BDU-nun rektoru, akademik Abel Məhərrəmovun əmrilə universitetin professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə universitetdaxili “50+50” qrant proqramının 1 oktyabr 2011-30 iyun 2012-ci il tarixlərini əhatə edən yeni mərhələsi elan edilib. BDU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün təqdimat sənədlərinin formalarını BDU-nun elektron saytından (www.bsu.edu.az) əldə etmək olar. Təqdimat sənədləri 1 aprel 2011-ci ildən 15 may 2011-ci il tarixinədək fakültə və institutların müvafiq müsabiqə komissiyalarına təqdim edilməlidir.
Fakültə və institutların müsabiqə komissiyalarının qərarları və seçilən qrant layihələri 30 may 2011-ci il tarixinədək universitet komissiyasına təqdim edilməlidir.
Qeyd edək ki, 2010-2011-ci illərdə universitetdaxili “50+50” qrant proqramının qalibləri yeni müsabiqədə iştirak edə bilməzlər. Universitetdaxili “50+50” qrant proqramı çərçivəsində alınan nəticələrdə (məqalə, monoqrafiya, kitab, tezis və s.) bu qrant proqramına istinad edilməlidir.
|