Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 6-da respublikanın 29 şəhərində sınaq imtahanı keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Göygöl, Qazax, Şamaxı, Mingəçevir, Şəki, Qax, Oğuz, Bərdə, Ağcabədi, Göyçay, Ucar, Şirvan, Lənkəran, Astara, Yardımlı, Cəlilabad, Quba, Xaçmaz, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 47 binada təşkil olunub. İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb. Bütün binalarda abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılıb. Nəticələrin həftə ərzində Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur.
|