“Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü kifayət qədər gərgin və məhsuldar olub”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, 3 saata yaxın davam edən görüşdə Dağlıq Qarabağ münaqişəsinin müxtəlif razılaşdırılmamış məsələləri müzakirə olunub.
“Bəzi məsələlər müzakirə olunaraq razılığa gəlinsə də, lakin elə məsələlər var ki açıq qaldı” - deyə xarici işlər naziri bildirib. Elmar Məmmədyarov hər 3 nazirin açıq qalmış məsələləri prezidentə məruzə edəcəklərini bildirib: “Əgər mümkün razılaşdırmalar olarsa, Kazan görüşünə qədər yenidən açıq qalmış məsələləri müzakirə edəcəyik. İstənilən halda açıq qalan məsələlərlə bağlı son nəticə Kazan görüşündə bəlli olacaq”.
Qeyd edək ki, iyunun 25-də Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü olacaq.
|