Xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ tərəfi ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsi üçün Dövlət Departamentinin dəvəti ilə dekabrın 20-22-də Vaşinqtonda işçi səfərdə olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ABŞ-dakı səfirliyimizdən veriblər.
Səfər müddətində A.Əzimov ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyində görüşlər keçirib, Atlantik Şurada (Atlantic Council) çıxış edib.
Dövlət Departamentində keçirilmiş görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Müdafiə Nazirliyində A.Əzimov Azərbaycan ilə ABŞ arasında hərbi və təhlükəsizlik sahəsində mövcud olan əməkdaşlıq barədə fikir mübadiləsi aparıb.
Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Vaşinqtonun tanınmış beyin mərkəzlərindən olan Atlantik Şurada Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş, “ABŞ-Azərbaycan münasibətləri və Cənubi Qafqaza baxış” mövzusundakı çıxışında A.Əzimov, əsasən, son 20 ildə Azərbaycanın keçdiyi uğurlu inkişaf yolundan, Azərbaycan-ABŞ münasibətlərindən, Cənubi Qafqazda regional təhlükəsizlik məsələlərindən və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesindən bəhs edib. Nazir müavini Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsinin regional təhlükəsizlik və sabitlik üçün zəruriliyini vurğulayıb.
|