“Nikola Sarkozi çalışır ki, Fransanın Cənubi Qafqaza marağını nümayiş etdirsin və bu ölkələrlə mühüm strateji-iqtisadi, siyasi planlarının mövcudluğunu göstərsin. Fransa Cənubi Qafqazda gedən proseslərə aktiv təsir göstərmək niyyətindədir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc bildirib.
O qeyd edib ki, Fransa Avropa İttifaqında xüsusi çəkiyə malik olan dövlət kimi həmişə özünəməxsus mövqe tutub və proseslərin fərqli aspektə getməsində rol oynayıb. “Avropa arealında ABŞ-dan və digər nəhəng ölkələrdən fərqli siyasəti gündəliyə çıxarmaq və onu həll etməyi bacarmaq Fransanın imkanları çərçivəsindədir və bu baxımdan bizim regiona nüfuz etmək niyyəti var” - deyə deputat vurğulayıb. Z.Oruc deyir ki, son iki ildə Qarabağla bağlı Rusiyanın aktiv rəhbərliyi altında həmsədrlərin iştirakı ilə keçirilən görüşlərin heç bir nəticə verməməsi fonunda N.Sarkozi bölgədə nüfuz qazanmaq istəyir.
|