Hər hansı istifadəçi kiber hücuma məruz qalarsa, öz provayderinə müraciət etməlidir. “KƏLAMİNFO” xəbər verir ki, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Avropa Komissiyasının vitse-prezidenti Neli Kros (Neelie Kroes) və onun siyasi məsələlər üzrə köməkçisinin noutbuklarının Bakıda kiber hücuma məruz qalması haqda iddialara münasibət bildirərkən deyib. “Hazırda ölkəmizdə 40-a yaxın provayder fəaliyyət göstərir” - deyən nazir bildirib ki, həmin provayderlər kiber-hücumları izləyir və nazirliyin Məlumat-Hesablama Mərkəzinə məlumat verir:
“Mərkəz də həmin hücum faktını qeydə alır. Bizim provayderlərə və Məlumat-Hesablama Mərkəzinə heç bir müraciət daxil olmayıb. Biz o xanıma müraciət etmişik ki, hücumun vaxtını, kompüterin identifikasiya nömrəsini və kiber-hücum vaxtı internetdə olublarsa İP ünvanını bizə bildirsin. Biz qısa müddətdə araşdırma aparıb məsələyə aydınlıq gətirə bilərik. Lakin təəssüf ki, bizə hər hansı cavab verilməyib”.
Qeyd edək ki, Bakıda keçirilən 7-ci beynəlxalq İnternet İdarəçilik Forumunda iştirak edən Avropa Komissiyasının vitse-prezidenti N.Kros və onun siyasi məsələlər üzrə köməkçisi Rayan Hit noutbuklarının kiber-hücuma məruz qaldığını iddia ediblər.
|