Türkiyə prezidenti Abdulla Gül Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının oktyabrın sonunda Almatıda keçirilən sammitində iştirak edəcək. «KƏLAMİNFO» «Novosti-Kazaxıstan»a istinadən xəbər verir ki, bu sözləri Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə Astanada keçirdiyi brifinqdə bildirib. O deyib ki, sammit oktyabrın 21-22-də keçiriləcək. Onun sözlərinə görə, sammitin məqsədi şuranın qaydalarının müəyyən edilməsi və əsas sənədlərin qəbuludur. «Hesab edirik ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işıqlı gələcəyi var».
Qeyd edək ki, Şura dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvanda təsis edilib.
Kazıxanov, həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana planlaşdırılan səfəri barədə də məlumat verib. O bildirib ki, Ərdoğanın səfəri ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə yeni perspektivlər verəcək. XİN rəhbəri səfərin dəqiq tarixini deməyib və yalnız onu əlavə edib ki, Astana Ərdoğanı ilin sonuna kimi gözləyir.
|