Xalq artisti Alim Qasımov və onun qızı Əməkdar artist Fərqanə Qasımova növbəti qastrol səfərinə hazırlaşır. Fərqanə Qasımovanın “KƏLAMİNFO”ya verdiyi açıqlamasında gələn ay bir neçə konsert proqramı ilə çıxış edəcəklərini bildirdi: “Hər ay xaricə səfərlərimiz olduğu üçün onları yadımda saxlaya bilmirəm. Amma dekabr ayında Türkiyədə, fevralda isə ABŞ-da 4 konsertimiz təşkil ediləcək. Türkiyənin İstanbul şəhərində məhz bizim xüsusi konsert proqramımızdır”.
Əməkdar artistin sözlərinə görə, Amerikada keçiriləcək konsert proqramı fərqli təşkil edilib. Onlar səhnəni Azərbaycan mahnılarını ifa edən amerikalı musiqiçilərlə bölüşəcək: “Amerikada həm “Kronus” kvarteti ilə, həm də öz konsertlərimiz planlaşdırılıb. “Kronus” Amerikanın məşhur kvartetidir, San-Fransiskodan olan musiqiçilərdir. Onlar əsasən klassik əsərlər ifa edirlər. Bizimlə bərabər öz mahnılarımızı onlarla sintez etmişik. Artıq dəfələrlə konsertlərimiz keçirilib. Onlarla bərabər təxminən 6-7 mahnı ifa etmişik. Bunlar “Getmə-getmə”, “Qaşların kamandır”, “Peyman etdik”, “Mehriban olaq”, “Leyla” və “Köhlən atım” mahnılarıdır”.
|