Azərbaycan Milli Elmlər Akademiyasının boş qalan müxbir və həqiqi üzv yerlərinə seçkilərlə bağlı işlər hələlik dayandırılıb. Bu barədə açıqlamanı jurnalistlərə AMEA prezidenti Mahmud Kərimov deyib.
Onun sözlərinə görə, seçkilər qeyri-müəyyən müddətədək təxirə salınıb və nə zaman keçiriləcəyi hələ bəlli deyil: “Akademiyaya seçkilər müvafiq qurumlarla razılaşdırılmalıdır, çünki seçki çox mühüm hadisədir və onu kortəbii keçirmək olmaz. Qərar verilərsə, bir günün içində seçkilərə hazırlıq prosedurlarına başlaya bilərik”.
M.Kərimov AMEA Rəyasət Heyətinin (RH) hazırda qeyri-legitim fəaliyyət göstərdiyini qeyd edib.
Qeyd edək ki, M.Kərimov bir qədər əvvəl verdiyi açıqlamada AMEA-nın həqiqi və müxbir üzvü yerinə seçkilərin bu ilin sonuna qədər təxirə salındığını söyləyib. Buna səbəb Rəyasət Heyəti üzvlərinin səlahiyyət müddətlərinin bitməsidir. Rəyasət Heyəti üzvləri, o cümlədən prezident və vitse-prezidentlər 5 ildən bir seçilir. AMEA üzvlüyünə seçkilər sonuncu dəfə 2007-ci ilin iyul ayında keçirilib.
|