Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Zaur Şiriyev sentyabr-dekabr aylarında Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzi tərəfindən Ali Təhlükəsizlik Proqramında iştirakla bağlı dəvət alıb.
SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Z.Şiriyev Corc Marşal Mərkəzində təhlükəsizlik mövzusunda tədqiqatlar aparacaq.
Proqram çərçivəsində regional və beynəlxalq təhlükəsizlik sahəsində Avropa və Amerikanın aparıcı elm adamlarının məruzələri, ABŞ-a təcrübə səfəri nəzərdə tutulub. Proqramın sonunda iştirakçıların təhlükəsizlik mövzusunda təqdimatlarının keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzi ABŞ-ın və Almaniya Müdafiə Nazirliklərinin təhlükəsizlik və müdafiə tədqiqatları sahəsində unikal institutdur. 1993-ci ildən etibarən Mərkəz sülh, təhlükəsizlik sahəsində Şimali Amerika, Avropa və Avrasiya arasında əməkdaşlığın təşviqi və xüsusilə müdafiə sahəsində, demokratik institutlarla bağlı tədqiqatları və sabit təhlükəsizlik mühitinin gücləndirilməsi missiyasını yerinə yetirir.
|