya dəyəri yüksək başa gəldiyindən təsərrüfatçılıq formalarında iqisadi gerilik güclənmiş, onların öz vəsaitləri hesabına istehsal prosesini davam etdirmək imkanları məhdudlaşmışdır.

    Hazırladı: 
    “Aqro Tərəqqi” İctimai Birliyi
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 05.05.13 | Baxılıb: 640

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30