Ermənistanın son diversiya əməliyyatı uzun illər ərzində bu ölkənin tutduğu qeyri-konstruktiv mövqenin bariz nümunəsidir. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib. “Ermənistan bu gün status-kvonu saxlamağa çalışır, bölgədə sülhə, sabitliyə və əmin-amanlığa xidmət edən addımlar atmaq əvəzinə, bölgədə daha çox hərbi ritorikanın güclənməsinə, qeyri-sabitliyə, müxtəlif təxribatlara cəhd edir”-deyə E.Aslanov vurğulayıb. Onun sözlərinə görə, uzun illərdir Ermənistan irassional mövqe tutaraq danışıqlar prosesini uzadır, qeyri-adekvat mövqe tutur. "Bu, onu göstərir ki, Ermənistan sülhün bərqərar olmasında maraqlı tərəf deyil" -deyə PA rəsmisi əlavə edib. E.Aslanov deyib ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycan səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli əsas müzakirə mövzularından biri olacaq.
|