Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Fransaya səfər edib. TQDK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, M.Abbaszadə bu gündən fevralın 20-dək Fransada keçiriləcək İAEA-nın (Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya) İcraiyyə Komitəsinin iclasında iştirak edəcək.
İclasda İAEA-nın fəaliyyəti ilə bağlı gündəlik məsələlər, İcraiyyə Komitəsi üzvlərinin hesabatı, cari ilin sentyabr ayında Assosiasiyanın Tailandda keçiriləcək 36-cı beynəlxalq konfransına hazırlıq prosesi müzakirə ediləcək.
Tədbirdə həmçinin, ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, TQDK-nın sədri Məleykə Abbaszadə 2007-ci ildən İAEA-nın İcraiyyə Komitəsinin həqiqi üzvüdür.
|