Cari ilin sentyabr ayının 15-də A.P.Çexov adına Yalta Teatrında keçiriləcək IV Beynəlxalq Teatr Festivalında ölkəmizi Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyorları təmsil edəcək. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, teatr kollektivi festival iştirakçılarına yazıçı-dramaturq Hüseynbala Mirələmovun Qarabağ həqiqətlərindən bəhs edən “Xəcalət” pyesi əsasında səhnələşdirdikləri eyniadlı tamaşanı təqdim edəcəklər. Bəhram Osmanovun quruluş verdiyi və baş rollarda Xalq artistləri Ramiz Novruzov, Nurəddin Mehdixanlı, Əməkdar artist Mətanət Atakişiyeva və başqalarının oynayacağı “Xəcalət” tamaşası festivaldan öncə, sentyabrın 13-də Simferopol şəhərində Azərbaycan diasporunun nümayəndələri qarşısında nümayiş olunacaq.
Xatırladaq ki, “Teatr. Çexov. Yalta-2011” devizi altında keçiriləcək IV Beynəlxalq Teatr Festivalında Böyük Britaniya, İsrail, İspaniya, Rusiya daxil olmaqla dünyanın 11 məşhur teatr kollektivi maraqlı tamaşalar göstərəcəklər.
|